Ana Sayfa > Ölkə > Ağdamlıların yox, hamının müharibəsi - gecənin yaratdığı ovqat
Ağdamlıların yox, hamının müharibəsi - gecənin yaratdığı ovqat13-07-2020, 01:58. Yazar: admin |
Tovuz istiqamətində nə baş verdiyi tam təfərrüatı ilə mən bu sətirləri yazmağa başlayarkən (23.30) məlum deyildi. Əlbəttə, dövlət rəhbərliyi hər şeyi bilir, lazım olan digər şəxslərin də müfəssəl informasiyası var. Burada qeyri-adi heç nə yoxdur. Müharibənin qanunları belədir. Amma biz ən vacib olanı da bilirik: dövlət və ordu rəhbərliyi torpaqlarımızın müdafiəsi üçün nə lazımdırsa, edir, buna şübhə yoxdur! Sərhəddən gələn döyüş xəbərləri “su kimi içilir” demək olmur, çünki hər bir cümlə arxasınca narahatlıq gətirir, sanki indicə axacaq “qan iyi” var hər bir xəbərdə. Adamın boğazında qalır cümlələr, hər mənada bununla barışmaq, bunları boğazdan aşağı “udmaq” çətindir. Hamının zatən karantinə görə canı boğazındadır, indi bir tərəfdən də düşmənin xain əli... Hirsini də boğmaq çətindir, nə gizlədim, qəhərini də... Cəbhədən gələn xəbəri sayta yerləşdirən kimi anındaca oxuyanların sayı artır - “hamı narahatdır” demək doğru olmaz, ölkə narahatdır. Xüsusilə cəbhə zonasında övladları olan valideynlərin həyacanını anlamaq çətin deyil. Anaların yuxusu qaçır, ataların çəkdiyi siqaretin sayı artır, bacılar hamıdan gizlin ağlayır, qardaşlar dik durmağa çalışır... Yalanı yoxdur: balası ölən anaya “möhkəm dayan” deməyə gərək ürəyin ola... Bitməyən bir müharibə illərdir ki, atəşkəs adı altında gecəyarı neçə-neçə evlərin beləcə “qapısını döyüb”, hər şeyi dağıdıb, qadınları ərsiz, uşaqları atasız qoyub. Bu, bu gün deyil, az qala hər ay, hər gün belədir. Vüqar, Elşad, Xəyyam... Bugünkü şəhidlərimizdir... Bu adda dostum, bu adda redaktor yoldaşım, bu adda qohumum var. Eləcə də hamımızın bu adda bir tanıdığı, qardaşı, dostu var... Gedən təkcə o eldən, o nəsillərdən deyil, hamımızdandır, hamının canındandır. Bunu belə bilmək lazımdır, belə hiss etmək lazımdır, belə yaşamaq lazımdır... Saytların birində gördüm: gənclər dəstək üçün cəhbə bölgəsinə yaxın yerlərə toplaşıblar. Könüllü. Şəkil, selfi çəkdirməyə yox, döyüşmək lazımsa, döyüşməyə. Günün ağır informasiya yükünü bir az yüngülləşdirən xəbərdir... Amma bunun bir sonu da olmalı. Bunun sonu nə olursa, necə olursa, elə olmalıdır. Hər şey ortadadır: düşmən təkcə sərhədin o tərəfində deyil, 28 ildir, silahlı şeytan kimi içimizdədirlər, torpaqlarımızda oturublar. Bu, Tovuzdakı Ağdam kəndi məsələsi, bir oba müharibəsi deyil. Bu, Ağdama, bu, Şuşaya, bu, Xocalıya, bu, Kəlbəcərə, Laçına görə müharibədir. Ermənilər bizə bir zonaya, bir bölgəyə, ağ damı olan kəndlərimizə görə düşmən kəsilməyib. Ermənilər millətimizə, dövlətimizə düşməndirlər. Bunu oturduğun, durduğun yerdə belə bilmək lazımdır. Nə sülh danışığı, nə ATƏT, nə Mkırtıç? Sözləri bu çətin gecədə cilalamaq da çətindir. Hamı belədir, bunu bilməyə nə var ki... Allah şəhidlərimizə rəhmət eləsin. Nazim SABİROĞLU, Musavat.com Geri dön |