Ana Sayfa > Ölkə / Manşet > "Azərenerji": Mingəçevir futbolunun xilaskarı, yoxsa qatili?
"Azərenerji": Mingəçevir futbolunun xilaskarı, yoxsa qatili?9-10-2015, 11:05. Yazar: admin |
11 sentyabr. "Energetik" - "Neftçala" - 0:12... 18 sentyabr. "Bakılı" - "Energetik" - 7:2... 23 sentyabr. "Energetik - "Qaradağ Lökbatan" - 0:5... 1 oktyabr. "Şərurspor" - "Energetik" - 6:0... İlk 4 turdan sonra qapısında 30 top görən Mingəçevirin komandası I divizionda 14 klub arasında xalsız qalan yeganə komandadır. Mingəçevir futbolunun tarixində hələ belə bir biabırçı durum yaşanmamışdı... Qaynar.info Azərbaycanın 4-cü böyük şəhəri olan Mingəçevirdə futbolun acınacaqlı durumuna toxunmaq qərarına gəlib. Araşdırmamız zamanı bizə bəlli olmayan bəzi maraqlı məqamlar da üzə çıxıb. Əslində bu barədə yazı hələ "Energetik"in Mingəçevirdə "Neftçala"ya rüsvayçı darmadağınından sonra siz oxucuların hüzuruna gəlməli idi. Ancaq "Neftçala"nın I dəstənin ötənilki çempionu olduğunu nəzərə alaraq, bir qədər hadisələrin axarını gözləməli olduq. Nəticədə yeni yaradılmış "Şərurspor"a böyük hesablı məğlubiyyət bu yazını ərsəyə gətirməkdən başqa bizə ayrı yol buraxmadı. "Toxucu” və "Avtomobilçi” Bəs, Mingəçevirdə futbol əvvəl belə olubmu? Tarixə ötəri nəzər saldıqda, hər şeyin istər SSRİ, istərsə də müstəqillik qazandığımız 90-cı illərdə fərqli olduğunu görürük. Ümumiyyətlə, Mingəçevirdə futbol 1966-cı ildə "Neftçi"nin SSRİ birinciliyinin bürünc medal qazanması ilə kütləviləşib. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. Sonra komandanın adı azərbaycanca "Toxucu" adlandırılıb. 1969-cu ildə bu komandada Nadir Qasımov kimi tanınmış məşqçilərimizdən biri çıxış edib. 1980-ci ildə Bakının "Avtomobilçi" ("Avtomobilist") komandasının oynadığı "Spartak" stadionu əlindən alındığı üçün Mingəçevirə köçüb və həmin ildən bu klub bu şəhəri təmsil edib. "Avtomobilçi" SSRİ çempionatının II divizionunun IX zonasında Qafqaz komandaları ilə birgə mübarizə aparıb ki, burda "Kəpəz"lə keçirilən matçlar derbi ab-havasında baş tutub. "Avtomobilçi"də futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Nadir Qasımov o illəri belə xatırlayır: "Mən Mingəçevirdə futbolçu kimi "Tekstilşik"də və "Avtomobilçi"də çıxış etmişəm. 1980-ci ildə Bakıdan Mingəçevirə köçəndə heyətimizdə 2 erməni (onlardan biri Oleq Sarkisyan olub - S.T.) vardı. Mingəçevirə köçəndə uşaqlar bir az narazı idilər. Ancaq burda futbol oynamaq üçün hər cür şərait vardı. Onlara demişdim ki, burda hər şey yaxşı olacaq. Bizi Mingəçevirdə 2 otaqlı mənzillə təmin etdilər... 1982-ci ildə Mingəçevirdə futbolçu karyeramı bitirdikdən sonra "Spartak" cəmiyyətinin nəzdində uşaq futbol məktəbi açdım. 