Ana Sayfa > Ölkə / Manşet > İcra başçısının Eldar Mahmudovla 100 minlik ədavəti

İcra başçısının Eldar Mahmudovla 100 minlik ədavəti


26-10-2015, 11:32. Yazar: admin
İcra başçısının Eldar Mahmudovla 100 minlik ədavəti
Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra hakimiyyətə yaxın media onun haqqında silsilə veriliş və yazılar hazırlayaraq cəmiyyətə açıqlasa da, heç bir icra başçısı bununla bağlı konkret fikir səsləndirməyib.

TİA.AZ xəbər verir ki, indiyə qədər iki icra başçısı Eldar Mahmudovla bağlı sərt ittiham səsləndirib. Onlardan biri Səbayel rayonunun icra başçısı Eldar Əzizovdur ki, açıqlamasında o, konkret ad çəkmədən sadəcə işarələr vurmuşdu. Digər icra başçısı isə Ceyhun Cəfərovdur. Kürdəmirin icra başçısı hətta rayon İcra Hakimiyyətində bu ilin ilk 9 ayının yekunlarına dair hesabat yığıncağında açıq tekstlə Eldar Mahmudov haqqında sərt danışıb. Və hesabat yığncaqları zamanı hələ heç bir icra başçısı bu mövzuya toxunmayıb. Yəni Ceyhun Cəfərov bu prosesdə ilkdir.

Kürdəmirin icra başçısı öz çıxışında deyir: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən çox olmasını, göstərilən sahədə süi-istifadə hallarını qeyd etmiş, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirmişdir. Buna baxmayaraq Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi və bir qrup əməkdraşları əlbir olaraq Respublikada böyük sahibkarlıq subyektlərinə qarşı qanunsuz hərəkətlərə yol vermiş, şəxsi mənafeləri üçün əsassız təzyiqlər, təqiblər və maneələr göstərərək küllü miqdarda vəsaitlər mənimsəməklə korrupsiya hallarına yol vermiş, sahibkarlığın inkişafına ciddi maneələr törətməklə ölkə iqtisadiyyatına ciddi ziyan vurmuşlar. Cənab Prezidentimizin bu sahədə gördüyü qətiyyətli tədbirlər nəticəsində Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin tutduğu vəzifədən azad edilməsi Respublika əhalisi və eləcə də rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir və müdafiə edilir”. Sual oluna bilər ki, Ceyhun Cəfərovun belə bir fikir səsləndirməsində nə kimi qəbahət var? İlk baxışdan heç bir qəbahət yoxdur və o, Prezidentin etimad göstərdiyi şəxs kimi, Eldar Mahmudov, hətta istəsə istənilən nazir haqqında danışa bilər. Amma... İşin amması odur ki, icra başçıları arasında Eldar Mahmudov haqqında danışmalı olan ən sonuncusu elə Ceyhun Cəfərov olmalıdır. Çünki Kürdəmirin icra başçısının oğlu MTN-də hərbi xidmət keçib. Belə ki, hələ bir il bundan əvvəl Cəfərov özü də etiraf etmişdi ki, oğlu hərbi xidmətdədir. Lakin o, oğlunun konkret olaraq hansı hərbi hissədə qulluq etdiyi barədə danışmamışdı.
TİA.AZ-ın araşdırmalarına görə, ali təhsilli olduğuna görə, 1 il həqiqi hərbi xidmət keçməli olan oğul Cəfərov bu ilin yayında təxris olunub. Bir il müddəti ərzində isə onun hərbi hissədə olmadığının iddia edəcək məlumat isə elə bir il əvvəl yayılmışdı. Belə ki, icra başçısının oğlunun adı ötən ilin oktaybrında Bakıda ölümlə nəticələnən avtomobil qəzasına qarışmışdı. Medianın yaydığı məlumatda qeyd olunudu ki, 19 oktyabrın 2014-cü il tarixdə paytaxtın “Neftçilər” prospektində ağır yol-nəqliyyat qəzası baş verib. Həmin vaxt Port-Baku Towers-in qarşısında “BMW” markalı avtomobil TİR-lə toqquşubmuş. Nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib. Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilir. “Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq, Bakıya dönürmüş. Ceyhun Cəfərovun oğlu isə 2 dostu ilə onu hava limanında qarşılayaraq, evlərinə müşayiət edirmiş”. Düzdür, icra başçısı həmin vaxt oğlunun heç bir avtoqəza törətmədiyini desə də, bunu inkar edənlər daha çox idi. İndi isə qayıdaq mətləbə, daha doğrusu, işin əmmalı tərəfinə.

TİA.AZ xəbər verir ki, bir neçə gün əvvəl mətbuatda sabiq MTN şefi Eldar Mahmudovun əsas gəlirli mənbələri ilə bağlı xəbər yayılmışdı. Həmin xəbərdə əsas gəlir yerlərindən biri isə əsgəri çağırışdan sabiq nazirin qazandığı pullardan bəhs olunurdu. Məlumatda iddia edilirdi ki, MTN-də xidmət etmək istəyən şəxslərə nazirliyin əlaqədar əməkdaşları üç cür “menyü” təklif ediblər ki, menyüdəki qiymətlər xidmət yeri və rahatlıq amilinə görə müəyyənləşirilib. Belə ki, MTN-nin “N” saylı hərbi hissəsində xidmət etmək istəyənlərə bunun üçün 25 min manat ödəmək təklif olunub. Çağırış yaşına çatan şəxslərə bildirilib ki, onlar əsgəri xidmətlərini bu hərbi hissədə, eləcə də Badamdardakı MTN-ə məxsus hospitalında keçəcəklər. Menyüdə yer alan ikinci xidməti yer nazirliyin əsas binası və MTN-nin Mədəniyyət Mərkəzi olub ki, əsgəri xidmətini bu obyektlərdə çəkmək istəyənlərdən 50 min manat vəsait tələb olunub.
Əsgəri xidmətini MTN-də keçmək istəyən, amma heç bir halda əsgəri forma geymə istəməyənlərdən isə 100 min manat tələb olunub ki, onlar xidmət müddəti ərzində bir dəfə də olsun xidmət yerlərinə gəlmir, başqa sözlə desək, əsgərliyi evlərində çəkirlər. Görünür, Ceyhun Cəfərovun sabiq MTN şefi haqqında sərt danışması elə oğlunun məsələsi ilə bağlı olub. Yəni, ona oğlunun xidməti ilə əlaqədar təklif olunmuş “menyu” hələ də onu “yandırır”. Bir qədər də geniş izahat verək: Ceyhun Cəfərovun oğlunun Bakı küçələrində maşın sürməsi xəbəri təsdiqini taparsa, bu o deməkdir ki, MTN-də əsgəri xidmət keçən sözegdən şəxs üçüncü kateqoriya “menyu”nun imkanlarından istifadə edib. Yəni Kürdəmirin icra başçısı sabiq nazirə 100 min manat verib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön