Ana Sayfa > Ölkə > Jurnalistlər Milli Məclisin önündə AKSİYA KEÇİRDİ - Deputatlara ÇAĞIRIŞ
Jurnalistlər Milli Məclisin önündə AKSİYA KEÇİRDİ - Deputatlara ÇAĞIRIŞ24-12-2021, 17:46. Yazar: admin |
Bu gün, dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin qarşısında “Media haqqında” yeni qanun layihəsinə etiraz məqsədiylə etiraz aksiyası keçirib. DİA.AZ “Toplum TV”tə istinadən xəbər verir ki, jurnalistlərin əsas tələbi layihənin Milli Məclisdən geri qaytarılması və müstəqil ekspertlərlə birlikdə yenidən hazırlanmasıdır. Jurnalistlərin əsas şüarları bunlar olub: “Azad media susdurula bilməz”, “Sərhədli reportyor olmaq istəmirik”, “Jurnalistika cinayət deyil”. Aksiya iştirakçıları həmçinin bəyanat veriblər Bəyanatda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına müraciət Biz sizləri 2-ci oxunuşda qəbul etdiyiniz “Media haqqında” qanun layihəsinin mürtəce mahiyyətinin fərqinə varmağa çağırırıq. Bu layihəni qanuna çevirməniz ölkədə media və ifadə azadlığının məhdudlaşdırılmasına, jurnalistlərin fəaliyyətinə yersiz müdaxilələrə geniş imkanlar açacaq. Bu layihə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının və Azərbyacanın qoşulmuş olduğu digər beynəlxalq müqavilələrin ifadə və media azadlığı haqqında müddəalarına ziddir. Layihənin ictimai müzakirəsi təmin olunmadan parlamentə göndərilməsi də demokratik dəyərlərə, informasiya açıqlığı ilə bağlı yerli və beynəlxalq qanunlara ziddir. Layihə üçüncü oxunuşda da təsdiq edilərsə, – kimlərin jurnalistikayla məşğul ola biləcəyini dövlət müəyyənləşdirəcək; – medianın özünütənzimləməsi modeli ləğv ediləcək; – jurnalistikanın peşə etikası, qərəzsizlik, obyektivlik kimi təməl prinsipləri məmurların subyektiv qiymətləndirməsinə təslim ediləcək; – gizli yolla əldə edilmiş bütün məlumatları yaymaq qadağası qanun pozuntusu hallarının işıqlandırılmasını əngəlləyəcək; – lisenziya şərtinə aid “platforma yayımçı və operatorları” tənzimləməsi internet televiziyalarının fəalliyyətinə ciddi problemlər yaradacaq. İfadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında ifadə edilmiş əsaslar üzrə məhdudiyyətlərə məruz qala bilər. Üçüncü oxunuşda təsdiqləyəcəyiniz “Media haqqında” qanun layihəsi bu əsaslara uyğun deyil. Ona görə də hər birinizi tarixi məsuliyyətə dəvət edir, layihənin əleyhinə səs verməyə çağırırıq. Layihə parlamentin gündəliyindən çıxarılmalı, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakıyla müzakirə edilməli və mürtəce mahiyyəti dəyişdirilməlidir”. Geri dön |