1 il sonra Anatoli Banişevski "Avtomobilçi"yə baş məşqçi gətirildi. O gələn kimi mənə köməkçisi olmağı təklif etdi, razılaşdıq. Belədə mənim yerimə həmin məktəbə əməkdar məşqçimiz Baba Mustafayev təyin olundu. Bizim vaxtımızda heyətdə Şahin Diniyev, Qəhrəman Əliyev, Elşad Xudadatov kimi futbolçular çıxış edirdi. Banişevski komandadan gedəndə baş məşqçi mən olmalıydım, ancaq fırladıb onun digər köməkçisi Aleksandr Trofimovu təyin etdilər. Onun vaxtında da komanda uğursuz nəticələr göstərdi, sonuncu oldu. Nəticədə 1989-cu ildə bu komanda dağıldı. Ancaq buna baxmayaraq, mənim hələ də orda münasibət saxladığım yaxın dostlarım qalmaqdadır". "Kür” və "Kür-Nur” Ancaq "Avtomobilçi" dağılsa da, Mingəçevir futbolsuz qalmır. 1990-cı ildə burda "Kür" adlı komanda yaradılır və bu komanda 2 il sonra keçirilən Azərbaycanın ilk müstəqil çempionatında iştirak edir. Karyerasına "Avtomobilçi”də başlamış millimizin sabiq müdafiəçisi Ramiz Məmmədov, Mehman Baxışov kimi futbolçuların sayəsində "Kür” 26 klubun mübarizə apardığı ilk ildəcə VII yeri tutur, eləcə də komanda ölkə kubokunun finalına vəsiqə qazanır. Ancaq 1992-ci il avqustun 30-da Bakının "İnşaatçı" komandasına əlavə vaxtda buraxdığı qol hesabına uduzur - 1:2. "Kür" növbəti mövsüm keçirilən sistemə görə A qrupunda VI olur. 1993/94 mövsümünün ortasında klubu Mingəçevir Su Elektrik Stansiyası himayəsinə götürdüyündən komandanın adında cüzi dəyişiklik edilir: "Kür-Nur". Sonradan "Qızıl oğlan” ləqəbini almış Zaur Tağızadə növbəti mövsüm karyerasına məhz burda başlayır. 1995/96 mövsümündə isə hazırda "Qarabağ”ın digər məşqçisi olan Qurban Qurbanovun da yolu "Kür-Nur”dan keçir və burda 4 qola imza atır. Bu komanda ardıcıllıqla V, V, VI, XIII, və XI yerləri tutur. 1997/98 mövsümü başa çatdıqdan sonra komanda maliyyə problemləri ucbatından dağılır. Bundan əvvəl komanda 1994/95 mövsümündə 2-ci dəfə kuboku qazanmağa yaxın olur. Lakin Böyükağa Ağayevin çalışdırdığı komanda bu dəfə kuboku mayın 28-də keçirilən finalda digər paytaxt komandası "Neftçi"yə verməli olur - 0:1. "Ulduz” Mingəçevir bir müddət peşəkar futbolda təmsil olunmur. Bununla belə, 1991-ci ildə "Kür”ün baş məşqçisi olmuş Ənvər Nəsibovun rəhbərliyi altında Mingəçevirdə "Ulduz” komandası yaradılır və həvəskarlar arasında keçirilən ölkə birinciliyinə qatılır. Hətta 1999 və 2000-ci illərdə bu komanda ardıcıl 2 dəfə Azərbaycan çempionu olur, 1 dəfə isə kuboku qazanır (2 il əvvəl Mingəçevir Turizm Kollecinin "MTK-Ulduz" komandası da ölkə çempionu ola bilib - S.T.). Həmin vaxt heyətdə sonradan "Qəbələ", "Karvan" və "Kəpəz" kimi tanınmış klublarda oynamış Azər Həşimov, eləcə də sonradan "Xəzər Lənkəran” və "Qəbələ”nin qapıçısı olmuş Elnar Kərimov, "Qəbələ” və "Kəpəz”in üzvü olmuş Pərvin Paşayev də var idi. Mübariz Mənsimova imkan verilmədi… Bildiyiniz kimi, hazırda Hakimlər Komitəsinin sədri olan Xaqani