Cəmil Həsənlinin "zənguləsinə" barıtı kim qatıb?
Tarix: 18-06-2015, 11:41 | Çap et
Cəmil Həsənlinin "zənguləsinə" barıtı kim qatıb?
Azərbaycanda gedən İlk Avropa Oyunları fonunda səsi eşidilməz olmuş Milli Şuranın bu dəfəki zənguləçisi şurabaşı professor Cəmil Həsənli oldu. Əli Kərimlinin "kim bizimlə deyilsə,bizə qarşıdır" bolşevik prinsiplərinə əsaslanan qaqaş fəlsəfəsi bu dəfə prezidentliyə köhnə vahid namizədi daha da köhnəltməklə bərabər, siyasi arenada bir fiqur olaraq da ucuzlaşdırdı. Cəmil müəllimin zənguləsindəki nifrinlərin xarakteri də bir azcıq əvvəlkilərdən fərqlənir. Bizcə, ortada sayıqlamalara bənzər bir "fironluq" var.

Tarixdən iqtibas gətirməyi sevən tarixçi uğursuz bənzətmələri ilə kimin qarasına zəngulə vurduğunu da gizlətmir. Hədəf aydındır. Sadəcə bu aydınlıq qaranlıqda "qaraçılıq" xislətinin zülmətinə bələnib. Nifrinlərdən bizim də payımıza düşəni var. Bunun əvəzində Cəmil Həsənlidən klassik bir ingilis jesti gəlsəydi,bunu bəlkə də sükutla qarşılayardıq.Lakin... Rəssam Əzim Əzimzadənin bir vaxtlar "Molla Nəsrəddin" məcmuəsində dərc etdirdiyi karikaturanın hörmətli tarixçiyə hansı konkret bədii zövq verdiyindən xəbərsizik. Amma Cəmil müəllimin bənzətməsindəki kontekstdən asanlıqla görmək olar ki, Asiya itlərindən fərqli olaraq, Avropa, xüsusən də ingilis köpəklərinə xüsusi məhəbbəti yox deyilmiş.

Firon köpəkləri

Adını unutduğum bir əcnəbi şairin "Firon məhəbbəti" şeirində odda yanmayan, suda batmayan, zaman qədər yüngül bir sevginin sentimental vəsfinə qoyduğu ürəyin narahat çırpıntıları ilə necə də səsləşir Cəmil müəllimin bu bənzətməsi. Hər halda, firon məhəbbəti ilə məhəbbətdə fironluq tamamilə ayrı-ayrı şeylərdir. Uzun illərin müşahidəçiliyində professorun sezdiyimiz siyasi tör-töküntü obrazını Azərbaycan xalqı qarşısında canlandırmaq kimi ağır bir yük milli dediyimiz mətbuatın boynuna düşüb. Onsuz da dörd bir tərəfdən təhdidlər altında baş girləyən mətbuatın qarasına danışmaq dəbə düşüb. Bunu normal qəbul etməliyik. Lakin dəbdən düşmüş danqırların yazılı mətbuata dədəlik iddialarını qəbul edə bilmərik. Elçibəyçi müxalifətin ölümünə döyən bu gün Əli Kərimlinin təmsil etdiyi müxalifətdir. Və bu müxalifətə böyük karikatura isə elə Cəmil Həsənlinin özü deyilmi? Yeri gəlmişkən, son yazısında köpəklərdən iqtibas gətirmiş milli şurabaşı Cəmil Həsənlinin mübarək tarixçi diqqətinə izhar etmək istəyirik ki, ən qədim it cinsi hesab edilən Firon köpəklərinin nəsli 5 min il tarixi olan bir dövrdən başlanır. Bu barədə qədim Misir sərdabələrində tapılmış divarüstü şəkillərdən məlumatlanmaq olar. Ehtimal olunur ki, bu köpək cinsi Aralıq dənizindəki adalara qədim finikiyalı tacirlər tərəfindən gətirilib. Firon köpəkləri təmizkar olduğu üçün ingilislərin diqqətinə layiq görülüb. Bu köpəklər çox ağıllı, mərhəmətli, istiqanlı və ən əsası, yaxşı kompanyondur. Ensiklopedik məlumatlara inansaq, təəssüf ki, Firon itləri bir qədər hökmlü və amirlik xasiyyətindədir. Yeri gəlsə, hətta sahibinin də üzünə ağ ola bilir. Odur ki, belə köpəklərə gərək üz verməyəsən. İngilis çoxbilmişləri tarixən Firon köpəklərindən öz məqsədləri üçün istifadə etməyi bacarıblar. Dünyanın hər yerində ingiliscə hürməkdə tayı bərabəri olmayan Firon köpəkləri demək olar ki, bütün Britaniya şahzadələrinin yaxın sirdaşı olub. İngiltərə krallarının qızıl yalında xüsusi nəvazişlə yemləndirilən bu köpəklərin ingilis xalqına sədaqəti barədə indiyəcən kitab-kitab xatirələrin də yazıldığı deyilir. Ona görə də Firon itlərini avropalılar, xüsusən də ingilislər özlərinin ən yaxın dostu hesab edir. Bu köpəklərin Azərbaycanda təəssüf ki, qədrini bilən yoxdur. Cins köpək nəsilləri üzrə tanınmış mütəxəssislərin rəyinə görə, ingilislərin həvəslə 10-15 min funt sterlinqə əldə etdiyi bu köpəkləri Azərbaycan hakimiyyəti qiymətləndirmir. Yaxşı olar ki, Firon köpəklərinin bizdəki müxalif durumundakı mətləblərdən hərə öz payını götürsün. Bizim ingilis köpəkləri ilə, əşşədü-billah heç bir işimiz yoxdu, olmayıb da. Biz insanların haqqına hakimlik iddiasında bulunanların lider obrazındakı çatışmazlıqları ortaya qoyuruq. Cəmiyyətimizin müxalif şurabaşı obrazında fironluq edən Cəmil Həsənlinin iddialarının işığında gözlər məgər neyləməlidir, qapanmalıdır?

