Ana Sayfa > Partiya > “Atam pulu kişi kimi qazanıb” - Rail Rzayevin qızından müsahibə

“Atam pulu kişi kimi qazanıb” - Rail Rzayevin qızından müsahibə


8-02-2016, 11:31. Yazar: admin
“Atam pulu kişi kimi qazanıb” - Rail Rzayevin qızından müsahibə
Vertikal.az Müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qızı Rahilə Rzayevanın “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:


- Sizcə, Rail Rzayev niyə qətlə yetirildi?

- Rail Rzayevin qətlinin əsas səbəbi prezidentimizə, xalqımıza, vətənimizə sadiq olması idi. O vaxt türklər Azərbaycana gələndə elə bilirdilər ki, hər şeyi buradakı mütəxəssislərdən yaxşı bilirlər. Amma gəlib Rail Rzayevin gördüyü işləri görəndə ağızları açıq qalmışdı.

Kobud olsa da deyəcəyəm: Rail Rzayev “şestorka”lıq edib rütbə qazananlardan olmayıb. Camaatın yanında etiketi saxlasa da, rütbədə böyük olsa da, həmin şəxsə sözünü üzünə deyərdi. O, belə adam idi. Sovet dövründə onu mərkəzi komitəyə çağırıb nüvə başlıqlı raketlərin olduğu xüsusi hərbi hissəyə komandir təyin etmək istəyirdilər. Çünki o, müsabiqədən keçən yeganə hərbçi olmuşdu. Sovetlər birliyi dağıldı, bu təyinat baş tutmadı. O qədər namizədin arasından azərbaycanlını sırf bilik və bacarığına görə seçmişdilər.

O, Rusiyadan 3 il əvvəl Hərbi Hava Qüvvələri ilə Hərbi Hava Donanmasını birləşdirib bir struktur etmişdi. Rail Rzayev Hərbi Hava Qüvvələrini və Hərbi Hava Donanmasını sıfırdan quran şəxs idi. Bu gün evimizdə sakit yatdığımıza görə mərhum prezidentimiz Heydər Əliyevə borcluyuq, ikincisi də Rail Rzayevə. Onun kabinetində olsaydız görərdiz ki, o əsgər “koyka”sında yatan general-leytenant idi. Bu gün bütün nazirlərimiz, rəhbər vəzifədəkilər Rail Rzayev kimi olsaydı... Çovdarovlar, eldar mahmudovlar olmazdı... Atam sırf əsgər idi. O, siyasətə, kiminsə işlərinə qarışmırdı. Başını aşağı salıb əsgərlik edirdi. Dəfələrlə raportla müraciət edirdi ki, səhhəti ilə əlaqədar onu tutduğu vəzifədən azad etsinlər. Amma Heydər Əliyev onu buraxmırdı. Canı xəstə idi. Hamı səhər 7-də rahat maşınlarda işə gedəndə mənim atam səhər 4-də qalxırdı. Kürdəmirdəki təlim mərkəzini yaratmaq üçün gün ərzində neçə dəfə rayona gedib qayıdırdı. Yüksək şəkəri vardı, ürəyində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılmışdı, ayaqlarında ağrıları vardı. Bununla belə o özünün xəstəliklərini biruzə verməyi xoşlamırdı. Ön cəbhəyə də gedirdi. Oradakı hərbi hissələri şəxsən yoxlayırdı. Eldar Mahmudov vaxtı ilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Bunun qarşısını Rüstəm Usubov aldı. Deyirdilər ki, Rail Rzayevin 2-ci həyat yoldaşı həddən artıq ağıllıdır, onu istintaqa buraxmaq olmaz.

- Sizcə niyə müdafiə nazirinin müavini, Azərbaycanın hava məkanına cavabdeh olan bir komandanın qətli bu günədək açılmır?

