Ana Sayfa > Ölkə > AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN8-11-2021, 17:14. Yazar: admin |
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİNDƏN 10 noyabr 2020, 05:50 Bu gün biz xalq olaraq təsvirəgəlməz bir zəfər sevinci, yüksək fəxr duyğusu, misilsiz fərəh və qürur hissləri yaşayırıq. Bu zəfər dövlətimizi– Müstəqil Azərbaycan Respublikasını bütün dünyada yenidən tanıtdı, özü də bu dəfə sərhədlərini qorumağa qadir qalib xalq, milli ruhu möhkəm güclü orduya sahib dövlət kimi! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Bu tarixi qələbə xalqımızın milli ruhunun oyanışına, dirçəlişə, milli birliyə səbəb oldu. Bu 44 gündə bütün Azərbaycan xalqı Prezidentinin – ALİ BAŞ KOMANDANIN ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük xalq olduğunu, ulu türk millətinin kökünə bağlı cəsur, qəhrəman bir boyu olduğunu dosta-düşmənə - hər kəsə sübut etdi, milli həmrəylik göstərdi və möhtəşəm bir Xalq-Lider-Ordu birliyi nümayiş etdirdi. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını şanlı zəfərlə doğrultdu. O öz qətiyyəti, sarsılmaz iradəsi, diplomatik bacarıqları, siyasi uzaqgörənliyi ilə son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq, xalqına söz verdiyi kimi, sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyev öz adını milli tariximizə son 200 ilin ən şanlı və müzəffər sərkərdəsi olaraq qızıl hərflərlə əbədi həkk etdi. Kiçikdən böyüyə səfərbər olmuş, 30 illik həsrətini, yaşadığı faciələrin ağrısını, düşmənə nifrətini giliz əvəzi silahına doldurmuş, canı bir, qanı bir türk qardaşı ilə çiyin çiyinə vermiş, damarında şəhid atalarının qanı coşan Azərbaycan övladları dünyanı heyrətə salan cəngavərliklə hərb sənətində yeni səhifələr yazdılar. Bu cəngavərliyin məntiqi nəticəsi Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat oldu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Üzdəniraq qonşularımızın “Böyük Ermənistan” arzusu xülya olaraq qaldı, Dağlıq Qarabağa muxtariyyət tələbi fiaskoya uğradı, regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Hazırda qazilərimizin misilsiz qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı bahasına alınmış torpaqlarımızda düşmənin vəhşiliklərinin izlərini silmək və köçkünlərin qayıdışını təmin etmək üçün geniş miqyaslı bərpa işləri başlayıb. Möhtərəm Prezidentimiz azad edilmiş bölgələrimizə etdiyi səfərləri və görülən işlərə şəxsən nəzarəti ilə məsələnin əhəmiyyət dərəcəsini göstərməkdə və bununla da beynəlxalq aləmə öz siyasi mesajını verməkdədir: “… Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir!” Təhminə Əsgərli
S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Geri dön |