Ana Sayfa > Ölkə > Böyük gücə çevrilmiş birlik

Böyük gücə çevrilmiş birlik


29-10-2021, 12:50. Yazar: admin
Böyük gücə çevrilmiş birlik

Hazırda Azərbaycan müstəqillik tariximizin ən parlaq səhifəsi olan Zəfər Gününün birinci ildönümü ərəfəsindədir. Son 18 ildə Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu. Ölkəmiz postmünaqişə dövrünün reallıqlarını yaşayır.

Bu gün müharibədən sonra yeni dövrün başladığını, Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimizin zaman olduğunu vurğulayan Prezident İlham Əliyevin sözlərinə görə, ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir. Azərbaycan artıq postmüharibə dövründə bütün gücünü quruculuq, bərpa işlərinə, infrastruktur layihələrinin reallaşdırılmasına yönəldib.

“Biz böyük Qələbəni qazanmış və öz sərhədlərimizə çıxmışıq. Artıq quruculuq işlərinə başlamışıq” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlərə istinadən deyə bilərik ki, hazırda işğaldan azad etdiyimiz bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır və heç kim bizi bu dinc, sülhpərvər fəaliyyətimizdən ayıra bilməz. Qarabağın bərpası, dirçəldilməsi istiqamətində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə atılan mühüm addımlar sırasında Qarabağ Dirçəliş Fondunun yaradılması, Füzuli-Şuşa yolunun çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının inşasının başa çatması, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşa edilməsi, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrası və s böyük önəm daşıyır.

Dövlət başçısının Qarabağa növbəti səfəri strateji əhəmiyyət daşıyaraq Azərbaycan xalqının qürur tarixinə yazılacaqdır. Belə ki, 26 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev və türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edərək rəsmi lenti kəsiblər. Bundan başqa dövlət başçıları Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

Türkiyə Azərbaycanın haqqlı davasında yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdiyi kimi, müharibədən sonrakı dövrdə də Azərbaycana-Qarabağa səfərləri ilə dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu təsdiq edən ciddi mesajlar göndərdi.

Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edən Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.

“Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər”. Zəngilan

rayonun Ağalı kəndində keçirilən mətbuat konfransında Prezident İlham Əliyevin söylədiyi kimi iki qardaş dövlətin birgə uğurudur.

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman böyük xalqının və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməl ifadəsidir.Prezident İlham Əliyevin bəyanatda vurğuladığı kimi “Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz”.

Azərbaycan müasir tarixi mərhələdə xalqların rifahının yaxşılaşmasına, dövlətlərin suverenliyinin möhkəmlənməsinə xidmət edən proqramlar həyata keçirir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir.

Dünyanın müxtəlif ölkələri bərpa və yenidənqurma işlərinə həvəslə daxil olurlarsa, mütləq uyğun, sabit, təhlükəsiz hərəkət dəhlizinə ehtiyac da artır. Zəngəzur dəhlizi bu bağlılıqda da dünya üçün strateji əhəmiyyət kəsb edir.

Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması və inşası dünya miqyasında mühüm tarixi hadisə kimi qəbul edilir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək, bütün türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.

“Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Dövlət başçısının sözləri ilə desək:

“Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan

sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.

Suraxanı rayonu, Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev
Geri dön