Ana Sayfa > Partiya > 2015 müxalifət üçün necə keçdi?

2015 müxalifət üçün necə keçdi?


14-12-2015, 09:10. Yazar: admin
2015 müxalifət üçün necə keçdi?
Artıq 2015-ci ilin son günlərini yaşayırıq. Bu il Azərbaycan cəmiyyəti üçün unudulmayacaq bır sıra hadisələrlə yadda qaldı. Ölkə müxalifətinin geridə qoyacağımız illə əlaqədar mövqelərini aldıq.

Ümid Partiyasının sədri İqbal Ağazadə rəhbəri olduğu qurum üçün bu ili uğurlu hesab etmir. Ümid sədri qarşılarına qoyduqları missiyaya çata bilmədiklərini söylədi: “Qarşımızda parlament seçkiləri kimi mühüm bir proses dayanırdı. Bu mühüm hadisədə partiyanın daha çox namizədinin Milli Məclisdə təmsil olunacağını düşünürdük. Bu missiyamızı partiya olaraq yerinə yetirə bilmədik. Nəticə tərəfini təhlil edirik. Bunun subyektiv və obyektiv səbəbləri çoxdur. Amma nəticə hissəsi xeyrimizə olmadı. Bu baxımdan uğurlu il hesab etmirik. Xalqımız üçün də uğurlu il hesab etmirik. Azərbaycan iqtisadiyyatının əsas strukturlarından olan neftin qiymətinin dünya bazarında durmadan aşağı düşməsi, gəlirlərin azalması, müxtəlif hadisələrin baş verməsi nöqteyi-nəzərindən bu ili xalqımız üçün uğurlu saymaq olmaz. Bu ilin mayında 16 nəfərin ölümü nəticələnən bina yanğınının baş verməsi, o cümlədən, ”Günəşli" yatağında baş verən yanğın, Ermənistan-Azərbaycan münaqişəsində müsbət nəticələrin əldə olunmaması, atəşkəs dövründə əsgərlərimizin şəhid olması, Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana da təsiri, Nardaranda baş verən son hadisələrin hamısı üzücüdür. Hesab edirəm ki, bu il təkcə bizim partiya üçün deyil, cəmiyyət üçün də o qədər uğurlu olmadı. Növbəti ilin xalqımıza xoşbəxtlik və firavanlıq nəsib etməsini arzulayıram".

İ.Ağazadə qarşıdan gələn ildəki planlarından da söz açdı: “Missiyamız var. Partiya quruculuğu əsas hədəfimizdir. Bu hədəfdən geri çəkilməyəcəyik. Azərbaycan demokratikləşənə qədər bu proseslərin içində olacağıq. Bunun üçün ən güclü təşkilat olmaq əsas məqsədimizdir. Yeni iddialı insanların partiya sıralarına qoşulmasını müəyyənləşdirmişik”.

KXCP sədri Mirmahmud Mirəlioğlu digər liderlərdən fərqli olaraq bu ili önəmli sayır: “2015-ci il təşkilatımız üçün önəmli oldu. Növbəti qurultayımızı keçirdik, yaddaşımızda qalan yalnız bu oldu. Azərbaycan cəmiyyəti üçün bu il necə keçdisə, bizim üçün də elə keçdi. İlin əvvəlindən cəmiyyət daxilində baş verən hadisələr, regionda yaşananlarla bağlı o qədər də uğurlu bir il olmadı. Problemlərlə yadda qalan il oldu. Hamı üçün necə, bizim üçün də elə”.
KXCP sədri 2016-cı il planları ilə bağlı bunları dedi: “Fəaliyyət istiqamətlərimiz, qarşımıza qoyduğumuz məqsədlər var. Bu vəzifələrimiz üzərində çalışacağıq. Cari və təşkilatı işlərimiz var. Onları həyata keçirəcəyik. Hədəflərimizi imkanımız daxilində həyata keçirməyə çalışacağıq”.

“AĞ blok”un təsisçisi Tural Abbaslı bildirdi ki, müxalif cameə üçün ən uğursuz illərdən birini arxada qoyuruq: “Müxalifət parlament seçkilərində yenə də uğur qazana bilmədi. Hakimiyyətin bəzi addımlarını bu məsələlərdə bəhanə gətirmək olar. Amma hər halda, müxalifətin xalqı öz tərəfinə çəkə bilməməsi, mitinqlərini rüsvayçı şəkildə keçirməsi demokratik düşərgənin səhvidir. Müxalifət arenasında itirilənlər qazanılanlardan daha çoxdur. Amma biz ”AĞ blok" olaraq, bu ili uğurlu hesab edə bilərik. İlin əvvəlində məlum partiyadan narazı düşən qüvvə idik. Hazırkı təşkilatımızı qurmamışdıq. İlin sonlarında bu aktiv kəsimi toparlaya bildik. Yeni qüvvə kimi çıxış etdik. Müəyyən nəticələr qazanmağı bacardıq. “AĞ blok”un yeni qurum kimi cəmiyyətə təqdim edilməsində uğurumuz oldu. Yeni bir qüvvə olaraq ortaya çıxdıq. “AĞ blok”un partiyaya çevrilməsi qarşıdakı ilimizin ən böyük hədəfidir. Bu istiqamətdə bəzi addımlarımızı artıq atırıq. Qurum olaraq bu il qarşımıza qoyduğumuz hədəflərə çatdıq. İlk hədəfimiz olan 1989-cu ildən monopoliyaya çevrilmiş müxalifətdə özümüzə yer etmək oldu. Ümid edirəm ki, qarşıdakı il bizim üçün daha uğurlu olacaq. Cəmiyyətin görmək istədiyi müxalifəti formalaşdıracağıq. Yalan vədlərdən daha çox real vədlərə əsaslanan qurum olacağıq".

Geri dön