Ana Sayfa > Ölkə / Manşet > Vilyam Hacıyev həyəcanlı günlərini yaşayır...

Vilyam Hacıyev həyəcanlı günlərini yaşayır...


2-04-2015, 10:37. Yazar: admin
Vilyam Hacıyev həyəcanlı günlərini yaşayır...
Bildiyiniz kimi, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İmişli rayon filialının müdiri Razi Talıbzadə 2013-cü ilin oktyabr ayında həbs olunub. Belə ki, Razi Talıbzadə ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ötən ilin sentyabr ayında isə, "Aqrolizinq" ASC-nin İmişli rayon filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə, şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. Odur ki, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Budur, artıq bir neçə aydır ki, sözügedən məsələ ilə bağlı iş məhkəmə baxışındadır və bu səbəbdən də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ciddi təlaş keçirir. Çünki, icra başçısı "Aqrolizinq" ASC-nin İmişli rayon filialının müdiri Razi Talıbzadənin məhkəmə iclasında onun da adını çəkə biləcəyindən ehtiyat edir. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, məhz bu səbəbdən də Vilyam Hacıyev səbirsizliklə məhkəmənin verəcəyi qərarı gözləyir: "İmişlinin icra başçısının başı yaman dərddədir. Çünki, rayonun elə kəndləri var ki, hətta ayaq tutub yeriyə bilməyən qadınlara belə guya gübrə almalarına dair imza atdırıblar. "Aqrolizinq" ASC-nin İmişli rayon filialının müdiri Razi Talıbzadənin göstərişilə həyata keçirilib. Lakin icra başçısı Vilyam Hacıyevin bütün olan-bitəndən xəbəri olub. Ancaq hər şey qarşılıqlı razılaşma əsasında olduğundan icra başçısı özünü görməməzliyə vurub. İndi isə iş Lənkəran Ağır Cinayətlər Məhkəməsindədir. Bu isə Vilyam Hacıyevi xeyli təlaşlandırıb. O ehtiyat edir ki, Razi Talıbzadə hər şeyi açıb danışar. Əgər bu baş verərsə, o zaman İmişli rayonunun icra başçısının kreslosu laxlaya, hətta o, vəzifəsini itirə bilər". Vilyam Hacıyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinə yol tapmağa çalışdığını vurğulayan mənbə iddia edir ki, o, bu məqsədlə bütün əlaqələrini işə salıb: "İmişli sakinlərinə yaxşı bəllidir ki, Razi Talıbzadə və ətrafındakı şəxslər texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanıb. Buna görə də rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalıblar. Filialın fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə və pestisidlərlə təchizat xüsusundadır. O da bəllidir ki, İmişli Rayon İcra Hakimimyyəti dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin sahələrini süni surətdə şişirdir. Elə buna görə də Vilyam Hacıyev "Aqrolizinq" ASC-nin İmişli rayon filialının müdiri Razi Talıbzadənin məhkəmədə yo verilən qanunsuzları açıb deyəcəyindən və bu işlərdə onun da rolunun olacağını bildirəcəyindən ehtiyat edir. Bunun baş vermə ehtimalı isə, heç də az deyil…"

Geri dön