Ana Sayfa > Ölkə > Bir neçə nazir postunu İTİRƏCƏK... - Yeni İSLAHAT DALĞASI...
Bir neçə nazir postunu İTİRƏCƏK... - Yeni İSLAHAT DALĞASI...13-05-2021, 08:41. Yazar: admin |
Mətbuatda yaxın günlərdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı məlumatlar yayılıb. İddialara görə, ölkədə mövcud olan nazirliklərin sayı 17-dən 11-ə, dövlət komitələrinin sayı isə 7-dən 3-ə endiriləcək. Eyni zamanda, bəzi dövlət xidmətləri və agentliklərinin də ləğv ediləcəyi gözlənilir. Xatırladaq ki, bir neçə gün öncə iqtisadçı alim Qubad İbadoğlu da belə bir təşəbbüslə çıxış etmişdi. Onun təklifinə görə, bu qərarla Nazirlər Kabinetinin fəaliyyətini qərarların çevik qəbulu baxımından optimallaşdırmaq və büdcə nəzərindən də rasionallaşdırmaq olar. Qeyd edək ki, indiyə qədər bu istiqamətdə çoxsaylı təkliflər irəli sürülüb və bəzi dövlət qurumları ya ləğv edilib, ya da digərlərinə birləşdirilib. Nəqliyyat, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və s. ləğvi bu qəbildəndir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, inkişaf etmiş və etməkdə olan ölkələrin çoxunda nazirliklərin sayı minimum həddədir. Bir çox dövlət qurumları isə özəlləşdirilib. Xüsusən, təkrarçı qurumlar vaxtilə fəaliyyət göstərsə da, artıq mövcud deyil. Misal üçün, qonşu Gürcüstanda Nazirlər Kabineti 12 nəfərdən - Baş nazir və 11 nazirdən ibarət tərkibdə fəaliyyət göstərir. Azərbaycandan dəfələrlə böyük olan Ukraynada 17, Almaniyada isə cəmi 9 nazirlik fəaliyyət göstərir. Siyahını uzatmaq da olar. Azərbaycan Nazirlər Kabinetinin tərkibinə isə 31 dövlət qurumu daxildir. Bunlardan 17-si nazirlik, 7-si dövlət komitəsi, 5-i dövlət xidməti, 2-si isə dövlət agentliyidir. Bununla yanaşı, Nazirlər Kabinetinin tərkibinə daxil olmayan çoxsaylı iri dövlət qurumları, agentliklər, ASC-lər, dövlət şirkətləri və s. mövcuddur. Prezident İlham Əliyevin sərəncamı ilə bir müddət öncə dövlət qurumlarında şəffaflığı təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Holdinqi təsis edilib. Əksər dövlət qurumlarında ümumi rəhbərliyi və nəzarəti Holdinq, icraçı direksiyaya rəhbərliyi isə prezident, sədr və ya icraçı direktor həyata keçirir. 21 dövlət qurumu hazırda Azərbaycan İnvestisiya Holdiqinin tərkibinə verilib ki, onların arasında kifayət qədər nəhəng dövlət qurumları var: Azərbaycan Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və s. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və s. qurumlarda Müşahidə Şurası insitutu yaradılıb. Müşahidə şuralarına digər dövlət qurumlarına rəhbərlik edən şəxslər sədrlik edirlər. Azərbaycanda “su” adı altında fəaliyyət göstərən çoxsaylı müəssisələr var: “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azəristiliktəchizat” ASC, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi və s. Olmazdımı ki, adıçəkilən qurumları vahid mərkəzdə birləşdirsinlər?! Və ya Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hansı fərqli işləri görür? Eyni işi görən bu iki qurumun dövlət hesabına saxlanmasına nə ehtiyac var? Yaxud Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzdində iri büdcə ayırıb, əlavə olaraq Mənəvi Dəyərlərin Təbliği Fondu adlı qurumun saxlanması hansı zərurətdən qaynaqlanır? Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində deyib ki, idarəetmə sahəsində ciddi islahatlara ehtiyac var: “Əgər həqiqətən də Azərbaycan iqtidarı bu addımı atmaq niyyətindədirsə, bunu ancaq alqışlamaq lazımdır. Çünki bu qədər nazirliklərin, dövlət komitələrinin, dövlət xidmətləri və agentliklərinin dövlət büdcəsi hesabına saxlanılmasına ehtiyac yoxdur. Diqqətinizə çatdırım ki, Gürcüstanda bu addımı atıblar və kifayət qədər uğurlu nəticələri var. Nazirlər Kabinetinin tərkibi cəmi 12 nəfərdən ibarətdir. Baş nazirin müavinləri isə ictimai əsaslarla fəaliyyət göstərir. İqtisadiyyat və ədliyyə nazirləri həm də baş nazirin müavinləri olaraq fəaliyyətdədir”. “Azərbaycanda isə uzun müddət Baş nazirin 6 müavini olub. Düzdür, hazırda onların sayları 3-dür. Bunların hansı işlə məşğul olduğu da heç kəsə bəlli deyil. Qonşu dövlətdə sosial müdafiə, səhiyyə və əmək sahələri vahid nazirlikdə fəaliyyət göstərir. Azərbaycanda isə bu istiqamətdə iki nazirlik və bir dövlət agentliyi fəaliyyət göstərir. Əhali sayı və Ümumi Daxili Məhsulu (ÜDM) Azərbaycandan dəfələrlə böyük olan ölkələrdə Nazirlər kabinetləri minimum sayla fəaliyyət göstərir. Təqribən onların hər birinin Nazirlər Kabinetinə 10-12 şəxs daxildir. Hesab edirəm ki, Azərbaycan üçün ən gözəl örnək Gürcüstan nümunəsidir və biz qonşu dövlətin bu uğurlu təcrübəsini tətbiq etməliyik”, - deyə həmsöhbətimiz bildirib. Vəziyyətdən çıxış yolunu təkrarçı qurumların ləğvində və ya birləşməsində görən sabiq deputatın sözlərinə görə, ilk növbədə məhz onların ləğvi və birləşdirilməsi məsələsi gündəmə gəlməlidir: “Bu gün ölkədə bir-birini təkrar edən kifayət qədər qurumlar var. Misal üçün, dünyanın heç bir yerində Dövlət Gömrük Komitəsi deyilən qurum yoxdur. Gömrük işinin təşkilini müxtəlif qurumların tərkibində fəaliyyət göstərən xidmətlər həyata keçirir. Əsasən də onlar Maliyyə Nazirliyinin balansında olur. Azərbaycan təcrübəsində isə Gömrük Komitəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və ya Maliyyə Nazirliyinə birləşdirmək mümkündür". "Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birləşdirilməli, vahid struktur olaraq fəaliyyət göstərməlidir”, - deyən Bəydəmirlinin fikrincə, bunu digər qurumların da fəaliyyətinə şamil etmək olar: “Hesab edirəm ki, nəzarət mexanizmini gücləndirmək və şəffaflığa nail olmaq, eyni zamanda xərcləri optimallaşdırmaq baxımından bu sahədə ciddi islahatların həyata keçirilməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın sosial və iqtisadi baxımdan kifayət qədər problemləri var və dövlət büdcəsini əhəmiyyətsiz qurumların saxlanmasına yönəltmək israfçılıqdır. Buna isə qətiyyən yol verməz olmaz”. Geri dön |