Ana Sayfa > Ölkə / Manşet > Bakının "ölüm qutu"ları...

Bakının "ölüm qutu"ları...


27-07-2015, 10:31. Yazar: admin
Bakının "ölüm qutu"ları...
Paytaxtda istismar müddətini başa vurmuş liftlər problem yaratmaqda davam edir. Bir neçə gün əvvəl Binəqədi rayonunda yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 03:09-da başa çatıb. Qeyd edək ki, bundan əvvəl də köhnə liftlərdə bədbəxt hadisələr baş verib, hətta insan tələfatı qeydə alınıb. Məsələn, ötən il 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində 1990-cı il təvəllüdlü Amin Xaliq oğlu Hüseynzadə, 1986-cı il təvəllüdlü Natiq Ağazər oğlu Baxşıyev, 1996-cı il təvəllüdlü Elmin İbrahimov xəsarət alaraq travmatologiya şöbəsinə yerləşdirilib. Köhnə liftlərin ucbatından baş vermiş qəzaların sayı-hesabı yoxdur. Bizi və çoxlarını düşündürən məsələ isə Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Lift-Təmir" İstehsalat Birliyinin direktoru Qüdrət Şükürovun niyə üzərinə düşən vəzifəni layiqincə icra etməməsidir. Bildirək ki, bu məmurun adı son vaxtlar milyonluq yeyintilərdə və biznes məsələlərində hallandırılmaqdadır. Bu barədə əvvəlki saylarımızda geniş məlumat verdiyimizə görə təkrarən həmin məqamların üzərinə qayıtmaq istəmirik. Məlum olduğu kimi, prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında bir müddət əvvəl sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə milyonlarla manat məbləğində vəsait ayrılıb. Bir-birinin ardınca qeydə alınan lift qəzaları isə onu göstərir ki, prezidentin bu sahəyə ayırdığı vəsaitlər təyinatı üzrə xərclənmir. Buna görə də köhnə liftlərdə tez-tez bədbəxt hadisələr baş verir. Ən çox müşahidə edilən hal liftlərin tez-tez şaxtaya düşməsidir. Ekspertlərin fikrincə, liftlərdə baş verən faciələr bu sahədə məsuliyyətsizliyin və texniki keyfiyyətsizliyin birbaşa göstəricisidir: "Liftlərin avtomatik əyləc və paraşüt sistemi olduğu üçün nasazlıq halında maksimum yarım metr sürüşüb dayanmalıdır. Lift şaxtaya düşübsə, deməli, normal quraşdırılmayıb. Sovet vaxtı tikilmiş binalardakı mənzillərin demək olar ki, əksəriyyəti özəlləşdirilib. Ona görə də kommunal məsələlərin həlli üçün kollektiv idarəetmə sistemi qurulmalıdır". Araşdırmalar nəticəsində öyrəndik ki, liftlərin təmirinə ildə iki dəfə təxminən 200 min manat həcmində, ümumilikdə 400 min manat vəsait ayrılır. Bundan əlavə, "Bakı Lift-təmir" İstehsalat Birliyinin lift istismarı idarələrinə hər ay dövlət 50 min manat dotasiya verir. Lakin həmin vəsaitlərin necə və hansı işlərə sərf edildiyi məlum deyil. Hər halda, ayrılan dotasiyalar məqsədli şəkildə istifadə edilsəydi, bu gün Bakının əksər binalarındakı liftlər fələyin ümidinə qalmazdı. Paytaxtdakı liftlər əməlli-başlı "ölüm qutusu"na çevrilib. Həmçinin onu da qeyd edək ki, Nazirlər Kabinetinin 10 mart 2000-cu il tarixli 40 nömrəli qərarı ilə hər bir sakin liftdən istifadəyə görə ayda 20 qəpik texniki xidmət haqqı ödəyir. Amma həmin vəsaitlərin xərclənməsi ilə bağlı cəmiyyətə heç bir hesabat təqdim edilmir. Birliyin baş direktoru Qüdrət Şükürov hesab edir ki, həyata keçirdiyi qanuna zidd işlər ictimaiyyətdən gizli qalır. Əslində isə baş direktor yanılır. Çünki "Bakı Lift-Təmir" İstehsalat Birliyinə büdcədən ayrılan vəsait və dotasiyaların hansı maraqlara qurban verilməsi aidiyyəti qurumlara yaxşı məlumdur. Çox güman ki, vaxtı gələndə baş direktordan bu milyonların hesabı sorulacaq. Yeri gəlmişkən vurğulayaq ki, təmirə ehtiyac olduqda, liftin motoru yandıqda bunu "Bakı Lift-Təmir" İB yox, vətəndaşlar öz vəsaitləri hesabına həyata keçirirlər. Bu faktın özü birliyə ayrılan vəsaitlərin mənimsəmə predmetinə çevrildiyini bir daha təsdiqləyir. Bu sahədə yaşanan çoxsaylı problemlərə baxmayaraq Qüdrət Şükürovun hələ də vəzifədə saxlanması başadüşülən məsələ deyil. Bəzi mənbələrin fikrincə, onun indiyə kimi postunu qoruması və həbs edilməməsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlıdır. Verilən məlumata əsasən, icra başçısı birliyin baş direktorunu nə cür lazımdırsa müdafiə edərək onun qanunları pozmasına şərait yaradır. Bunun acı nəticəsi isə göz önündədir. Qüdrət Şükürov vəzifədə qaldıqca paytaxtdakı liftlərdə hələ çox faciələr qeydə alına bilər. Odur ki, bu şəxsi təcili olaraq işdən azad etmək lazımdır.

Geri dön