- Görünür hansısa bir məqam, məsələ var ki, onu gözləyirlər. Həmin məqam gələndə qətlin üstü açılacaq. Belə olmasaydı, mən xarici ölkədən çoxdan siyasi sığınacaq istəyərdim. Prezidentimizə inanıram. Gözləyirəm ki, zamanı, vaxtı gələndə o, qətlin sifarişçisini layiqli cəzasına çatdıracaq. Bir də ki, Allaha inanıram. Ən böyük hakim Allahdır.

- Qətldən sonra bir neçə versiya ortaya çıxdı. Onlardan biri də qətli “daxili düşmənlərin” sifariş etməsi idi. Hətta başqa bir struktura rəhbərlik edən generalın adını da hallandırırdılar. Hansı versiyaya daha çox inanırsiz?

- Rusiya ilə Türkiyə münasibətləri gərginləşəndə mətbuatda belə bir yazı dərc olunmuşdu ki, vaxtilə İran tərəfi Azərbaycan sərhədini pozanda Türkiyə tərəfi təyyarələri qaldırıb qüvvə nümayiş etdirdi və təyyarələr hava məkanımızdan çıxdı. Əslində isə belə deyildi. Bütün bunlar bizim gözümüzün qabağında olmuşdu. İran təyyarələri bizim sərhədi pozanda onlar türk təyyarələrindən qorxmamışdılar. Onları Rail Rzayev lazımi səviyyədə yerlərində oturtdu, hədlərini bildirdi. Eyni zamanda, ermənilər də Rail Rzayevdən qorxurdu. Fikir verirsinizsə, Rail Rzayevi aradan götürdülər və ermənilər Xankəndində aerodrom tikdilər. Çünki Rail Rzayev mövqeyini açıq deyirdi. Bildirirdi ki, hava məkanını pozan istənilən təyyarə dərhal vurulacaq. Ona görə də mal-mülk söhbəti, daxili düşmənlər versiyası gülüncdür.

Rail Rzayev öləndən sonra Əliağa Hüseynov (keçmiş Respublika Hərbi Komissarı-red) müsahibə verib dedi ki, o, mənim qudam yox, dostum olub. Halbuki Əliağa Hüseynov qətldən əvvəl hər yerdə deyirdi ki, Rail Rzayev mənim qudamdır.

- Onun Rail Rzayevlə qohumluq əlaqələri yoxdur?

- Rail Rzayevin birinci ailəsindən olan qızlarından biri onun qardaşının oğlunda ərdədir. Əliağa Hüseynov düz etmir. Vaxtilə sinəsinə vururdu ki, qudamdır. Ziya Məmmədovla qohum olandan sonra, Rail Rzayev qətlə yetiriləndən sonra qudalıq yaddan çıxdı.

- Dediklərinizdən belə anlaşıldı ki, qətlin xarici qüvvələr tərəfindən sifariş olunduğu versiyasına daha çox üstünlük verirsiz?

- Versiyalardan heç birinə üstünlük vermirəm. Rail Rzayev siyasi məsələlərə, çirkin işlərə qarışmırdı. O, başını aşağı salıb işini görürdü. Həddini, yerini bilən idi. Onu ancaq xidməti işi ilə bağlı aradan götürə bilərdilər. Görünür, o, kiməsə mane olub.

- Generalın qətlindən sonra onun sürücüsünü, köməkçisini həbsə aldılar. O, adamların günahı vardı?

- Əlbəttə var idi. Bu adamlar hər ikisi hərbçilər idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar.

- Qətldən sonra Nəcməddin Sadıkov “Röyters”ə müsahibəsində demişdi ki, Rail Rzayevin 1 həftə əvvəldən izləndiyini bilirdik. İzlənməsi ilə bağlı nə deyə bilərsiz?

- Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?

- İstintaq zərərçəkən qismində kimi tanıyıb?

- Birinci ailəsindən olan oğlunu.

- Sizi istintaqın gedişatı ilə bağlı məlumatlandırırdılar?