Məmmədovun "sayəsində” Azərbaycanda 2002/03 mövsümü keçirilmədi. Futbolsuz günlər başa çatdığı bir vaxtda - 2003-cü ildə dövlətin "hərəyə bir klub maliyyələşdirək” siyasəti nəticəsində hər bir şirkət futbola pul yatırımı etməyə başladı. Bəlkə də bunu çoxları bilmir. "Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Mingəçevirdəki şəraitdən, orda futbolun keçmişindən xəbərdar idi. Bu üzdən Türkiyədə biznesini qurmuş azərbaycanlı iş adamı "Xəzər Lənkəran”dan əvvəl yatırımını Mingəçevir futbolu üzərinə etmək istəyirdi. Onun burda yeni stadion və otel tikdirmək fikri vardı. O vaxtlar futbola nəzarət yerli icra hakimiyyətləri tərəfindən edilirdi. Ona görə də Mənsimov 1999-2005-ci illərdə Mingəçevirin icra başçısı olmuş, sonra Bakı Şəhər Baş Təhsil İdarəsinin müavini olan Məhəbbət Qarabağlıya (xalq şairi Zəlimxan Yaqubun qudası – S.T.) müraciət edir. O isə 200 min manat müqabilində burda yeni klub yarada biləcəyini Mənsimova çatdırır. Məhz icra başçısının gözlənilməz pul istəməsi Mənsimovun geri çəkilməsinə səbəb olur... ...və "Azərenerji” sükanı ələ keçirdi Nəticədə "Azərenerji" şirkəti məcburən Mingəçevirdə yeni klub yaratmalı olur - "Energetik". Bu komanda I dəstədən mübarizəyə qoşulur və 8 klubun iştirak etdiyi ilk mövsümdə IV yeri tutur. Növbəti mövsüm isə "Energetik" II pilləni tutur və AMMK (indiki AZAL) ilə birgə elitada iştirak etmək hüququ qazanır. Təbii ki, "Azərenerji” rəhbərliyi” qısa müddətdə bunu gözləmirdi. Üstəlik, elitada indiki kimi az pul xərcləməli olmayacaqdılar. Bu üzdən "Azərenerji” rəhbərliyi maliyyə səbəblərini əsas gətirərək "Energetik"i bu hüquqdan məhrum edir.Mingecevirfk.jpg Bundan sonra "Energetik"in çətin dövrləri başlayır. Komandada maliyyə durumu əvvəlkindən də pis olur. Nəticədə az-çox məşhur olan futbolçuları da yeni yaranan "Qəbələ” klubu sıralarına qatır. "Energetik” bundan sonra bir daha özünə gələ bilmir. Sıralama isə belə olur - X, VII (B qrupu), VI (B qrupu), IV, X, XII, XII, X, XVI, XIV. Cari mövsümə ardıcıl 4 darmadağınla start verən "Energetik” hələ "Neftçala”ya yenilgidən sonra uzun müddətdir komandada çalışan Sahib Qocayevin istefa ərizəsini yazması ilə nəticələnir. Yerinə isə vaxtı ilə "Energetik”in təsisçilərindən olmuş Ənvər Nəsibov gətirilir. Komanda 2012-ci ildə uğursuz nəticələrdən sonra dağılmaq təhlükəsi ilə üzləşən vaxt klubun vitse-prezidenti Elbrus İsmayılovun müsahibəsi "Şahdağ”ın sponsoru da "Azərenerji”yə gedib çıxır I divizionda mübarizə aparan daha bir klub - "Şahdağ”ın sponsoru da dolayı yolla"Azərenerji”dir. 2004-cü ildən bu kluba Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyev rəhbərlik edib, sponsor isə "Atlant" şirkəti olub. Lakin 2013-cü ildə qardaşı tərəfindən Vüqar Pirverdiyev və "Atlant" şirkəti klubu maliyyələşdirməkdən