Ana Sayfa > Partiya > “Hər kəs bizimlə o zaman hesablaşacaq ki...”

“Hər kəs bizimlə o zaman hesablaşacaq ki...”


17-04-2015, 10:29. Yazar: admin
“Hər kəs bizimlə o zaman hesablaşacaq ki...”
Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı müşahidə edilən bir neçə əsaslı problem mövcuddur ki, bunlardan da biri həmin ərazilərdə bəzi xarici ölkələrə məxsus şirkətlərin fəaliyyətidir. Azərbaycan və beynəlxalq qanunvericiliyin tələblərinə zidd olaraq işğaldakı ərazilərdə fəaliyyət göstərən bu şirkətlər ölkəmizin ərazi bütövlüyü heçə sayaraq işğalçı rejimə milyonlar qazandırır ki, bu da ayrı-ayrı millət vəkilləri, ictimai-siyasi xadimlər tərəfindən etirazla qarşılanmaqdadır. Bugünlərdə iqtisadi inkişaf naziri Şahin Mustafayevin bəzi İtaliya şirkətlərinin Qarabağdakı fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər də məlum problemin kifayət qədər ciddi olduğunu göstərir.
Maraqlıdır, rəsmi Bakı işğaldakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərə qarşı lazımınca mübarizə aparırmı? Ümumiyyətlə, mövcud şərtlər çərçivəsində həmin şirkətlərə qarşı effektiv mübarizə aparmaq mümkündürmü?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Elman Məmmədov məlum problemlə bağlı rəsmi Bakının, eləcə də ölkə başçısının mövqeyinin kifayət qədər aydın və prinsipial şəkildə ortaya qoyulduğuna diqqət çəkdi:
“Azərbaycan XİN-i, Azərbaycan rəhbərliyi, yalnız indi deyil, hər zaman, mütəmadi olaraq Dağlıq Qarabağa və Azərbaycanın işğal altında olan digər 7 rayonuna ölkəmizin icazəsi olmadan gedənlərlə bağlı rəsmi Bakı öz mövqeyini aydın və kəskin şəkildə qoyur, bu cür səfər və fəaliyyətləri pisləyir. Həmin şəxsləri Azərbaycan üçün arzuedilməz şəxs elan edir, onların dövlət və hökumətlərinə notalar verir, bəyanatlar göndərir”.
Millət vəkilinin bildirdiyinə görə, bu cür arzuedilməz hallara bundan öncə də təsadüf edilib: “
Azərbaycanın işğal edilmiş ərazilərində əcnəbi firma və şirkətlərin iş görməsi, hansısa qanunsuz fəaliyyətlə məşğul olması hallarına bundan öncə də rast gəlinib. Yalnız italyanlar deyil, digər xarici ölkələrin müxtəlif qurumları da Azərbaycan qanunlarının, beynəlxalq qanunların ziddinə olaraq, ölkəmizin iradəsinin əksinə olaraq, ölkəmizin ərazi bütövlüyünə hötmətsizlik sərgiləyərək işğaldakı torpaqlarımızda müxtəlif fəaliyyətlə məşğul olurlar. Azərbaycan tərəfi də öz növbəsində istər XİN, istər parlament, istərsə də prezident səviyyəsində olsun, bütün bunlara öz etirazını bildirib. Azərbaycan beynəlxalq təşkilatlara – BMT, ATƏT, ATƏT-in Minsk qrupu, eləcə də həmin ölkələrin hökumətinə öz etiraz notasını hər zaman göndərib. Indiki məqamda Azərbaycan bu məsələ ilə bağlı hələ ki, sadaladığım addımlar xaricində heç nə edə bilmir. Çünki həmin torpaqlar işğal altındadır və Azərbaycan o torpaqlara nəzarət edə bilmir. Buna görə də biz indiki məqamda öz etirazımızı nota və bəyanatlarla ortaya qoya bilirik. Beynəlxalq təşkilat və konkret dövlətlərə etirazımızı bildirməklə problemin həllinə nail olmağa çalışırıq. Bizim başqa imkanımız o zaman olacaq ki, ərazilərimizi işğaldan azad edəcəyik. Öz ərazi bütövlüyümüzü təmin edəcəyik. Bəli, o zaman bizimlə hər kəs hesablaşmalı olacaq. Hələ ki, özbaşınalıq və cinayət xarakterli hərəkətlər işğalçı dövlət və Azərbaycan qanunlarına hörmətsizlik göstərən bəzi xarici şirkətlər tərəfindən davam etdirilir”.

Geri dön