- Xeyr, bizi heç yaxına buraxmırdılar. Rüstəm Usubovun nə marağı vardısa, məhkəmələrə zəng edib təzyiq göstərərdi ki, məni zərərçəkən kimi tanımasınlar. Hakimlər də bizdən üzr istəyirdilər ki, sizi zərərçəkən kimi tanımayıblar. Ona görə də vaxtımı-zamanımı gözləyirəm. Allah özü hamıya hakim olsun, Rüstəm Usubova da, cinayəti sifariş edənə də. Atam hamının rahat, qorxusuz yaşaması üçün əlindən gələni edib. Amma məni atasız qoydular və bu gün prokurorluq heç nə etmir, heç veclərinə də deyil. O adamlardan fərqli olaraq atam vəzifəsindən yapışıb dayanan adam deyildi.

- Rail Rzayevin oğlu nə işlə məşğuldur?

- Onun fiziki problemləri var. Mən bu barədə danışmaq istəmirəm.

- O istintaqda fikrini sərbəst şəkildə ifadə etmək iqtidarındadır?

- Məncə... bu haqda nəsə demək istəmirəm. Atam o vaxt deyirdi ki, o, hüquqşünasdır.

- Rail Rzayev qətlə yetirildiyi gün səhər işə gedəndə hər hansı bir qeyri-adilik hiss etmişdiz?

- O, həmin gün birinci ailəsinin evindən çıxıb getmişdi.

- Həmin binanın mühafizəçisini də qətldən sonra həbs etmişdilər. Sizcə onun günahı vardı?

- Onun nədənsə xəbəri olmaya bilərdi, amma adyutantı ilə sürücüsünün günahları var. Təsəvvür edin ki, maşına oturursuz, maşını arxa şüşəsində, bir də çarxda deşik var. Hərbçi olan adam o dəqiqə bilər ki, bu nə məsələdir.

- Bu hərəkətlərin düşünülmüş hərəkətlər olduğuna işarə edirsiz?

- Aydın Rəfiyev dünyanın altını da, üstünü də bilən adamdır. Adama pislik edəndə, onun yaxını ilə əlbir olub pislik edirlər.

- Ailənizə təzyiqlər olub?

- Belə hal olmayıb. Amma qətldən sonra baş verənlərə anam öz etirazını bildirmişdi. Anam o vaxt Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi.

- Qətlin 1-ci ailə ilə 2-ci ailənin mülk üstə mübahisəsi zəminində törədilməsi versiyasını səsləndirdiyinə görə məhkəmə vermək istəyirdi?

- Bəli. Həmin vaxt anam deyirdi ki, mənim Eldar Mahmudova yazığım gəlir. Deməli, onun həyat yoldaşı mülk üstündə onu öldürtdürə bilər. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı sadəcə nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi.

- Rail Rzayevin özünə qəbir yeri alması haqda da məlumat vardı. Onun tez-tələsik dəfni də bunu deməyə əsas verirdi.

- O, özünə qəbir yeri ala bilərdi. Çünki bütün işlərini əvvəlcədən planlaşdırırdı. Hər bir xırdalığı nəzərə alan, düşünən adam idi. Bir məqamı da deyim. Atamın qətlindən sonra deyirdilər ki, 200 min avro ona hardan idi? Rail Rzayevin ana tərəfi Novxanıdan, ata tərəfi Ərəbistandan Neftçalaya köç etmiş tacirlər olub. Yəni imkansız olmayıblar. İndi neftin qiyməti aşağı düşüb, 200 min avro böyük pul kimi görünür. Rail Rzayev qətlə yetiriləndə 200 min avro elə də böyük pul deyildi. Birinin şəhərin mərkəzində evini sökürlərsə, adama 500-600 min manat pul verirdilər. Rail Rzayev o vaxt Novxanıdan olan babasının mülklərinin siyahısını arxivdən qaldırdı. Şəhərin mərkəzində babasına aid mülklərin sənədlərini qaldırmışdı.



