Ana Sayfa > Ölkə > Milli silahlı qüvvələrin formalaşması prosesinin mühüm mərhələləri

Milli silahlı qüvvələrin formalaşması prosesinin mühüm mərhələləri


26-06-2022, 12:29. Yazar: admin
Milli silahlı qüvvələrin formalaşması prosesinin mühüm mərhələləri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
1918-ci ilin 28 mayında yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərin biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az vaxt ərzində Azərbaycan milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-ci il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Ümummilli Liderimiz Ulu öndər Heydər Əliyevin apardığı siyasəti uğurla davam etdirən Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti və rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində 2020-ci il 27 sentyabrda başlayan 2020-ci il 10 noyabr tarixində tamamlanan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı - Şuşa şəhəri daxil olmaqla Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edildi.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında mühüm yer tutub.


Suraxanı rayonu Zığ
bələdiyyəsinin sədri
Emil Quliyev

Geri dön