Ana Sayfa > Ölkə > Azərbaycanın Qarabağ zəfəri regionun inkişafı üçün yeni perspektivlər yaradıb
Azərbaycanın Qarabağ zəfəri regionun inkişafı üçün yeni perspektivlər yaradıb5-11-2021, 19:00. Yazar: admin |
Cənubi Qafqaz iqtisadiyyatının 80%-ə malik olan və fəal xarici siyasət yürüdən Azərbaycan 2020-ci il Vətən müharibəsindəki tarixi qələbədən öncə də regionun siyasi, iqtisadi mənzərəsinin formalaşmasına xeyli dərəcədə təsir edirdi. Belə ki, Azərbaycan o zaman ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistanı təcrid durumuna salmış, regionda reallaşan nəhəng enerji, infrastruktur layihələrinin əsas təşəbbüsçüsü və iştirakçısı olmuşdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi böyük siyasi iradənin, diplomatik məharətin və uğurlu beynəlxalq iqtisadi tərəfdaşlığın məhsulu olmaqla regionun inkişaf potensialının mühüm hissəsinin reallaşması demək idi. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Azərbaycanın uğurlu diplomatiyasının və beynəlxalq iqtisadi tərəfdaşlıq münasibətlərinin sayəsində Cənubi Qafqaz regionu Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit, kommunikasiya marşrutlarından birinə çevrilmək potensialını reallaşdırmağa başlamışdır. Mühüm iqtisadi layihələrlə yanaşı, ölkəmiz Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran kimi üçtərəfli formatda siyasi dialoq və real iqtisadi əməkdaşlıqların müzakirəsi platformaları da formalaşdırmışdır. Aktual qlobal problemlərin, sivizilizasiyalararası dialoq, beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu Qlobal Bakı Forumları ölkəmizi və regionumuzu beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamışdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələr təkcə ölkəmizin deyil, bütövlükdə bölgənin inkişafına uzun illərdir töhfə verir. Xarici hərbi təcavüzdən və işğal faktından əziyyət çəkdiyi dövrdə də Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürütmüş və dünya miqyasında hörmət olunan etibarlı tərəfdaş kimi tanınmışdır. Ərazisinin iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Ermənistanın hərbi provokasiyasının nəticəsində baş vermiş 44 günlük müharibə isə Azərbaycanın başlıca hədəfinin ərazi bütövlüyünün bərpası olduğunun aydın sübutudur. Azərbaycanın Qələbəsi region üçün yeni tarixi imkanlar yaratmışdır. Artıq bölgə dövlətləri səviyyəsində 2+2, 3+3 kimi yeni əməkdaşlıq formatları müzakirə olunur. Azərbaycan ilə Türkiyə, İran və Rusiya arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaqdır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Azərbaycanın qələbəsi dünyanın bir sıra müxtəlif regionlarında bir-biri ilə rəqabət aparan, fərqli hərbi ittifaqlarda yer alan Türkiyə ilə Rusiyanı bölgəmizdə tərəfdaş dövlətlərə çevirməkdədir. Qonşu ölkələr arasında strateji tərəfdaşlıq üçün yaradılmış yeni perspektivlər, Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Artıq rəsmi Ankara ilə Kreml həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olmuşlar. Qarabağda birgə hərbi monitorinq aparan bu iki ölkənin əməkdaşlığı regional təhlükəsizliyin də mühüm amilidir. Görünən odur ki, Azərbaycanın möhtəşəm zəfərindən sonra bölgəmiz keyfiyyət etibarilə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu yeni mərhələdə Azərbaycanın regiondakı siyasi, iqtisadi rolu daha qabarıq görünür. Böyük quruculuq və regionda mərkəzi güc olmaq missiyalarını üzərinə götürən Azərbaycan bundan sonra yalnız inkişaf edəcək, nəinki özünün, bütövlükdə bölgənin işıqlı gələcəyinin əsas memarı olacaqdır. Hülya Məmmədli Politoloq Geri dön |