- Qətldən sonra belə xəbərlər vardı ki, həmin məbləği ailəyə qaytarmayıblar...

- Bəli, həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Pulu Aydın Rəfiyevdən prokurorluq alıb. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu gülünc söhbətdir. Atam gedib “Nasosnı”da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik.

- Səfər Əbiyev Rail Rzayevin dəfnində iştirak etmədi. Bu nə ilə əlaqədardı?

- Sonradan yasa gəlmişdi.

- Münasibətləri necə idi?

- Xidməti münasibətlər idi.

- Rail Rzayevin qətlindən sonra belə məlumat vardı ki, istintaqçılar kabinetinə baxış keçirəndə İsrailə təyyarə bileti aşkar ediblər.

- O tamam başqa söhbətdir. Rail Rzayev heç yerə qaçan adam deyildi. Səhhətində problemləri vardı, bunla bağlı gedə bilərdi. Atam dəfələrlə raport vermişdi ki, vəzifədən getsin. Ayaqları bərk ağrıyırdı. Şəkəri də yüksək idi.

- Ananız qətllə bağlı müraciətlər edir?

- Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin. Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk...

Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilməsin.

- Araya girən kimlər idi?

- Atamın bir işçisi vardı, Hacı Davud. Məkkəyə də gedib gəlib. Amma həddən ziyadə aşağı hərəkətlər edən bir şəxsdir. Bu adamın nə marağı vardı ki, iki ailənin arasına girib ailələri toqquşdururdu?

- Nə baş vermişdi?

- Anamın adından gedib 1-ci ailəsinə yalan məlumat vermişdi. Amma sonradan məsələnin üstü açıldı, hər şey öz yerini aldı. Onu o vaxt MTN-dən buraxdılar. Amma çox nahaq yerə.

- Eldar Mahmudovun əsası olmayan versiyaları səsləndirməkdə marağı nə olub?

- Bunu onun özü bilir. Sualınıza o cavab verə bilər.

- Sizin fikiriniz maraqlı olardı.

- Sadəcə Rail Rzayevin sifarişli qətlinin üstünün açılması maraqlarında olmayıb. Niyə maraqlarında olmayıb, bunu da onların özlərindən soruşmaq lazımdır.

- Aparılan istintaqla bağlı nə deyə bilərsiz?

- Düşünürəm ki, nəsə bir iş var ki, istintaq belədir. Bildiyimə görə prezidentimiz iki dünya bir olsaydı belə qətlin sifarişçisini cəzalandırardı. Çünki prezident də bilirdi ki, Rail Rzayev çox etibarlı tək-tük adamlardan biridir.

- Bəlkə atanız haqda gedib doğru-dürüst olmayan məlumatları çatdırıblar?

- Bizim prezidentimiz çox müdrikdir. Əgər Rail Rzayev Eldar Mahmudov və bu gün vəzifədə olanlar kimi olasaydı, o vaxt Heydər Əliyevin təyyarəsi vurulardı. Yəni Rail Rzayevin fəaliyyəti göz qabağında idi. Ona qara yaxmaqla deyildi. Onun Azərbaycan üçün etdiklərinin cüzi hissəsini haqqında mənfi plandan danışanlar etməyiblər.

- Fevralın 11-də qətlin 7-ci ili tamam olur. Sizcə bu müddət ərzində bütün məsələlərin aydınlaşması üçün kifayət deyil?

- Baxın, Eldar Mahmudovun iç üzü neçə il sonra açıldı? 10 il çəkdi. Hər şeyin öz vaxtı var. Bir daha deyirəm ki, mən prezidentimizə inanıram. Deməli, hansısa bir məqam var ki, qətlin üstü açılmır. Belə bir deyim var ki, “şəri kökündən kəsmək lazımdır”. Ona görə də prezidentimiz belə bir məqamı gözləyir. Gec-tez o adamlar etdiklərinə görə cəzalarını alacaqlar.

Geri dön