Ana Sayfa > Ölkə > Ölkənin energetika sahəsində əlamətdar tarix

Ölkənin energetika sahəsində əlamətdar tarix


17-03-2022, 17:34. Yazar: admin
Ölkənin energetika sahəsində əlamətdar tarix

Martın 15-də Bakıdakı Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması, həmçinin yaxın qonşuluğumuzda gedən müharibə və bununla əlaqədar Avropada enerji ilə bağlı yaranan ciddi çətinliklər fonunda Azərbaycana dost olan Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınmış “Masdar” şirkətinin Azərbaycana sərmayə qoyması çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olduğunu bir daha sübut edir. Bölgədəki mövcud vəziyyət Avropada, o cümlədən qonşu ölkələrdə elektrik enerjisinə böyük tələbat yaradıb. Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı yüksək olduğundan dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar. İşğaldan azad edilən bölgələrimiz böyük potensiala malikdir. Aparılan dəqiq hesablamalara görə günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu sahədə işlərin aparılması üçün BP də daxil olmaqla bir sıra aparıcı şirkətlərlə danışıqlar aparılır.
Danılmaz faktdır ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu səbəblə də Azərbaycanda, xüsusilə də işğaldan azad edilən ərazilərimizdə elektrik enerjisi hasilatınını artırılması mühüm həmiyyət kəsb edir. Keçən il ümumi generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyası bərpa edilib. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyaları tikilməsi nəzərdə tutulub.
Son dövrlərdə iqtisadi inkişaf sübut etdi ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Bu illər ərzində Azərbaycanın energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Ona görə də ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir və bura 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub.
Bu gün dünyada hökm sürən ciddi problemlərə və bir sıra mənfi amillərə baxmayaraq qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və bu da ölkəmizin növbəti uğurudur.

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəşid Heydərov


Geri dön