Ana Sayfa > Ölkə / Manşet > TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA21-09-2020, 11:29. Yazar: admin |
Sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Sazişə görə, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən COVID-19-la mübarizə üçün effektiv olan təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq: “Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20 faizinə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50 faiz qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır. Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək, təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19-la mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Hazırda kliniki sınaqlar fazasında olan 30 vaksindən cəmi altısı üçüncü kliniki fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələlik fikir söyləmək mümkün deyil. Lakin aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiklərindən bu tələbin həcminin onların istehsal potensialından çox olmasını nəzərə alsaq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Bunları nəzərə alaraq, 18 sentyabr 2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb”. Qeyd edək ki, GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. Xatırladaq ki, 2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil. Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq, SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır. Geri dön |