Ana Sayfa > Ölkə / Manşet > Bağçalar Hacıbala Abutalıbovun nəzarətindən çıxıb
Bağçalar Hacıbala Abutalıbovun nəzarətindən çıxıb25-04-2015, 11:56. Yazar: admin |
Bağçalar hər bir uşağın gələcək həyatı üçün mühum rol oynayır. Amma paytaxtda fəaliyyət göstərən bir sıra bağçalarda kifayət qədər nöqsanlar müşahidə olunmaqdadır. Qeyd edək ki, 2011-cil ildə körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Bu gün bağçalardakı mövcud durum valideynləri narazı salıb. Mediada da bağçaların fəaliyyətindəki çatışmazlıqlarla bağlı informasiyalar gedir. Lakin tərbiyə müəssisələri yazılan tənqidlərdən nəticə çıxarmır. Əksinə özbaşınalıqlarını davam etdirirlər. Bildiyiniz kimi əvvəllər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyində idi. Ona görə də bağça müdirləri bir az özlərini yığırdılar. Yəni özbaşınalıqlara o qədər də yol vermirdilər. Lakin icra orqanlarının tabeliyinə keçiriləndən sonra əksər bağça müdirləri qanunsuz işlərə əl atdılar. Əmək haqqından savayı müxtəlif qanunsuz yollarla bağçadan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başladılar. Təəssüf ki, acı da olsa, reallıq göz qabağındadır. Uşağını bağçaya yazdırmaq istəyən valideynlər mütləq bağça müdirini "görməlidirlər”. Əks halda ya həmin bağçada yerlər dolmuş olacaq, ya da valideynlər süründürməçiliyə məruz qalacaqlar. Qeyd edək ki, qanunda Nazirlər Kabinetinin məktəbəqədər təhsil müəssisələrində valideyn haqqının ləğv edilməsinə dair 1 oktyabr 2007-ci il tarixli 153 saylı qərarına baxmayaraq müəssisə rəhbərləri uşağın bağçaya götürülməsi, tərbiyəçi və müəllimlər isə uşağa baxılması müqabilində pul istəmək vərdişlərindən əl çəkə bilmirlər. Lakin problem təkcə bununla bitmir. Bura həmçinin özəlləşdirilən bağçaların əksəriyyətinin öz profili üzrə işləməməsi, özəl bağçalarda isə aylıq təhsil haqqının 800 manata qədər yüksəlməsi, bəzi rayon və qəsəbələrdə ümumiyyətlə bağçaların olmaması, keyfiyyətsiz ərzaq təminatı, bəzən uşaqların qalma şəraitinin pis olması və s. kimi problemlər gələcəyimiz olan uşaqların məktəbəqədər təhsilinə zərbə vurur. Qeyd edək ki, bəzi bağçalarda kurslar təşkil olunur. Müəllimlər valideynləri məcbur edirlər ki, uşaqlarını bu kurslara yazdırsınlar. Kursların qiyməti isə 20-30 manat arasında dəyişir. Kurslarda ingilis dili, şahmat dərsləri, xoreoqrafiya keçilirsə, hamısı pullu xidmət hesab olunur. Buna isə əksər valideynlərin sosial vəziyyəti imkan vermir. Bundan başqa valideynlərdən uşaqların bağçaya qəbulu üçün nəsə tələb olunsa, valideynlər bunu verməməlidirlər. Əksər valideynlər uşaqların qayğısına qalmaları üçün müdirə və tərbiyəçiyə şirinlik verirlər. Beləliklə də müdir və tərbiyəçilər buna alışırlar. Həmin uşağa digər uşaqlarla müqayisədə daha çox qayğı göstərirlər. Bu da uşaqlar arasında ayrı-seçkiliyin yaranmasına səbəb olur. Buna görə də digər valideynlər də buna getməyə məcbur olurlar. Məlumdur ki, uşaq bağçalarının fəaliyyətləri ilə bağlı pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu tip müəssisələrdə uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, tərbiyəçilərin düzgün ixtisaslı olmaması və savadsızlığı, bağçalara ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu heç də sirr deyil. Ona görə də uşaq müəssisələrində əsaslı islahatların aparılmasına ehtiyac var. İlk növbədə onlara rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, qanun pozuntularına yol verən işçilər cəzalandırılaraq uşaq bağçalarından birdəfəlik uzaqlaşdırılmalıdırlar. Yalnız bundan sonra uşaq müəssisələrinin fəaliyyətini dinamik inkişafda olan Azərbaycanımızın nüfuzuna və şərəfinə layiq səviyyədə qurulması barədə düşünmək olar. Geri dön |