"Müxalifət partiyalarını birləşdirməyin mexanizmini bilirəm”
Tarix: 27-07-2015, 11:20 |
Çap et
Xəbər verdiyimiz kimi, iyulun 25-də Azərbaycan Xalq Partiyasının (AXP) III qurultayı keçirilib. Qurultayda sabiq baş nazir Pənah Hüseyn yenidən partiyanın sədri seçilib. Qurultay zamanı ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, seçkilərdə iştirak və digər aktual ictimai-siyasi məsələlərlə bağlı partiyanın mövqeyi müəyyən olunub.
Qeyd edək ki, qarşıdan seçkilər gəlir və hələlik müxalifət düşərgəsində seçkilərlə bağlı hər hansı ciddi hərəkətlilik müşahidə olunmur. Yeri gəlmişkən, ötən həftə qəzetimizə müsahibə verən Pənah Hüseyn məhz demokratik müxalifət düşərgəsində passiv durum və inteqrasiya istiqamətində ürəkaçan olmayan durumu tənqid etmişdi. Pənah Hüseynlə söhbətimiz də partiyanın seçkilər və ölkədəki siyasi vəziyyətlə bağlı qərarı, təklif etdiyi siyasi aktivlik kursunu davam etdirib-etdirməyəcəyi ilə bağlı oldu.
- Pənah bəy, KİV-lərdən məlumdur ki, iyulun 25-də Azərbaycan Xalq Partiyasının qurultayı oldu və siz yenidən növbəti dönəm üçün partiyanın sədri seçildiniz. Əvvəla, təbrik edirik. Lakin belə bir sualı da veririk ki, sizdən hansı gözləntilərə görə yenidən partiya sədri seçdilər?
- Azərbaycan siyasi həyatında ən son təcrübə göstərdi ki, siyasi böhran dövrlərində partiyalarda zərurətdən irəli gəlməyən, yalnız demokratik prosedurlar naminə eksperimentlər, o cümlədən lider dəyişikliyi xeyirdən çox zərər gətirir. Bu baxımdan, çətin ki, indi belə eksperiment həvəskarları tapılsın. İkinci, AXP hazırda çox məhdud siyasi, təşkilati resurslarına rəğmən özünün siyasi proseslərə təsir baxımından nisbi güclü dövrünü yaşayır. Təsadüfi deyil ki, qurultayda iştiraka rəsmən nümayəndə olan əlli doqquz nəfərlə yanaşı, bir o qədərə yaxın da fəal və təəssübkeş qatılmışdı. Qurultayda çıxış edənlər bir qədər də subyektivizmə gedərək, bunu əsas etibarı ilə mənim adımla bağladılar və irəli sürdüyüm fikir və ideyaları geçəkləşdirmək üçün mənə imkan verilməsi mövqeyindən çıxış etdilər. Yeri gəlmişkən, fürsətdən istifadə edib onlara etimadlarına görə sizin qəzet səhifəsindən də təşəkkür edirəm.
- Siz zaman-zaman fikir və ideyalar irəli sürüsünüz. Qurultaydakı çıxışınızda hansı yeni təkliflər, fikirlər səsləndirdiniz ki, üzvlərinizdə dediyiniz ovqat yarandı?
- Qurultayda mövcud siyasi durum və AXP-nin perspektivləri, vəzifələri barədə geniş çıxış etdim. Bəzi tezislər sizin oxucular üçün də maraqlı ola bilər deyə burda da özətləmək istəyirəm. Birincisi, mövcud maliyyə-iqtisadi, sosial, siyasi və geosiyasi böhran avtoritarizmdən demokratiyaya yumşaq keçidi nəinki kənara qoyur, əksinə, onun reallaşması üçün əlverişli şərait, şans yaradır. İkincisi, demokratiyaya keçidin əsas siyasi mexanizmi olaraq ictimai etimada malik parlamentin formalaşmasına nail olmaq lazımdır. Bunun açılımı belədir: Cari situasiyada Milli Məclisdə müxalifətin əhəmiyyətli sayda və şəkildə təmsil olunmaq lazımdır! Azad, ədalətli, demokratik seçki şəraiti yaratmaq istiqamətindəki strateji hədəfi qətiyyən kənara qoymayaraq, belə bir parlamentin hansısa bir keçid formasını builki seçkilərdən yararlanaraq, iqtidarla siyasi razılaşmalar yolu ilə yaratmağın mümkünlüyü sınaqdan keçirilməlidir.