uzaqlaşdırılıb. Bundan sonra klub "Azenko” ASC-yə tapşırılıb. Dərinliyə dalanda görürsən ki, bu klubun da başında Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurum dayanır. Qısa araşdırma zamanı məlum olur ki, "Azenko” 2008-ci ilə qədər "Azerenerji”nin tərkibində "Azerenerjitikinti” MMC adıyla fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC "Azenko” Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. 2009-cu ildə keçirilən tenderi isə "İnter Enerji” udaraq bu şirkətin 97,5% səhmlərinə sahib çıxıb. Təkzib edilməyən məlumatlara görə, "İnter Enerji” MMC isə Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə onun qaynı həyata keçirir. "O, Qusardan olduğu üçün "Şahdağ”a baxır, "Energetik”ə yox” Vaxtı ilə "Energetik”lə I dəstənin gümüş medalını qazanmış Azər Həşimovla isə Mingəçevir futbolunun hazırkı vəziyyəti haqda danışdıq. Klubun vitse-prezidenti Elbrus İsmayılovun danışmağa çəkindiyi bəzi məqamları Həşimov bizə bildirdi: "O vaxtkı icra hakiminin Mübariz Mənsimovdan filan qədər pul istəməsini mən də eşitmişəm. Məbləği bilməsəm də, bilirəm ki, belə olub… Biz "Energetik”lə o vaxt elitaya lider kimi çıxacaqdıq. Sadəcə son turda "Göyçə” ilə oyunda xal itirdik, nəticədə AMMK çempion oldu. O vaxt bizə 100 dollar verilirdi ki, bu da I dəstə üçün həmin dönəmə görə pis pul deyildi. Lakin "Azərenerji”dən komandanın elitada çıxış etməsini istəmədilər. Bundan sonra vəziyyət pisləşdi. Mən "Karvan”, "Neftçala” və "Kəpəz”də oynayan vaxtlar Mingəçevirdə "Energetik”ə qarşı oynamışam. Uşaqların hamısı şikayətlənir. 60-140 manat aralığında pul alırlar, ona görə də nəticə verə bilmirlər. Bildiyimə görə, "Azərenerji” pul vermədiyi üçün komandanın əsas meydançada məşq etməsinə icazə verilmir. Yalnız oyundan oyuna komanda əsas meydançaya buraxılır. "Azərenerji” "Şahdağ”a da sponsorluq edir. Ancaq orda futbolçular 500 manat maaş alırlar. Ona görə də Mingəçevirdən fərqli, rayon komandası olmasına baxmayaraq, "Şahdağ”ın nəticələri yaxşı olur. Bildiyimə görə, "Azərenerji”nin rəhbərliyi Qusardandır (doğrudan da, "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Qusarın Yuxarı Ləgər kəndində anadan olub – S.T.). O pul "Energetik”ə ayrılsa, görün, uşaqlar necə çıxış edər?!” "Energetik”ə çatacaq pullar Pirverdiyevin köməkçisinin cibinə gedir? "Energetik”in hazırkı prezidenti sənədlərdə Mingəçevir DRES-in sabiq direktoru Şıxməmməd Aslanovdur. O, "Azərenerji” ASC-də Elektrik Enerjisinin İstehsalı İdarəsinin rəisi işlədikdən sonra 2008-ci ildə prezidentin sərəncamı ilə "Azərenerjitikintiquraşdırma” ASC-nin sədri təyin olunub. Lakin ürəyindəki xəstəliyinə görə, faktiki olaraq kluba o nəzarət etmir. Klub vaxtı ilə uşaq futbolunda məşqçi işləmiş vitse-prezident Elbrus İsmayılovun rəhbərliyi ilə idarə olunur, amma… Əldə etdiyimiz məlumata görə, maliyyə məsələlərinə "Azərenerji”də Məhərrəm adlı şəxs baxır. Məhz pul da ondan alınıb, futbolçulara verilir. Qısa araşdırmamız zamanı müəyyən etdik ki, bu adam Məhərrəm Novruzovdur. Həmin şəxs Etibar Pirverdiyevin "Azərenerji”dəki köməkçisidir. Mətbuatda onun haqda kifayət qədər heç də xoş olmayan yazılara rast gəlmək mümkündür. 