Ana Sayfa > Partiya > Hakimiyyətin 11 aprel qərarı-müzakirələr başladı
Hakimiyyətin 11 aprel qərarı-müzakirələr başladı6-02-2018, 07:06. Yazar: admin |
Sərəncam elan olunandan dərhal sonra MSK-nın toplantısı keçirilib. Beləliklə, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək. Prezidentliyə namizəd olmaq istəyən şəxslər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək seçki sənədlərini MSK-ya təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq. Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar irəli sürə bilərlər. Elə həmin gün Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında prezident seçkilərində İlham Əliyevin namizədliyi irəli sürülüb. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxışında deyib ki, bu il martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. O, bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini vurğulayıb. Növbədənkənar seçkiyə deputatlar, partiya sədrləri, prezidentliyə iddiaçılar münasibət bildiriblər. Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, prezident tərəfindən növbədənkənar seçkinin təyin edilməsi qərarı yüksək qiymətləndirilməlidir: “Bu, tamamilə konstitusiyanın norma və prinsiplərinə uyğundur. Eləcə də bu məsələ ətrafında, bundan sonrakı dönəmdə polemika aparacaq bütün qüvvələrin uzun illərdən bəri seçkilər, siyasi hakimiyyət hadisəsi, dövlət institutlarının formalaşması və sair məsələlərində qanun müstəvisində irəliyə sürdükləri mövqelərə də tamamilə cavab verir. Burada hansısa bir fors-major situasiyasından, ölkədə fövqəladə hadisədən və ya müharibə şəraitindən danışılması düzgün olmazdı. İlk növbədə biz onu qiymətləndirilməliyik ki, 2016-cı ildə keçirilmiş referendumda Azərbaycan xalqının iradəsi ilə prezidentlik müddəti 7 ilə qaldırılıb. Bundan sonra biz gələcəyə baxaraq hakimiyyət institutlarının formalaşmasındakı zaman ardıcıllığını nəzərə alaraq, həmçinin dövlətin ali məqamını və digər hakimiyyət qolları arasındakı vəziyyəti nəzərə alaraq söyləmişdik ki, 2025-ci ildə prezident və parlament seçkiləri yaxın bir zamana düşür. Seçki maraqların toqquşduğu, kifayət qədər çarpaz mənafelərin meydana çıxdığı şəraitdir. Ona görə də prezident seçkisinin müəyyən qədər ertələnməsi bütün qüvvələrə normal şəraiti təmin edər. Yəni burada heç bir qəfil yaxalanmadan və kimlərisə arzuolunmaz bir şəraitə məruz qoymaqdan söhbət gedə bilməz. Hesab edirəm ki, məsələ ətrafında daxili və beynəlxalq məkanda irəliyə sürüləcək fikirlər dövlətin güclənməsi ideyasına əsaslanmalıdır, buradan başqa mənfi nəticələr çıxarılmamalıdır”. Deputat Tahir Kərimli isə bildirdi ki, bu qərarı vermək prezidentin müstəsna səlahiyyətidir: “Konstitusiyanın 104-cü maddəsinə əsasən, prezidentin səlahiyyətləri müəyyən işlə bağlı vaxtından əvvəl başa çatırsa, həmin hallarda seçki təyin olunur. Hazırda məsələni yalnız Konstitusiya qanunları ilə izah etmək mümkündür”. Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, prezidentin qərarının arxasında 3 amil dayanır. Birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır: “Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi. İkinci amil xarici təhlükə ilə bağlıdır. Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq". E.Şahinoğlu hesab edir ki, üçüncü amil Azərbaycanda may ayında Cümhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. Üstəgəl mayın 28-də böyük amnistiya nəzərdə tutulub: “Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirən bir çox şəxsə şamil edilə bilər. Məsələn, prezident seçkisinin aprel ayında təyin edilməsi Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun may ayında azad olunması ehtimalını artırır. Əks halda İlqar Məmmədov mayda əfvdən sonra oktyabr ayında prezident seçkisində iştiraka hazırlaşacaqdı. Belə də isə o prezident seçkisində iştirak etməyəcək. Rusiyanın öz oyunları olduğu kimi Qərbdəki mərkəzlərin də seçkiyə hazırlaşan İlqar Məmmədova dəstəyi arta bilərdi. Prezident növbədənkənar seçki təyin etməklə Qərbdəki mərkəzlərin də seçkiyə müdaxiləsi imkanlarını minimum endirdi”. Deputat Fazil Mustafa isə qeyd edib ki, prezidentin son referendumda edilən dəyişikliyə görə növbədənkənar seçki təyin etmək səlahiyyəti var: “Yəqin ki, seçkinin növbədənkənar təyin edilməsinin izahı olacaq. Bildiyiniz kimi, artıq prezidentlik müddəti 7 ildir. Bundan öncə də belə təkliflər var idi ki, 2025-ci ildə keçiriləcək parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşməsin deyə vaxtının dəyişilməsi nəzərdə tutulurdu. Ola bilsin ki, gələcəkdə bu məqsədə görə belə bir vaxt təyin olunub”. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə bildirib ki, növbədənkənar prezident seçkisinin elan edilməsi ölkə konstitusiyasına tam uyğun bir məsələdir: “Seçkinin yazda, yaxud payızda keçirilməsi arasında böyük, kəskin fərq yoxdur. Digər tərəfdən yaddan çıxarmayaq ki, 2018-ci il Azərbaycan üçün şanlı yubiley ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Bu, təkcə respublikamızın yaranmasının bir əsrlik tarixi deyil, eyni zamanda parlamentimizin yaranmasının, ordumuzun, dövlət bayrağımızın qəbul edilməsinin yüz illiyidir. Azərbaycan cəmiyyəti bütün il bu tədbirlərin yüksək səviyyədə keçirilməsi, Azərbaycan dövlətçiliyinin tarixə, müasir dövrə bağlılığını göstərəcək tədbirlərlə məşğul olacaq. Bu baxımdan seçkinin öncədən keçirilməsi cəmiyyətin diqqətinin bu tip tədbirlərə yönəlməsinə şərait yaradacaq. Əks halda cəmiyyət həm prezident seçkisinə hazırlığa, eyni zamanda yüz illiklə bağlı tədbirlərin keçirilməsinə diqqət ayırmalı idi”. Növbədənkənar seçki təyin edilən gün müxalifətdən prezidentliyə daha bir namizəd irəli sürüldü. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin növbədənkənar iclası keçirilib. İclasda ALDP sədri Fuad Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb. Bununla bağlı müvafiq sənədlərin toplanması və MSK təqdim olunması qərara alınıb. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək. Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Geri dön |