Ana Sayfa > Ölkə > Eldar Həsənovdan XƏBƏR VAR - başqa təcridxanaya köçürüləcək

Eldar Həsənovdan XƏBƏR VAR - başqa təcridxanaya köçürüləcək


26-08-2020, 10:35. Yazar: admin
Eldar Həsənovdan XƏBƏR VAR - başqa təcridxanaya köçürüləcək

Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun işi ilə bağlı yenilik var. Bu barədə onun vəkili Adil İsmayılov məlumat paylaşıb.

“Yeni Müsavat” xəbər verir ki, vəkil yazıb ki, Eldar Həsənovun cinayət işi Xarici İşlər Nazirliyinin həbs edilən vəzifəli şəxsləri barəsində açılan cinayət işindən ayrılıb. Vəkil qeyd edib ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib. A.İsmayılov bildirib ki, müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Vəkil Eldar Həsənovun fikirlərini də bölüşüb:"Bir daha bildirmək istəyirəm ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir. Məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb".

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.

Başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

2019-cu ilin sonlarından başlayaraq Azərbaycanda həbs edilən yüksək vəzifəli şəxslərin sayı 10-larladır. Həbs edilənlər arasında nazir müavinləri, icra başçıları, icra başçılarının müavinləri, general və digər yüksək rütbəli zabitlər də var. Onlara qarşı irəli sürülən ittihamlar demək olar ki, eynidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma...

Bu vəzifəli şəxslər əsasən Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar zamanı vəzifə başında saxlanılıblar. Həbs edilən icra başçıları, nazir müavinləri və digər vəzifəli şəxslər ev dustaqlığına buraxılmaları, barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmələrə vəsatətlər təqdim ediblər. Lakin onların vəsatətləri rədd edilib.

Ölkə gündəmində böyük səs-küyə səbəb olan bu əməliyyatlarda saxlanılan şəxslərin xeyrinə verilən cəmi iki qərar diqqət çəkir. Biri yuxarıda qeyd etdiyimiz kimi Eldar Həsənov barəsində olan cinayət işi ilə bağlıdır. Səs-küylü həbslər arasında yeganə iş Eldar Həsənovun işidir ki, DTX-dən ayrılaraq Baş Prokurorluğa verilib. Bu həm də o deməkdir ki, Eldar Həsənov DTX-dən çıxarılıb, başqa istintaq təcridxanasına köçürüləcək. Amma vəkili hələ ki, bu barədə hər hansı açıqlama verməyib.

İkinci iş isə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi general-leytenant Əfqan Nağıyevin həbsi ilə bağlı idi.

Məmur əməliyyatları zamanı həbs edilən vəzifəli şəxslərdən yalnız Əfqan Quliyevdir ki, sonradan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2019-cu ilin son aylarından başlayan “məmur əməliyyatları” çərçivəsində 6 icra başçısı həbs edilib. Mədəniyyət Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin layihələrini icra edən şəxslər və ayrı-ayrı dövlət idarələrinin əməkdaşları keçirilən əməliyyatlarla iş başında saxlanılıblar.
Geri dön