Ana Sayfa > Ölkə / Manşet > Ramiz Yediyarovdan daha bir möhtəşəm yalan
Ramiz Yediyarovdan daha bir möhtəşəm yalan7-08-2015, 11:27. Yazar: admin |
İyul ayının 31-də ölkənin bir çox informasiya vasitələrində belə bir sevindirici xəbər yayımlandı: “Bu gün Gədəbəy rayonunun Çalburun, Masallı rayonunun Sərcuvar və Alışanlı, Tərtər rayonunun Poladlı, Mamırlı, Kəngərli və Bala Kəngərli, Bərdə rayonunun Qaradırnaq, Arabaçılar, Hacılar və Balaqacar kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Gədəbəy rayonunun 375 abonenti olan Çalburun kəndinə ilk dəfədir ki, qaz verilir. Bunun üçün birpilləli sistem əsasında 21 047 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 ədəd siyirtmə, 375 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb...” Düzü Masallı, Tərtər və Bərdə rayonlarında vəziyyətin nə yerdə olduğuna dair bir məlumatımız yoxdur. Amma Gədəbəy rayonuna gəlincə, “Bəxtiyar” filmindən Ağabalanın sözlərilə də olsa, əminliklə deyə bilərik ki, burada “kiçik bir xəta baş vermişdir”. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov öz yalan və maxinasiyalarını artıq rəhbərlik etdiyi rayonun hüdudları ilə məhdudlaşdırmayaraq, onları bütün respublikaya, o cümlədən birbaşa ölkə rəhbərliyinə də təqdim etməkdən əsla çəkinmir. Əlbəttə ki, biz SOCAR-ın rəsmi saytında qəsdən hər hansı yalan informasiyanın dərc oluna biləcəyi ehtimalını heç nəzərdən də keçirmirik. Amma, əgər bu informasiya Gədəbəydən rəsmi kanallarla daxil olursa, başqa sözlə desək, hər hansı məlumat Gədəbəy RİH tərəfindən təqdim olunursa, bu zaman həmin informasiyanın bütün mümkün vasitələrlə daha bir neçə dəfə yoxlanmasına inanın ki, ciddi ehtiyac var. Məsələ bundadır ki, rayondakı mənbələrdən aldığımız məlumatlarda Ramiz Yediyarovun Gədəbəyin Çalburun kəndinə təbii qazın verilməsilə bağlı daha bir möhtəşəm maxinasiyaya imza atdığı bildirilir. Bu xüsusda mənbələr iddia edirlər ki, ən azından göstərilən tarixdə Çalburuna qaz verilməsini reallaşdırmaq sadəcə olaraq texniki baxımdan mümkün deyildi. Çünki, bu kəndi mavi yanacaqla təmin etməli olan qaz boruları hələlik rayonun Düzyurd kəndi ərazisinə qədər ancaq çəkiliblər. Təbii ki, yuxarı instansiyalara təqdim olunan hesabat-məruzələrdə bu fakt gizlədilib. Belə hallar, artıq dəfələrlə qəzetimizin səhifələrində dərc olunmuş materiallarda da öz təsdiqini tapdığı kimi, Gədəbəydə tez-tez təcrübə olunur. Amma bu zaman ortaya başqa bir maraqlı sual çıxır. Əgər kəndə qaz xətti hələ “gəlib-çıxmayıbsa”, bəs onda təntənəli tədbir zamanı alovlandırılan qaz necə təmin edilib? Bax, məhz elə bu sual, Gədəbəydən aldığımız məlumatların ən diqqətəlayiq hissəsində öz cavabını tapıb. Bu xüsusda mənbələr bildirirlər ki, ölkə rəhbərliyinə hələ yerinə yetirilməmiş dövlət tapşırığının “icrası” barədə olunacaq məruzəni əsaslandırmaq üçün, Ramiz Yediyarov...(inanmayacaqsınız!) adi qaz balonlarından istifadə edilməsi barədə göstəriş verib!!!İndi biz özümüz böyük intizarla ölkə mətbuatını izləyirik. Çox maraqlıdır, görəsən Gədəbəy Rayon İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rüstəm Nağıyevin bu dəfə də bizi yalan məlumatlar yaymaqda ittiham etməyə üzü olacaqmı?Yeri gəlmişkən, Gədəbəyin kəndlərinə qaz çəkilişi ilə bağlı Söyüdlü sakinlərini də maraqlandıran bir məsələ var. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, Çalburundan fərqli olaraq, bu kəndə qaz xətti çəkilib. Amma nədənsə, bu günə qədər kəndə hələ də mavi yanacaq verilmir. Söyüdlülər maraqlanırlar, niyə? Geri dön |