Ana Sayfa > Partiya > Rüstəmxanlının ANS-dəki çıxışına təxribat - Video
Rüstəmxanlının ANS-dəki çıxışına təxribat - Video1-12-2015, 11:15. Yazar: admin |
ANS telekanalının efirində yayımlanan “Deməsək olmaz” verilişinin 25 noyabr buraxılışında qonaq olan xalq şairi Sabir Rüstəmxanlının çıxışına bəzi media orqanlarında təxribat xarakterli təhriflər edilib. VHP mətbuat xidmətindən axar.az-a verilən məlumata görə, aparıcı Xoşqədəm Hidayətqızının proqramına qatılan Sabir Rüstəmxanlının müzakirə zamanı demədiyi sözlər onun adından qələmə verilib və VHP sədrinin guya Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumunda ruspərəst mövqedən çıxış etməsi iddia edilib. Canlı olaraq efirə gedən verilişə baxmayanlar və yaxud orada deyilən fikirləri deyil, öz uydurduqlarına inananlar bundan çıxış edərək hətta xalq şairini “anti-türk” təbliğatda ittiham edəcək qədər cəsarət sərgiləyiblər: “S.Rüstəmxanlının siyasi bioqrafiyası ilə tanış olanlar bilir ki, o, hələ Sovetlər dönəmindən Rusiyanın Azərbaycan xalqına və türk dünyasına qarşı düşmənçiliyini ardıcıl şəkildə tənqid edib. VHP sədri həm verilişdə, həm mətbuatda Su-24 təyyarəsinin vurulmasında Türkiyəni haqlı saydığını, beynəlxalq hüququn qardaş ölkəyə öz sərhədlərin qorumağa haqq verdiyini bildirib”, - VHP mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir. Verilişdə S.Rüstəmxanlının guya “heç bilmirdim ki, Suriyada türkmanlar yaşayır” deməsi haqda səslənən fikirlər də kökündən yanlışdır. Verilişin lent yazısına baxmaq kifayətdir ki, bu fikrin aparıcının dilindən çıxdığını eşidəsən. Halbuki S.Rüstəmxanlı hələ illər öncə Suriyanın Dəməşq şəhərində olduğunu və küçələrdə əhalinin bir hissəsinin Azərbaycan türkcəsində danışdığını müşahidə etdiyini də deməklə, İraq və Suriyanın şimalında yaşayan Azərbaycan türkləri, onların sayı barədə verilişdə məlumat verib. Sözügedən verilişdə S.Rüstəmxanlının sözlərini əks etdirən video-kadrları təqdim edirik (Verilişin tam mətnini ANS-in internet istifadəçiləri üçün daim açıq olan “Deməsək olmaz” verilişinin 25 noyabr tarixli arxivindən izləmək mümkündür): Geri dön |