Ana Sayfa > Ölkə > Gərək nəbzin Vətənin nəbzi ilə vursun! Heydər Əliyev

Gərək nəbzin Vətənin nəbzi ilə vursun! Heydər Əliyev


6-05-2022, 18:45. Yazar: admin


Ulu Öndərin bu qiymətli fikri ilə başlamaqda məqsədim heç də təsadüfü deyil! Bu gün dahi liderimizin yolunu əzmlə, vüqarla davam etdirən Cənab Prezidentimizin atdığı hər addım, xalqı üçün göstərdiyi hər bir qayğı onun nəbzinin məhz Vətəni üçün vurduğunun bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib.
Öncəliklə Cənab Prezident yeni təyinat münasibətilə Vahid Hacıyevi təbrik elədi və uğurlar arzuladı. Daha sonra öz çıxışında bir çox önəmli məqamlara toxunaraq vurğuladı ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. İşğalçı qüvvələr Zəngilan rayonunu demək olar ki, yerlə - yeksan etmişlər. Bir dənə də salamat kənd qalmayıb. Bu bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.
Bu məqamda qeyd etməliyəm ki, tarixə nəzər salsaq, Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illər Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi.
Cənab Prezident onu da əlavə etdi ki, Zəngilan rayonu birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yekun gələcəkdə oraya qayıdacaqlar. İlk pilot layihə Ağalı kəndində həyata keçirilir.
Əlbəttə, bir Azərbaycan vətəndaşı kimi həyata keçirilən bu layihələr məni qürurlandırır və fəxr edirəm. Həqiqətən də 30 illik həsrətdən sonra belə möhtəşəm planların gerçəkləşməsi bir daha düzgün seçilmiş siyasətin və möhkəm iqtisadiyyatın göstəricisidir. Axı tək Zəngilan rayonu yenidənqurma işləri ilə bitmir, demək olar ki, işğaldan azad olunan bütün rayonlarımızda bu islahatlar aparılır. Dünya bunu görür, dostlar sevinir, düşmənlər isə susur və sadəcə bu məğlubiyyətlə barışırlar. Belə ki, Cənab Prezidentin çıxışı zamanı vurğuladığı ən önəmli məqama toxunmaq istərdim: “Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyinizə görə birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral yolu çəkirik. Əlbətdə ki, bu sözlər düşmənə göz dağı və qəlb yarasıdır!”
Biz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşəcəyi, tam yeni nəqliyyat dəhlizi açacağıq. Bu fikirlə Cənab Prezident bir daha Azərbaycanın bütöv ərazisini təsdiqlədi və göstərdi ki, Azərbaycan torpaqları bölünməzdir!
Bir dövlət üçün ən vacib məqamlardan biri onun rəhbərinin xalqı üçün əlinədən gələnini əsirgəməməsidir. Bu mövzuda hesab edirəm ki, Azərbaycan xalqı xoşbəxtdir. Çünki, istər dahi Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev atdıqları hər addımlarında xalqının rifahını düşünmüşlər.
Cənab Prezident çıxışında buna işarə edərək qeyd edir ki, ən vacib məsələ məşğulluqla bağlıdır. Ayalı kəndində bu məsələ nəzərdə tutulub. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, arada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olur, xüsusi ilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçilik daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda Zəngilan Qubadlı rayonlarında. Bu fikirlərlə bir daha ölkə rəhbəri bildirdi ki, öz torpaqlarına qayıdan məcburi köçkünlər işsiz qalmayacaqlar.
Məlum məsələdir ki, Azərbaycan hər zaman təbiəti və təbii sərvətləri ilə göz oxşayıb. Zəngilan rayonunun təbiəti və ümimiyyətlə Qarabağ zonasının təbiəti isə hər zaman dillər əzbəri olmuşdur və əlbətdə ki, mənfur düşmənin qara qəlbi və cinayətkar əlləri bu torpaqlardan yan keçməmişdir.
Cənab Prezident çıxışında qeyd etdiyi kimi: “Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Eyni zamanda, Ermənistan Zəngilanda və digər rayonlarda qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Biz bütün hüquqi prosedurlara start vermişik. Bir cinayət belə cavabsız qalmayacaq.”
Cənab Prezident İlham Əliyev işğal olunmuş ərazilərdən keçən çaylar haqqında fikirləri zamanı buna bir daha əmin oldum ki, bizim gələcəyimiz etibarlı əllərdədir. Cənab Prezident qeyd etdi ki, Zəngilan ərazisindən keçən Çuxurçay çayının taleyi əfsuslar olsun ki, ürək ağrısıdır. Çuxurçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur. Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, mis kambinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkətdə bu korrupsiya əməllərində iştirak edib və təbii ki, bütün bunlar cəzasız qalmayacaq. Hüquqi müstəvidə bütün cinayətkarlar öz cəzalarını alacaqdır.
Cənab Prezident çıxışının sonunda qeyd etmişdir ki, qarşıda duran digər vəzifələr əlbətdə ki: “İlk növbədə keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıtmaqları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti ayrılıb. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7% artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin güclənməsi üçün ayrıca vəsait ayırmalıyıq. Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyalar gətirməliyik və bunu mən mərkəzi icra orqanları qarşısında vəzifə kimi qoymuşam. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların arzusunun böyük hissəsini oğurlamışdır. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır.Təbiətin qorunması, əlbəttə ki, ön planda olmalıdır. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki, gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxaq hava limanı, dəmir yolu, avtomobil yolları böyük bir sərvət olacaq. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm” - deyə cənab Prezident vurğuladı və sonda qeyd etdi ki, biz elə etməliyik ki, keçmiş məcburi köçkünlər oraya gedən zaman orada özlərini rahat hiss etsinlər.
Əlbətdə ki, bir dövlət başçısının bu gözəl fikirlərini dəstəkləyib, o səfalı yerləri görəcəyimiz və gəzəcəyimiz anları səbirsiziklə gözləyəcəyik.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin diektoru Hüseynova Nigar
Geri dön