Ana Sayfa > Ölkə / Manşet > "İlkin Kredit İttifaqı" və "Aqroinvest Kredit İttifaqı"nda nələr yaşanır?

"İlkin Kredit İttifaqı" və "Aqroinvest Kredit İttifaqı"nda nələr yaşanır?


2-06-2015, 11:13. Yazar: admin
"İlkin Kredit İttifaqı" və "Aqroinvest Kredit İttifaqı"nda nələr yaşanır?
Bu gün ölkədə fəaliyyət göstərən bir sıra banklarla yanaşı, ayrı-ayrı kredit ittifaqları da müxtəlif yollarla müştərilərə kələk gəlir, onların əlavə xərcə düşməsinə şərait yaradırlar. Misal kimi, İmişli rayonunda yerləşən "İlkin Kredit İttifaqı" MMC-ni göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, İmişli şəhəri M.Əsədov küçəsi 18 ünvanında yaşayan 2-ci qrup əlil Mübariz Qaraş oğlu Nərimanov da adıçəkilən MMC-nin qurbanlarından biridir.

Belə ki, İlkin Əhmədovun sədri olduğu "İlkin Kredit İttifaqı" MMC tərəfindən bir müddət öncə Mübariz Nərimanovun xəbəri olmadan onun adına 75 min manat kredit götürülüb. Adıçəkilən şəxsin bundan xəbər tutduqdan sonra dərhal aidiyyəti orqanlara şikayət ünvanladığını vurğulayan mənbənin sözlərinə görə, İlkin Əhmədovun atası "Aqroinvest Kredit İttifaqı" MMC-nin sədri Əyyub Əhmədovdur: "Deyilənlərə görə, İlkin Əhmədov və onun atası Əyyub Əhmədova Mərkəzi Bankın səlahiyyət sahiblərindən biri himayədarlıq edir. Elə bu səbəbdən də onlar ayrı-ayrı vətəndaşların adına pul yazaraq külli miqdarda vəsaitin mənimsənilməsinə şərait yaradırlar. Ümumiyyətlə, son zamanlar həm "İlkin Kredit İttifaqı", həm də "Aqroinvest Kredit İttifaqı"nın fəaliyyətindən narazı olanların sayı xeyli artıb. Lakin nədənsə müvafiq qurumlar buna reaksiya vermirlər. Nəzərinizə çatdırırıq ki, adıçəkilən MMC-lər ən yüksək faizlə pul verən və heç bir mənəvi hüdud tanımayan kredit təşkilatlarıdır. Odur ki, bu sələmçi təşkilatlarla ölkənin hüquq-mühafizə orqanlarının yaxından maraqlanması və vətəndaşların əzilməsinə son qoyulması lazımdır. Axı nəyə görə ata-oğulun nəzarətində olan sələm təşkilatlarına bu qədər imtiyazlar verilib?.."

Bu arada, "Aqroinvest Kredit İttifaqı" MMC-nin Mərkəzi Bankın 2001-ci il tarixli daimi lisenziyasına əsasən yaradıldığını qeyd edən məlumatlı şəxs iddia edir ki, yarandığı tarixdən ittifaqın məqsədi asan yolla daha çox gəlir əldə etmək, müxtəlif "əməliyyatlar"la qazancını artırmaqdır: "Aqroinvest Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyət kimi 6 aprel 2001-ci il tarixdə İmişli rayonunda təsis olunub. Deyilənlərə görə, "İlkin Kredit İttifaqı" və "Aqroinvest Kredit İttifaqı"ndan kredit götürən təqaüdçülərin təqaüd kartları girov götürülür. Bunun müqabilində müraciət edən şəxslərə kredit verilir. Kredit götürən rayon sakinlərinə xeyli sənəd imzalatdırılır. Müqavilə 13 ay müddətinə imzalansa da, sənəd rəsmi orqanlara 12 ay olaraq təqdim olunur. Lakin 13 aylıq müqavilə sənədi gizli saxlanılır. Belə ki, İlkin Əhmədov və onun atası Əyyub Əhmədova məxsus olan MMC-lər Mərkəzi Banka hesabat verdikdə kreditlərin 12 aya verildiyini qeyd edirlər. Yoxlama auditor gəldikdə 12 aylıq müddətə bağlanan müqavilələri ortaya çıxarırlar. İmişli rayon sakinləri isə əslində 13 ay kredit ödəyirlər". Mənbə həmçinin, onu da bildirir ki, "İlkin Kredit İttifaqı" və "Aqroinvest Kredit İttifaqı"nın yetkili şəxsləri "Kredit ittifaqları haqqında" Qanunun müvafiq maddələrini dəfələrlə pozublar: "Qeyd edim ki, bu təşkilatlardan kredit alan şəxslər MMC-lərin payçısına çevrilirlər. "Kredit ittifaqları haqqında" Qanuna uyğun olaraq kredit ittifaqları yalnız üzvü, yəni payçısı olan şəxslərə kredit verə bilər. Bu zaman yeni üzv nizamnamə kapitalına pay qoyaraq üzv olur, kredit götürmək hüququna malik olur və ona nizamnamə kapitalındakı payı barədə arayış verilir. Həmin üzv təşkilatın gəlir bölgüsü gedən zaman payının məbləğinə uyğun olaraq divident almalıdır. Lakin İlkin Əhmədov və Əyyub Əhmədova məxsus olan MMC-lər kredit götürən şəxslərə üzvlük barədə heç bir məlumat vermir. Hələ bu, harasıdır. Bəzən tam doldurulmamış sənədləri kredit almaq üçün tələsən şəxslərə imzalatdıraraq deyirlər ki, qalan hissələri sonra doldurarıq. Hər bir şəxsdən alınan 13 aylıq kreditin bir ayı həmin paya daxil olur və kredit götürən sənəd üzərində payçıya çevrilir. Ondan sonra insanlar kreditlərini ödəyib qurtardıqlarını düşünürlər. Lakin onların heç birinin payçı olduqlarından xəbərləri olmur. Onlara nə kredit ittifaqının payçısı olduğuna dair sənəd, nə də dividend verilir. Bu barədə yalnız "İlkin Kredit İttifaqı" və "Aqroinvest Kredit İttifaqı"nın sədrlərinin məlumatları var. Ümumiyyətlə, Əhmədovların sədri olduqları MMC-lər ancaq onların və yaxın adamlarının maraqlarına xidmət edir. Yəni adıçəkilən kredit ittifaqlarında müştərilərin maraqlarını düşünən yoxdur. Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, onda bir çox mətləblərə aydınlıq gətirilə bilər".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri dön