Ana Sayfa > Partiya > REAL yenidən təşkilatlanır?

REAL yenidən təşkilatlanır?


30-03-2016, 10:10. Yazar: admin
REAL yenidən təşkilatlanır?
Martın 25-də Respublikaçı Alternativ (REAL) Partiyasının Təşkilat Komitəsinin iclası keçirilib. İclasda iş planı və Təşkilat Komitəsinin sədri, hazırda həbsdə olan İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiqlənib. İlqar Məmmədov ictimai-siyasi məsələlər üzrə katib Azər Qasımlını, təşkilati məsələlər üzrə katib Natiq Cəfərlini, konseptual məsələlər üzrə katib Erkin Qədirlini, hüquqi məsələlər üzrə katib Xalid Bağırovu təyin edib.

REAL-çı Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, REAL sədrinin təyinatları ilkdir: “REAL-da ilk təyinatlardır, yəni ənənəvi addım deyil.
Əslində bu, partiyanın qurultayının təşkil olunması ilə əlaqədardır. Yəni bu təyinatlar fəaliyyətini qurultaya qədər davam etdirəcək. Qurultaydan sonra format olaraq yenilənəcək, yeni formata keçiləcək".

Onun sözlərinə görə, qurultayla bağlı işlərin sürətlənməsini, sürətlə getməsini nəzərə alaraq bir neçə nəfər müxtəlif vəzifələrə təyin ediliblər: “Həmin görəvlərə təyinat olub ki, iş daha asan olsun. Məqsəd qurultayımızla bağlı təşkilati məsələlərin tezliklə həll olunmasıdır. Bu, ümumi REAL-ın idarə olunması ilə bağlı deyil, qurultayla bağlıdır. Təyin edilən şəxslər qurultayın keçirilməsi ilə məşğul olacaq”.

N.Cəfərli qeyd edib ki, qurultayın vaxtı görülən işlərin sürətindən asılı olacaq: “Fikrimiz bu il qurultay keçirməkdir. İlqar bəy həbsdən çıxmasa da, qurultayı keçirməyi düşünürük. Biz arzulayırıq ki, o, tezliklə azadlığa çıxsın. Düşünürük ki, tezliklə aramızda olacaq və fəaliyyətini davam etdirəcək. Yəni bu daha da işlərin sürətlənməsinə səbəb olacaq. Amma təbii ki, ikinci variant, yəni İlqar bəyin bir müddət həbsdə qalması ehtimalı yüksəkdir. Buna baxmayaraq, işlər getməlidir, plan üzrə getməlidir. İlqar bəyə mütəmadi olaraq vəkillər vasitəsilə işin gedişatı ilə bağlı məlumat verilir. İlqar bəy çıxmasa da, bu il qurultayımızı keçirməyi düşünürük. Belə olarsa, o, bəlkə də dünya tarixində həbsdə olarkən sədr seçilən ilk partiya rəhbəri olacaq. Hazırda REAL-da onun sədr kimi alternativi yoxdur”.

Geri dön