Əli Kərimlinin "Cəmil Həsənli layihəsi"

Bəli, etiraf edirik ki, yazılarımızda biz Cəmil Həsənlinin böyük siyasətin radikal embrionu obrazına müxtəlif prizmalardan yanaşmışıq. Soruşmuşuq ki, tutalım, sünnət məsələsində Cəmil müəllimin ingilis kürəkəninə kirvəlik hüququ AXCP sədrinin müstəsna səlahiyyətinə verilib, ya yox? Bu gün Azərbaycan cəmiyyətinə gün kimi aydındır ki, koma vəziyyətində lal-kar-kor qalmış Milli Şura müxalifətin ortaq bazarlığına yaramadı. Gec-tez belə olasıydı. Çünki, Şuranı "bələyə qoyan mamaça"nın özü taraz deyil. Az qala bütün Azərbaycanın asanlıqla sezdiyi bu reallıqla niyə barışmaq istəmir bu əlikərimçilər? Hələ 1993-cü ilin iyun hadisələrindən sonra Kələki vay-şivəni qopanda qoparağını götürüb Kələkiyə köç edənlərdən biri də Əli Kərimli oldu, yanında da Cəmil Həsənli. Cəmil müəllim o vaxt prezidentin müşaviri vəzifəsini daşıyırdı. Siyasi çəkisi olmayan reytinqsiz bu adamın hansı əmələ xidmət etməsi kiminsə marağında deyildi. Buna ehtiyac da yoxuydu. Yalnız Əli Kərimli ötən əsrin 93-cü ilində Kələkidən vaz atıb Amerikada peyda olanda, arxayın idi ki, Elçibəyin qeybətini gizli kanallarla mətbuata ötürə biləcək adamı var. Bu adam məhz Cəmil Həsənli idi. Diqqət yetirsək, məhz Elçibəyin diskreditasiyasına nail olduqdan sonra Cəmil bəyin sonrakı siyasi ulduzunun parladığını görə bilərik. Əli Kərimli faktoru var ortada. Milli Məclisin 10 il ərzində üzvü olmuş Cəmil Həsənli nədənsə bu onillikdə öz fəaliyyətinin bircə pəncərəsini də açıb ətrafa boylanmadı. Ordan da yəqin ki, Azərbaycan siyasi məkanındansa şəxsi əyri-əskiklərin və müşküllərin improvizasiyalı ağlaşmaları daha aydın görünürdü. Ev yoxuydu, əldə etdi. Yaşadığı binanın ilk mərtəbəsini özəlləşdirmək imkanı qazandı. Universitetlərdə dərs saatı aldı, gözdən əlilliyini rəsmiləşdirə bildi, prezident təqaüdünə layiq görüldü. Hansını deyim... Müxalifətdə ortabab adam imici formalaşdırmış birisinin səsi də heç yoxuydu. Çünki, şəxsi problemlərinin həlli müqabilində dili lal olmağa məhkumuydu. Bə o zamanlar bu xalq niyə bu yarımçıq diplomatın yadına düşmürdü? Ötən prezident seçkilərində prezidentliyə ehtiyat namizəd uğrunda qopan köhnə tozanaqlarda ingilis barmağı ilə uğurlanmış Cəmil Həsənli layihəsi İsa Qəmbərə üstün gəlsə də, məlum oldu ki, yeni əsrin əvvəllərindən mürəkkəb tarixi situasiyalarda özünü itirmiş bu adamdan heç bir vəhclə prezident çıxmaz. Çünki, siyasətdə kimin kim olduğu açıq-aydın bilinməlidir. Bir müddət öncə xeyli üzüyola və məzlum görünən hörmətli ziyalının özü üçün qeyri-ənənəvi olaraq birdən-birə radikallaşması, hətta adına yaraşmayan qarayaxmalarla efirdən ölkə prezidentinə qarşı şər-böhtan püskürməsi seçiciləri aldatmadı.