Altını cızmaqla ki, bu yanaşma “müxalifət deputatları” təyinatını yox, əksinə, mövcud şərtlər daxilində həqiqi seçki rəqabətini nəzərdə tutur. Üçüncüsü, ölkədə oliqarxlarsız hökumət, nazirlər kabineti yaradılmalıdır. Azərbaycan siyasi sisteminin sonrakı inkişafı həlledici şəkildə siyasi hakimiyyətin iqtisadi hakimiyyətlə məsafələnməsi, iqtisadi hakimiyyətin siyasi hakimiyyətdən ayrılması, daha sadə şəkildə desək, yəni mövcud hakimiyyət üzvlərinin siyasi postlardan məhrum edilməsindən asılıdır. Nə üçün? Burda yeni bir nəzəriyyə icad etmək lazım deyil. Ölkədə ilkin kapital yığımı dövrü başa çatmışdır.
Avropada bu proses necə getmişdi? Müharibələr, müstəmləkələrin istismarı, yağmalanması və sənaye inqilabı vasitəsilə. Bizdə necə baş verdi? Üç əsas yolla. Sovet dövründəki ictimai-dövlət əmlakının oğurlanması, korrupsiya və dələduzluq yolu ilə. Lakin nə olur-olsun, proses başa çatmışdır. İndi Azərbaycan hökuməti üzvlərinin əksəriyyəti vaxtlarının çoxunu dövlət vəzifələrinin icrasına yox, loru dillə desək obyektlərinin idarə olunmasına sərf edirlər. Əslində aşağılara qədər vəziyyət belədir. Hətta yerli icra hakimiyyəti orqanları işçilərini, orta səviyyəli hüquq-mühafizə orqanı işçilərini yerlərində tapmaq olmur. Beyinləri biznesləri ilə məşğuldur.
Bu adamları göndərmək lazımdır ki, gedib həmin işləri ilə məşğul olsunlar və büdcənin, sosial fondların vergisini, ödənişlərini versinlər. Sizi tam inandırıram ki, onlar özlərinə, mülkiyyətlərinə qarantiya əldə etmək üçün bu gün boğduqları qanun, hüquq, demokratiya, müstəqil məhkəmə barədə bizdən bərk danışmağa başlayacaq, calışacaqlar - canlarını, mallarını bu yola qoyacaqlar. Bu, kapitalın təbiətidir. Kapital azadlıq, qanun, hüquqi təminat istəyir; istəməklə qalmır, bunu əldə edir. Sizə hazırkı iqtidarda təmsil olunan nazir, komitə sədrlərini demokratiya uğrunda mübarizlər şəklində görmək komik gəlir, deyilmi? Onları vəzifələrindən uzaqlaşdırın, sonra danışaq.
Görəcəksiniz ki, Soros bunların yanında necə qələt edir! İndi bəzi dostlar da özlərini çoxbilmiş sayıb, “bəs daha təpədəkilər” deyib, bizdə səhv tutmağa, bizi yarımçıqlıqda, cəsarətsizlikdə ifşa etməyə tələsməsinlər. Yumşaq keçidin qaydası budur. Yumşaq keçid öz sxemində istisnaları, hakim siyasi iradə ilə sazişləri, mütləq olaraq nəzərdə tutur. Demokratiyaya yumşaq keçidin, bunun başqa adı ilə ifadə etsək, əks halda, labüd olan böhrandan, sarsıntılardan qurtulmağın digər siyasi mexanizmi demokratik siyasi müxalifətin birləşməsi, idealda bir superpartiya şəklində konsolidasiyasından ibarətdir.
Mən “seçkilərdən sonra partiyaları birləşdirəcəyik” deyərkən bunu nəzərdə tuturam. AXP-nin III Qurultayında açıq ifadə etdim, nümayəndələrə müraciət etdim. Siz kömək edin, əvvəlcə AXP-ni say və proseslərə təsir baxımından bəlli bir həddə qədər gücləndirək, mən bu partiyaları birləşdirməyin düsturunu bilirəm.