5 il əvvəl "Azərenerji”ni kimlər idarə edir” sərlövhəli yazıda Novruzov haqda bu sözlər yazılıb: "Pirverdiyevin köməkçisi Məhərrəm Nəcəfov isə qurum prezidentinin bütün səlahiyyətlərini icra edən, kimə nə qədər sərbəstlik verilməsini təyin edən, kimin hansı vəzifəyə uyğun gəlməyinə razılıq verən, kimə tutduğu vəzifəyə görə hansı avtomobilin ayrılmasını təyin edən bir şəxsdir”. Hər halda, bu bir cümlə çox şeyi ifadə edir və "Azərenerji” kimi qurumda bu qədər söz sahibi olan birisi klubun da faktiki rəhbəri sayılır. Məhz o, komandaya nə qədər pul ayrılmalı olduğunu müəyyənləşdirir. Futbolçuların "Azərenerji”nin işçisi kimi təqdim edilməsi də onun təşəbbüsüdür. Təbii ki, "Azərenerji”nin işçisi 60 manat pul almır. Belədə futbolçulara çatacaq pulun mənimsənilməsi faktı ortaya çıxır. İnanırıq ki, "Azərenerji” tərəfi Mingəçeviri faktiki olaraq belə əməlləri ilə futbolsuz qoyduğuna dair müəyyən hesabat verməyə özündə güc tapacaq. Yekun söz Bizdə olan məlumata görə, futbola sponsorluq etdiyini "yuxarılar”a göstərmək üçün "Azərenerji” rəhbərliyi klubdan imtina etmək istəmir. Çünki bununla Etibar Pirverdiyev prezidentin qəzəbinə tuş gələ biləcəyindən qorxur. Halbuki I dəstədə çıxış edən kluba illik 300 min manat bəs edir ki, bütün ehtiyaclarını qarşılasın. Futbolçulara ayda 500 manat veriləcəyi halda, bu komanda qış fasiləsində heyətini gücləndirməklə azı bu mövsüm orta sıralarda qərarlaşa bilər. Düşünürük ki, ölkədə maliyyə böhranı yaşanmazdan əvvəl futbola pul yatırımında maraqlı olan sponsorlar da "Azərenerji”yə görə kluba yaxın durmaq istəməyib. Hazırda "Azərenerji”nin vəziyyətinin də yaxşı olmadığını düşünmək olar. Çünki artıq qurumun dolayı yolla himayəsində olan digər klub – "Şahdağ” da 4 turdan sonra cəmi 1 xal toplayıb və "Energetik”lə sonuncu sıraları bölüşdürür. Belədə ümid var ki, iş adamlarının "Azərenerji”yə müraciəti sayəsində bəlkə bu qurum insafa gəlib kluba başqa şirkətlərin sponsorluq etməsinə razılıq verə. Sonda sizə əvvəlcə "Energetik"in ard-arda aldığı rüsvayçı məğlubiyyətlərdən ibarət videoları, daha sonra Mingəçevirin Yaşar Məmmədzadə adına şəhər stadionundan çəkdiyimiz görüntüləri təqdim edirik. Sizcə, ot örtüyü heç də pis olmayan, əlavə meydançaları, basketbol meydançası, içərisində digər idman növlərinə dair zalları olan stadiona malik bir komandanın neçə illərdir ki, bu vəziyyətdə olması acınacaqlı deyilmi?! Geri dön |