Devizlərin sloqan xarakteri

Cəmil Həsənlini bu gün böyük ziyalı kimi xalqa təqdim edənlərin böyük əksəriyyəti də bəlkə bu fikrin ortaya qoyulmasında yanlışlıq yapdığının fərqindədir. Xüsusən Azərbaycan vətəndaşlarının gənc nəsli yazılmamış tarixi gerçəkliklərdən bixəbər olduğuna görə bəzi hallarda bu səbəbdən düzgün seçim etməkdə çətinlik çəkir. Bu dilemma qarşısında Cəmil Həsənlinin siyasi portretinin konturlarını xatırlatmaq gərəkir. Bu konturları biz cızmamışıq haa. Avropada Fransadan vurub Britaniyadan min oyunla baş-başa çıxan Cəmil müəllimlə əqidə qardaşı AXCP sədri Əli Kərimlinin zaman-zaman siyasi arenada kəsişən ləpirləri də az qala dil açıb Avropa və Amerikadan daha bir qrant istəyir. Cavablarda versin, ya verməsin dilemması yoxdur. Cəmil Həsənli fərqi yoxdur, kim olsun, aldığını deyəsən, savab hesab edir. Sadəcə həqiqət var: bunlar siyasətin doymamış məhlullarıdır. Qrant-mrantla qane olan deyillər.İngilislərin firon köpəklərinə olan hədsiz ənənəvi məhəbbəti də bunların iç dünyasına yerləşmir. Saytların yazdığına görə, Cəmil Həsənlinin həyat fəlsəfəsində "Ailə - Vətənə sevginin mənbəyidir","Möhkəm ailə - güclü dövlətin mənəvi təminatıdır" kimi devizlər geniş yer alır. Bu devizlərin sloqan xarakteri Cəmil Həsənlinin nüfuzunun artmasına işləyə bilərmi? Söhbət vətən sevgisindən gedirsə, siyasi liderin malik olduğu ən xırda elementlər də müzakirə mövzusuna çevrilir. Bu baxımdan, Cəmil Həsənlinin ingilis kürəkəninin ailəsi ilə hansı ölkədə yaşamasının da məsələyə dəxli var. Ölkə hakimiyyətinə nifrətini Avropa və ingilis əxlaqına məhəbbəti ilə kompensasiya etmiş kimi görünən bir şurabaşıdan necə baş açmaq olar? Təəssüf ki, Azərbaycan hakimiyyətinin uğurlarını görmək istəməyənlərin istədiklərini görmək üçün Azərbaycan məkanında "əlikərimli" və "cəmilhəsənli" tapmaq problemi yoxdur. Problem ondadır ki, bunlar və siyasətimizin bu kimi doymaq bilməyən məhlulları demokratiya və insan hüquqları altında pərdələnərək siyasi sabitliyi hər vasitə ilə pozmağa, inkişafımızı sarsıtmağa, ölkəmizi çətin duruma salmağa hazırdır. Bunu öz müxalifətimizin əli ilə həyata keçirmək istəyirlər oralarda. Müxalifət də sökülə-sökülə, tökülə-tökülə yenidən təşkilatlanacaq, buralarda. Biz də yeni şouları seyr edib bitlənmiş müxalifətin "tin möizələrinə" qulaq kəsilmək zorunda qalmalıyıq. Amma, bir şey də var ki, Avropa İttifaqı Əli Kərimlinin, eləcə də şurabaşı Cəmil müəllimin mövqeyinə yatırdığı fitilin barıtını hərgah günbəgün artırırsa, partlayışlar ilk növbədə müxalifətin axırına çıxacaq.

P.S. Mən Cəmil Həsənliyə 5 baş dana etibar etməzdim.
Mahir Sevdimalıyev





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net