Ana Sayfa > Ölkə > Dövlət başçısı 18 oktyabr söhbətinə son qoydu

Dövlət başçısı 18 oktyabr söhbətinə son qoydu


19-10-2021, 08:47. Yazar: admin


“O vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi”; Azərbaycan müstəqilliyini elan edən neçənci SSRİ respublikası olub?
Azərbaycan Prezidenti İlham Əliyev 18 oktyabr təqvimi ilə bağlı mövqeyini açıqladı. Həm də ilk dəfə olaraq. Oktyabrın 17-də Füzulu rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı Prezident bildirib:

“30 il bundan əvvəl 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini elan edib. Bildiyiniz kimi, mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir.

Onu da bildirməliyəm ki, hesab edirəm, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları bəlkə də bilmir.

Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir - 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan - 9 aprel 1991-ci il, Latviya - 4 may, Belarus - 27 iyul, Estoniya - 20 avqust, Ukrayna - 24 avqust, Moldova - 27 avqust, Qırğızıstan - 31 avqust, Özbəkistan - 1 sentyabr, Tacikistan - 9 sentyabr, Ermənistan - 21 sentyabr, Türkmənistan - 27 sentyabr, Azərbaycan - 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavab bilirəm. Bu, ritorik sualdır. Ona görə 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir. Amma, eyni zamanda bizim o ildə digər tarixi həqiqət var - o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.

Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib? Ona görə 18 oktyabrla bağlı sabah (18 oktyabrda-red.) mənim Azərbaycan xalqına təbrikim dərc ediləcək. Ancaq, eyni zamanda, mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi"...

Musavat.com xatırladır ki, 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun-Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.

Müstəqillik uğrunda bütün SSRİ respublikalarında, o cümlədən Azərbaycanda milli azadlıq hərəkatı isə 1989-cu ildən start götürmüşdü. Azərbaycanda 1990-cı ilin 20 yanvarında sovet qoşunları xalq hərəkatını boğmaq üçün qətliam törətdikdən sonra milli azadlıq hərəkatı daha da böyük miqyas almışdı. 1990-cı ilin 17 noyabrında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda rəsmi bayraq kimi rəsmən qəbul olunması isə ölkədə müstəqillik hərəkatını daha da genişləndirmişdi.

Artıq 1991-ci ilin əvvəllərindən SSRİ bütün ittifaq respublikalarında sarsılmışdı. 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar.

1991-ci ilin martında Azərbaycan Ali Soveti Azərbaycanın SSRİ-nin tərkibində qalması barədə referendum keçirilməsi məsələsini səsverməyə çıxarında 360 deputatdan 43-ü belə bir referendumun əleyhinə səs verdilər. O zamandan həmin deputatlar “istiqlalçı deputatlar” olaraq adlandırılmağa başlandı. Onların əksəriyyəti milli azadlıq hərəkatının təmsilçiləri idilər və Ali Sovetdəki “Demokratik blok” adlanan qrupun üzvləri idi. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış mühüm addımlardan biridir.

1991-ci il oktyabrın 18-nə qədər isə artıq Azərbaycan istisna olmaqla, bütün SSRİ respublikaları müstəqilliklərini elan etmişdilər. Bu fakt da Azərbaycanda xalq hərəkatını, xalqın müstəqillik tələblərini daha da genişləndirmişdi. Nəhayət, 18 oktyabrda Ali Sovetdə Azərbaycan Respublikasnın Dövlət Müstəqilliyi haqında Konstitusiya Aktı qəbul edildi.

Bu Konstitusiya Aktı Ali Sovetdə yekdilliklə qəbul edilmişdi. Təxminən 6 ay öncə-1991-ci ilin martında SSRİ-nin saxlanması üçün referendum keçirilməsinə səs verən Ali Sovetin deputatları 18 oktyabrda müstəqilliyin lehinə səs vermişdilər.
Dövlət başçısı 18 oktyabr söhbətinə son qoydu
O zamandan 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü kimi dövlət bayramı olaraq keçirilir. Ötən həftə oktyabrın 11-də isə Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini müzakirəyə çıxardı və qəbul etdi. Bununla da mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Milli Məclisin oktyabrın 11-də keçirilən iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında gərginlik də yaşanmışdı. S.Novruzov “bəzi şəxslər”in özünü “istiqlalçı deputat” adlandırmasına etiraz edib.

O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub: “Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır".
Dövlət başçısı 18 oktyabr söhbətinə son qoydu
Köməkçisi: "Vahid Əhmədov hazırda Türkiyədə müalicə alır
Vahid Əhmədov

Vahid Əhmədov isə qeyd edib ki, indi burada danışmaq çox asandır: “Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Geri dön