Ana Sayfa > Partiya > “Onlar bu yalanları tirajlamaqdadırlar...”

“Onlar bu yalanları tirajlamaqdadırlar...”


22-04-2015, 10:17. Yazar: admin
“Onlar bu yalanları tirajlamaqdadırlar...”
Milli Strateji Düşüncə Mərkəzi “Soyqırım yalanı və Qarabağ məsələsi” mövzusunda dəyirmi masa keçirəcək. Tədbir 24 apreldə Müsavat Partiyasının ofisində keçiriləcək və saat 14-də başlayacaq. Ekspertlərin və ictimai-siyasi xadimlərin iştirakı ilə keçəcək tədbirə media və maraqlananlar dəvətlidir.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin “Yeni Müsavat”a verdiyi açıqlamada deyilir ki, sözdə “erməni soyqırımı” mövzusunda yalanlar gündən-günə çoxalır, təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar da bu yalanlara qoşulurlar. Bu baxımdan Milli Strateji Düşüncə Mərkəzi hesab edib ki, sözdə “soyqırımı” və Qarabağ məsələsi mövzusunda tədbir keçirilməsi düzgün olar: “Mütəxəssislərlə məsləhətləşmişik, bu tədbirdə bir sıra alimlərin, mütəxəssislərin iştirakı nəzərdə tutulur. İctimai-siyasi xadimlər də təbii ki, iştirak edəcəklər. Biz istəyirik ki, bu mövzuları şüarçılıq olmadan elmi dəyərləndirmə əsasında müzakirə edək. Yəni müəyyən bir səviyyəli müzakirələr getsin. Sadəcə şüar, sadəcə ”onlar yalan dedi, biz doğru dedik, onlar pisdir, biz yaxşıyıq" şəklində yox, ciddi elmi bir müzakirə təşkil etmək istəyirik. Bir sıra mütəxəssislər artıq iştirak edəcəklərini bildiriblər. Biz hələ hazırlığı davam elətdiririk. Yəqin ki, beşinci günə qədər bu hazırlıq davam edəcək və maraqlı bir tədbir alınacaq".

“Siz şüarçılıq məsələsinə toxundunuz. ”Erməni soyqırımı" ilə bağlı iddiaların əsassız olduğunu sübut etmək üçün ən uğurlu variant Osmanlı arxivindəki lazımi sənədləri internet vasitəsilə tarixçilərin, dünyanın, ermənilərin diqqətinə çatdırmaq deyilmi" sualına İsa Qəmbər belə cavab verdi: “Türkiyə tərəfi son on illiklərdə kifayət qədər çoxlu sənədləri üzə çıxarıb, bu barədə cild-cild kitablar da dərc olunub. İnternet vasitəsilə də yayınlanıb. Yeri gəlmişkən, Azərbaycan alimlərinin də bu sahədə fəaliyyətini qeyd eləmək lazımdır.

Çox dəyərli araşdırmalar həyata keçiriblər, çox önəmli arxiv materiallarını üzə çıxarıblar və təqdim ediblər. Bu baxımdan təbii ki, daha əhatəli internet proyektləri də həyata keçirmək olar. Amma məsələ orasındadır ki, erməni tərəfi elmi-tarixi araşdırmalara maraq göstərmir. Türkiyənin tarixçiləri arxivdə araşdırma aparmağa dəvət etməsinin mahiyyəti orasındadır ki, erməni tərəfi ilə Türkiyə tərəfinin alimləri birlikdə dəyərləndirsinlər.

Birgə bir komissiya qurulsa və bu komissiya Türkiyənin də arxivlərində, Ermənistanın da arxivlərində araşdırmalar aparıb bütün önəmli sənədləri üzə çıxarıb birlikdə müzakirə edə, internetə də birlikdə yerləşdirə bilərlər. Ermənilərin də çəkindiyi məhz budur. Çünki onlar iddia edirlər ki, soyqırım məsələsi bitmiş bir həqiqətdir və burada heç bir tarixi araşdırmaya ehtiyac yoxdur. Guya bu həqiqətdir onların nəzərində. Amma başa düşürlər ki, arxivlər üzə çıxanda bu yalanlar ifşa olunacaq və ermənilər də bu komissiyanın tərkibində iştirak edəcəklərsə, onların iştirakı ilə bu yalanlar üzə çıxarılacaq, soyqırım iddialarının əsassız olduğu sübut olunacaq. Məhz buna görə ermənilər maraq göstərmirlər”.

İsa Qəmbər daha bir önəmli məqama da münasibət bildirdi: “Bir çoxlarına elə gəlir ki, dünyada bir çox dövlətlər, bir çox qurumlar ”soyqırım" haqqında gerçəkləri bilmirlər, ona görə bu barədə yanlış mövqelər ortaya qoyurlar. Bu, belə deyil. Az-çox bu məsələ ilə maraqlanan hər kəs həqiqətin nədən ibarət olduğunu bilir. Bu “soyqırım” yalanları sadəcə olaraq bir yanlışlıq deyil, “soyqırım” yalanları bir tərəfdən ermənilərin, bir tərəfdən onlara dəstək verənlərin maraqlarının ifadəsidir. Onların konkret hədəfləri var bu yalanları tirajlamaqda, yaymaqda. Ona görə də Türkiyə tərəfi, biz nə qədər həqiqətləri ortaya çıxarsaq belə, erməni tərəfi öz hədəflərindən, maraqlarından çəkilməyəcəklər.

Mən bununla qətiyyən araşdırmaların, arxivlərin sənədlərinin yayılmasının əleyhinə deyiləm. Əksinə, sübutlar ortaya qoyulmalıdır. Amma birmənalı şəkildə bilməliyik ki, sözdə “soyqırım” məsələsi siyasi bir məsələdir, müxtəlif qüvvələrin maraqları, hədəfləri ilə bağlı bir məsələdir. Ona görə həqiqəti deməklə yanaşı, Türkiyə dövləti də, Azərbaycan da öz mövqelərini müəyyənləşdirməlidir. Biz strategiyamızı, hədəflərimizi müəyyənləşdirməliyik ki, bizə qarşı başlanan bu dalğanın qarşısında nə cür dayanıla bilər. Ona görə də bu məsələlər ətrafı müzakirə edilməlidir".

Geri dön