Ana Sayfa > Ölkə > Rusiya, Ukrayna və Belarusdan on minlərlə soydaşımız qayıda bilər? Azərbaycan hazırdırmı? - GƏLİŞMƏ
Rusiya, Ukrayna və Belarusdan on minlərlə soydaşımız qayıda bilər? Azərbaycan hazırdırmı? - GƏLİŞMƏ4-03-2022, 09:01. Yazar: admin |
Rusiya-Ukrayna müharibəsi bu ölkələrdə yaşayan minlərlə azərbaycanlıya da ciddi təsir etməkdədir. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, artıq 4 minədək azərbaycanlı Ukraynanı tərk edib. Və qalanların təxliyəsi davam etməkdədir, belə görünür ki, daha çox həmvətənimiz ölkəyə qayıtmalı olacaq. Amma onların müharibədən sonra da taleyi müəmmalı olan Ukraynaya geri qayıdacağına təminat yoxdur. Eləcə də Rusiyanın sərt sanksiyalarla üzləşməsi bu ölkədə yaşayan 2 milyonadək azərbaycanlının da durumuna ciddi təsir edəcəyi gözlənilir. Rus rublunun dəyərdən düşməsi, iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə öz mənfi təsirini göstərməkdədir. Bu təzyiqlər davam etdikcə, azərbaycanlıların bazarlarda, ticarət mərkəzlərində işləri tam zəifləyə bilər. O halda onların da qayıdışı reallaşacaqsa, Azərbaycan iqtisadiyyatına ciddi şəkildə yük düşə bilər. Belə olan halda, azərbaycanlıların ölkəyə qayıtması sosial gərginliyi tətikləyə bilər. Eyni təhlükə ukraynalı qaçqınları qəbul edən Avropanı da gözləyir. Polşa qaçqınlar üçün qapıları açıq qoyub, Almaniya da ukraynalı qaçqınları qəbul edəcəyini açıqlayıb. Amma bizi daha çox azərbaycanlıların vətənə qayıdışı maraqlandırır. Çünki bu qədər insanın dönüşü sosial problemlərə, onların işlə təmin olunması çətinliklərinə gətirib çıxaracaq. Bəs bu təhlükə nə qədər realdır, Azərbaycan hökuməti hansısa hazırlıqlar etməlidir? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, istənilən halda onlar vətəndaşlarımızdır, dəstək olmaq lazımdır: “İstər Ukraynada, istər Rusiyada yaşayan soydaşlarımız olsunlar, onların ölkəyə qayıtdığı təqdirdə yerləşdirilməsinə şərait yaratmalıyıq. Dövlət başçısı tapşırıb, insanlarımız Polşadan gətirilir. Əlbəttə, müəyyən çətinliklər ola bilər, amma yardım etməliyik, onları tək qoymaq olmaz, xalqımız da xeyirxahdır”. V.Əhmədovun sözlərinə görə, müharibədən sonra onların çoxu yaşadıqları ölkələrə qayıtmaq istəyəcəklər: “Onların dağılan evləri bərpa olunmalıdır. Zelenski də dedi ki, dağılan hər ev tikiləcək. Əsas odur ki, müharibə qurtarsın, qalan sosial məsələlər həllini tapacaq”. REAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərlinin qəzetimizə dediyinə görə, Ukraynada yaşayan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənsə də, onların 250-300 min olduğu haqda məlumatlar var. Ekspertin fikrincə, bu da çox böyük rəqəmdir. N.Cəfərli hesab edir ki, Rusiyanın təcavüzünü nəzərə alsaq, təbii ki, hər kəsin həyatına təhlükə var və bu da Azərbaycana qayıdışı sürətləndirə bilər. “Ancaq bəziləri evlərdən çıxmağa belə cəhd etmirlər, yollar, qatarlar təhlükəlidir. Sadəcə, əgər müharibə bir müddət də davam etsə, onda daha çox insan Ukraynanı tərk etməli olacaq. Şübhəsiz ki, bu da Azərbaycan üçün ciddi bir sosial problemdir”, - deyə N.Cəfərli söylədi. Onun fikrincə, bu proqnozlar Rusiyada yaşayan azərbaycanlılar üçün də keçərlidir: “Rusiyada azərbaycanlılar əsasən kiçik və orta sahibkarlıqla məşğuldurlar. Sanksiyalar nəticəsində onların valyuta gəlirləri azalacaq. Çünki rubl dəyərini itirir, azərbaycanlılar da rublla işləyirlər və Azərbaycana ailələrinə pul göndərirlər. O zaman pul azalacaq. Bu da sosial problemlər yaradacaq. Əgər proses uzun çəksə, on minlərlə azərbaycanlı Rusiyadan qayıda bilər. Ancaq Azərbaycan buna hazır deyil. Onsuz da kiçik və orta sahibkarlığın fəaliyyətinə məhdudiyyətlər, işsizlik problemləri var. Üstəlik, sanksiyalar Belarusdan da yan keçməyəcək, oradan da soydaşlarımız qayıda bilər. Ona görə Azərbaycan hökuməti dəstək proqramları qəbul etməlidir, onların işlə təminatı üçün xüsusi proqramlar hazırlanmalıdır. Odur ki, Nazirlər Kabineti yanında Xüsusi Böhran Qrupu yaradılması çox vacibdir”. Deputat, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında vurğulayıb ki, 2020-ci ildə Azərbaycanla Ukrayna arasında ümumi ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub: “İl ərzində Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə bu ölkəyə ixrac olunub”. Rusiyaya gəldikdə isə deputat vurğulayıb ki, ümumi illik ticarət dövriyyəmiz 2 milyard 671 milyon dollar olub. Onun sözlərinə görə, savaşın uzun müddətli olacağı halda Ukrayna ilə xarici ticarət dövriyyəmizdə azalmanın olması gözləniləndir: “Nəqliyyat əlaqələrinin minimumlaşması da ölkələr arasındakı ticari əməkdaşlığına təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq. Savaş Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuzla ticari əlaqələrə hələlik xüsusi təsiri yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa, o zaman bu, qeyri-neft ixracatımıza təsir göstərə bilər”. Geri dön |