Onlar birləşmir, biz onlara birləşərik! Bizim üçün ad və s. bu kimi məsələlər önəmli deyil. Ancaq səylərimizin ciddi qarşılanması üçün gərək əvvəl işləyək, real struktura çevrilək ki, bu baxımdan da builki seçkilərdə real uğur fövqəladə əhəmiyyətli ola bilər. Yəni ictimai etimada malik parlament, oliqarxlarsız kabinet, müxalifət partiyalarının birləşdirilməsi. Biz əslində digər partnyorlarımızla birlikdə bu istiqamətdə, son bir ilə yaxın müddətdə sıfır imkanlarımız olduğunu nəzərə alsaq, əməllicə yeni ortam yarada bilmişik. Bu başqa məsələdir ki, ölkədə ümumi vəziyyət ağırlaşmaqda davam etməkdədir.
- Pənah bəy, hər halda mövqeyinizdə ziddiyyəti özünüz görüb hiss etmirsinizmi? Bir tərəfdən yeni ortamdan, digər tərəfdən vəziyyətin ağırlaşmasından danışırsınız?
- Mənim dediyim də ondan ibarətdir ki, vəziyyətin özü ziddiyyətlidir və məsələ prosesdə bu ziddiyyətin həllindən asılıdır. Bu ziddiyyətlər biri birini istisna etməklə yanaşı, bir- birini həm də ehtiva edir, şərtləndirir. Mən yuxarıda qeyd elədim, bir daha təkrar edirəm. Məhz indiki və günü-gündən ağırlaşan maliyyə-iqtisadi, sosial, siyasi və geosiyasi böhran demokratiyaya yumşaq keçid üçün şərait, şans yaradır. Və seçkilərdə iştirak barədə siyasi qərar verərkən AXP bu çıxış nöqtəsini əsas götürür.
- Yeri gəlmişkən, siz seçkilərdə qeydsiz-şərtsiz iştirak barədə qərar verərkən, müxalifət düşərgəsindən “nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq, hər şeyi əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəyik”, - bəyanatları səsləndirildi.
- Bu, məlum mövqedir və ilk baxışda sadə və məntiqli görünür. Lakin mən fərqli düşünürəm və bu məsələ barədə fikirlərimi hələ keçən ilin payızından İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzində “Qeyri-demokratik, azad olmayan və ədalətsiz şəraitdə müxalifətin seçkilərdə iştirakının siyasi mahiyyəti, məqsədi və perspektivləri haqqında” adlı məruzədə şərh etmişəm.
Həmin məruzə keçən ilin sonunda sizin saytda dərc olunub və xahiş edəcəm, mövzunun aktuallaşdığını nəzərə alıb, mümkün olsa onu bir daha oxu üçün təkrar qoysunlar. (REDAKSİYADAN: P.Hüseynin bəhs etdiyi yazı bu linkdədir.
http://musavat.com/news/penah-huseyn-2015-ci-ilin-parlament-sechkilerinden-yazdi-analitika_231925.html). MSDM son aylarda konkret builki Milli Məclis seçkilərini müzakirəyə çıxarıb və mən bu barədə də həmin müzakirələrdə bilavasitə iştirak etməsəm də yazılı qeydlərimi İsa bəyə göndərmişəm. Sözün doğrusu, mən qurultayda çıxış edərkən Milli Şuranın seçkilər mövzusunu müzakirə edəcəyindən məlumatsız idim. Lakin qurultaydakı çıxışımda ifadə etdim ki, müxalifətin əhəmiyyətli kəsimi bu seçkiləri boykota meyllənə bilər. AXP-nin öz qurultayında seçkilərdə iştirak barədə siyasi qərar verməsinin bir məqsədi də ondan ibarətdir ki, demokratik düşərgənin bu seçkiləri boykot mövqeyinə keçməməsinə təsir göstərsin.
Seçkilərdə iştirak, iqtidarla seçki məsələlərində siyasi saziş və razılaşmalar təklifi insan hüquq və azadlıqları uğrunda, hazırda bunun Azərbaycanda simvolu, işarəsi də qeyd- şərtsiz siyasi məhbus, siyasi təqib qurbanlarına münasibətdən ibarətdir, vaz keçmək ola bilməz. Bununla əlaqədar qeyd edim ki, AXP qurultayı “Azərbaycanda siyasi məhbus və siyasi təqib problemi”nə dair sərt bəyanat qəbul etdi və Qənimət Zahidin qohumları ilə bağlı ən son faktlar da daxil olmaqla bu təqibləri pislədi.