Ana Sayfa > Ölkə / Manşet > Zakir Həsənov Nəcməddin Sadıkovla hara qədər gedə bilər?

Zakir Həsənov Nəcməddin Sadıkovla hara qədər gedə bilər?


19-10-2015, 09:37. Yazar: admin
Zakir Həsənov Nəcməddin Sadıkovla hara qədər gedə bilər?
Müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrə rəhbər gətirilməsindən sonra ordudakı vəziyyətin müsbət istiqamətdə dəyişməsi göz önündədir.

Qeyd edək ki, maddi-texniki bazanın gücləndirilməsi, əsgərlərin təminatının yaxşılaşdırılması və bu kimi digər məsələlərdə önəmli irəliləyişlər var. Amma peşəkar kadrların idarəetmədə istifadə olunmaması, müharibə şəraitinin olduğunu nəzərə alaraq döyüş görmüş zabitlərin idarəetmədə önə çəkilməməsi kimi mənfi tendensiyalar hələ də qalmaqdadır.

Məlumdur ki, hazırda döyüş hazırlığı və bu istiqamətdəki bütün strategiya Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıkova tapşırılıb. Amma N.Sadıkovun idarəetmə mexanizmi həm ordudakı yüksək rütbəli zabitlər, həm də ön xəttdəki zabitlər tərəfindən müsbət qarşılanmır.

Bu barədə bizi bilgiləndirən yüksək rütbəli zabitlərdən birinin sözlərinə görə, N.Sadıkovun rus dilində danışması, həm təlimlər, həm müşavirələr zamanı rus dilində göstərişlər verməsi narazılıq yaradıb.

Mənbəmiz deyir ki, bəzən Sadıkovu anlamayan zabitlər olur ki, anlaşılmazlıq yaranır və tərəflər başqa-başqa məsələlərdən danışırlar:

«Bilirsiniz ki, bizim elə zabitlərimiz var ki, Türkiyədə təhsil alıblar, bir qism də rus dilini çox zəif bilir, yaxud, ümumiyyətlə bilmirlər. Nəcməddin Sadıkov isə ancaq rus dilində danışır, göstərişlər verir. Rus dilin bilməyən zabit isə heç nə başa düşmür. Təsəvvür edin ki, döyüş zamanı belə bir hal baş versə, necə olacaq? Əgər sabah müharibə başlasa, döyüş əmrləri rus dilində verilir və zabit bunu anlamır, o zaman hansı dəhşətli mənzərənin yarandığını təsəvvür eləmək çətin deyil».

Müsahibimiz onu da nəzərə çatdırıb ki, keçmiş müdafiə naziri Səfər Əbiyev də ilk vaxtlar Azərbaycan dilində danışa bilmirdi, amma o, müəyyən müddət lüğətlərdən və digər materiallardan istifadə edərək, ana dilimizi öyrəndi.

«Nəcməddin Sadıkov isə olaraq, belə bir cəhddə bulunmur, əksinə, yaxın ətrafına rus dilini bilənləri toplamağa çalışır və onları da rus dilində danışmağa sövq edir. Ümumiyyətlə, Azərbaycan zabitlərinə həmişə yuxarıdan aşağı baxıb, elə indi də həmin mövqedədir. Birincisi, Azərbaycan dili dövlət dilidir və hər bir vəzifəli şəxs bunu bilmək və daşınmaq məcburiyyətindədir. İkincisi, bu dildə danışmaq milli mənəvi dəyərlərimizə, vətənpərvərlik hissini yüksəldilməsinə xidmət edir. Ona görə də ordu sıralarında xidmət edən zabitlər, xüsusən də döyüş yolu keçmiş zabit gizirlər bu «ruslaşma»dan narahatdırlar. Bu cür münaibət bəzi hallarda ruh düşkünlüyü yaradır, amma həmin zabitlərin vətən sevgisi bu idaretəyə dözməyə də kifayət edir. Hər halda, bu idarəetmə prinsiplərinin dəyişməsinə ehtiyac var», - deyə fikrini tamamlayıb.

Adının çəkilməsini istəməyə keçmiş döyüşçülərdən biri isə deyib ki, hələ 90-cı illərin əvvəllərində N.Sadıkovun kobud üslübü hamını narazı salırdı:

"O, hər zaman rus dilində əmrlər verirdi, özü də söyüşlə danışırdı. Zabitləri təhqir edirdi, onlarla çox ağır sözlərlə danışırdı. Ağdərədə onun Azərbaycan əsgərlərini necə söyə-söyə Kəlbəcərə tərəf yönləndirdiyinin şahidi olmuşuq. Əmr vermək olar, əsgər də onu yerinə yetirməyə borcludur, amma döyüşə gedən əsgərə bu cür münasibət göstərmək olmaz. Bir keçmiş döyüşçü kimi, yenidən müharibə başlayanda Nəcməddin Sadıkov kimi birisinin əmr verməsini istəmərəm. Hesab edirəm ki, nazir Zakir Həsənov prezident qarşısında Nəcməddin Sadıqovun postundan uzaqlaşdırılması məsələsini qaldırsa, çox yaxşı olar”.

Məsələylə bağlı açıqlama verən hərbi-ekspert Üzeyr Cəfərov da təəssüflə qeyd edib ki, bu günün özündə də ordumuzun sıralarında əcnəbi dildə, yəni rus dilində danışmağı xoşlayan, bu dildə hətta əsgər və zabitlərlə danışan, onlara göstəriş və əmrlər verən komandirlərə də, hətta generallara da rast gəlmək olur. Onun sözlərinə görə, ilk baxışdan normal görünsə də, şəxsi bu, heç də tam doğru yanaşma sayıla bilməz:

«Azərbaycanın rəsmi dövlət dili var və Sİlahlı Qüvvələrimizdə də bu dil istifadə olunmalıdır. Mən məsələnin hərbi aspektinə toxundum. Ölkəmizin dövlət və hökumət strukturlarında eyni mənzərəni müşahidəe tmək olur. Çalışmaq lazımdır ki, belə hallara diqqət edək.

Mən, əsla xarici dillərin işlənməsinin əleyhinə deyiləm. Amma, baxır harda və necə. Hər halda biz bir müstəqil dövlətin vətəndaşları kimi çalışmalıyıq ki öz ana dilimizə, dövlət dilimizə hörmət bəsləyək. Sözsüz ki, belə hallar olanda bəzən zabit və əsgərlər arasında istər-istəməz narazılıqlar və anlaşılmazlıqlar ola bilər».

Z.Məmmədli

Geri dön