"Çox xahiş edirəm, bu barədə mənə suallar verməyin"
Tarix: 3-11-2015, 09:51 | Çap et
"Çox xahiş edirəm, bu barədə mənə suallar verməyin"
Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər başa çatdı. Artıq növbəti 5 ildə parlamenti təmsil edəcək deputatların kimliyi bəllidir.

Seçki günündən iki gündə keçsə də, bəzi məqamlar uzun müddət yaddan çıxmayacaq. Əvvəla, hər bir vətəndaşın seçkidə iştirak etmək hüququ var.
18 yaşlı gəncdən tutmuş yaşı 100-ü haqlamış qocaya qədər. Seçkilərə qatılmaq, prosesləri yaxından izləmək, sevdiyi, seçdiyi namizədə səs vermək də vətəndaşın hüququdur.

Bu baxımdan seçki prosesi siyasi səhnənin ən qaynar dönəmi hesab olunur. Hər bir namizəd xalq üçün çaba göstərməyə çalışsa da, açıq mübarizə bəzən fərqli performanslarla yadda qalır.

Bəzən “canfəşanlıq” elə formada nümayiş olunur ki, vətəndaşa vəkillik etmək iddiasında olan namizəd “günün adamı” siyahısına liderlik də edə bilir.

Bu məqamda sadə vətəndaşın nə düşündüyünü təsəvvür etmək çətin deyil. Mandat qazanıb deputatlıq kreslosuna sahiblənən vəkil vətəndaşın gözündə ən ali düşünən, samballı şəxsdir. Amma bir gün “emosiya burulğanı”na qapılıb söyüşü “bir qəpiklik” etməklə, səsvermə prosesinə qatılan vətəndaşın qarşısında “gələcək vəkil”in səsini bir az da qaldırıb qarışıqlıq yaratması seçicinin yaddaşına müsbət obraz kimi hopmur.

Bəzi siyasətçilər seçki günü müəmmalı obraza girdilər. Onların cavab verməli olduqları məsələlərdən yaxalarını rahat şəkildə kənara çəkməsi belə müammalı idi.

İlk addımı seçkilərə üç gün qalmış Müsavat Partiyasının bəzi üzvləri namizədliyini geri götürməklə atdı. Son anda dəyişdirilən qərar səsli-küylü qarşılandığı kimi bir az da təəccüb doğurdu.

Yəni, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı fikirləşib, fikirləşib seçkiləri “ boykot” etmək üçün üç gün qalmış deputat olmaq sevdasından vaz keçmək istədilər. Düzü, bu istək məcburən gerçəkləşmədi.

Digər tərəfdən isə mübarizəni yarı yolda dayandırmaq düşünülmüş addım atmaqdan xəbər verirdi. Hakimiyyətin siyasi qabiliyyətinə və müvəffəqiyyətinə 3, 4, ya da 5 qiymətini darvazaya yaxınlaşanda geri qayıtmaqla vermirlər. Bu, açıq-aşkar mübarizədən məğlub çıxmağın göstəricisidir.

Xalqa söykənməli olduqlarını dönə-dönə çıxışlarında vurğulayan müxalifət liderləri qarşıya qoyduqları məqsədi yarı yolda nöqtələdilər.

Təbii ki, hansısa işə başlamaq üçün tərəddüd etmək hər kəsin daxili motivasiyasından irəli gəlir. Amma, siyasətin qaydaları bir qədər fərqlidir. Məsələyə siyasi prizmadan don geyindirsək, bəyaz çalardan əlamət belə görməyəcəyik. Çünki siyasət “məhkumluq sindromu”nu çoxdan özünə yoluxdurub.

Siyasətçinin siyasi arenada mübarizəyə qoşulması, xalqa birbaşa xidmət etməsi ilə nəticələnməlidir.

Uzun sözün qısası, xalqın taleyini uğurlu siyasətçilər tənzimləyir, “gizlənpaç oyunu” yox.

Yəni, siyasətə pənah gətirənlər bunu individual davranış sərgiləmək üçün etmirlər. Yox əgər, bu xidmət gözdən pərdə açmaqdan savayı nəyisə özündə ehtiva etməyəcəksə, o zaman deputatlığa namizədlik də reallaşmamalı idi.

Daha bir müamma Ümid Partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə arasında yaşandı. Eyni dairədə (35 saylı Xətai Üşüncü Seçki Dairəsi) deputat seçilmək uğrunda gedən mübarizə Araz Əlizadənin deputat seçilməsi ilə yekunlaşdı. Amma müammalı tərəf o idi ki,


İqbal Ağzadənin tənbirincə desək, Mərkəzi Seçki Komissiyası belə nə baş verdiyini anlamadı. Çünki faktlarla danışdığını deyən İqbal Ağazadə Araz Əlizadənin səs faizinin çox aşağı olduğunu sübuta yetirməyə çalışsa da, prosesi xeyrinə həll edə bilmədi. Sadəcə, İqbal Ağazadənin “MSK üçün də çətindir” deməsi daha bir müəmmaını ortaya qoydu.

Eldar Namazov və Rüstəm İbrahimbəyov Modern.az-a nə danışdı?!

Bu arada, daha bir siyasətçi seçki prosesində sona qədər passivlik nümayiş etdirdi. Nədənsə, bu passivlik sanki kiməsə verilən kişi sözünə bənzəyirdi. Seçkilər haqqında bir kəlmə də olsun danışmayacam.

Siyasətçinin “hippokrat andı”na bənzər and içməsi heç bir siyasi “yara”nı sağaltmağa hesablanmır. Milli Şuranın yaranmasında böyük rolu olan, lakin 2013-cü il prezident seçkilərindən sonra adıçıkilən təşkilatdan ayrılan Eldar Namazov üçün ya siyasət bitib, ya da seçki prosesini izləmək artıq marağını itirib.

Bu səbəbdən də Eldar Namazovun susması bir çox versiyaların səslənməsinə səbəb ola bilər. Çünki Azərbaycanda keçirilən seçkiləri bir siyasətçi kimi izlədiyini yaxud izləmədiyini söyləməkdən boyun qaçıran cənab Namazov başının səhhətində yaranan problemə qarışdığını səbəb kimi göstərdi. Allah şəfasını versin. Amma, telefonun dəstəyini aça bilirsə, üstəlik yataq xəstəsi deyilsə deməli, seçki prosesini şərh etməmək üçün daha tutarlı səbəblər var.

Milli Şuranın fəxri sədri tanınmış kinorejissor Rüstəm İbrahimbəyov isə Eldar Namazovdan fərqli olaraq telefonda nəsə dedi. “Azərbaycanda keçirilən parlament seçkilərindən xəbərim var. Amma, seçkilər barədə nəsə danışmaq istəmirəm. Çox xahiş edirəm, bu barədə mənə suallar verməyin”.

Vaxtilə bir cəbhədə “döyüşən” dostlar, fərqli məkanlarda müalicə olunurlar. Rüstəm İbrahimbəyov seçkiləri kənardan izləsə də, Eldar Namazovun Azərbaycanda ola-ola seçki prosesini izləyib-izləməməsi bəlli deyil.

Hər halda, bu dəfəki seçkilərdə də siyasilərin seçki müammasına şahidlik etməli olduq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net