Ana Sayfa > Ölkə > “NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” – “XİN-də ciddi təmizlik aparılmalıdır”
“NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” – “XİN-də ciddi təmizlik aparılmalıdır”7-07-2020, 14:32. Yazar: admin |
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində ciddi korrupsiya faktları aşkarlanıb. Nazirliyin İşlər idarəsinin müdiri və qurumun Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol verildiyi, dövlət büdcəsindən ayrılan vəsaitlərin müxtəlif qanunsuz sxemlər vasitəsilə mənimsənildiyi üzə çıxıb. Hazırda faktla bağlı cinayət işi açılıb, adı çəkilən şəxslər isə həbs edilib. “AzPolitika.info” bu mövzu ilə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib: - Tofiq müəllim, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat və ortaya çıxarılan korrupsiya faktları böyük rezonansa səbəb olub. Bir zamanlar rəhbərlik etdiyiniz bu qurumda baş verənləri necə qiymətləndirirsiniz? - Xarici İşlər Nazirliyi ilə bağlı ortaya çıxan məsələlər heç də xoşagələn hallar deyil. Nəzərə alın ki, bu nazirlik xüsusi səlahiyyətlərə və vəzifələrə malik olan qurumdur. Yəni dövlət üçün strateji bir idarədir. Orada baş verən hadisələr hamımız üçün xoşagəlməz olaylardır. İkincisi, bu səviyyədə və bu şəkildə həyata keçirilən əməliyyat onu göstərir ki, ortada dövlətin rəhbərliyinin ciddi siyasi iradəsi var. Xatırladım ki, Xarici İşlər Nazirliyi birbaşa prezidentə tabe olan strukturlar siyahısındadır. Məncə, burada baş verənlərə aydınlıq gətirilməsi üçün ortada ciddi siyasi iradə olub. Mən və digər insanlar uzun müddətdir deyirdik ki, Xarici İşlər Nazirliyində problemlər var. Həm kadr seçimində, həm maliyyə məsələlərində, həm də siyasi mövqelərin sərgilənməsində. Açığı, bəzi məqamlarda sərgilənən mövqeləri təhlil edəndə görünürdü ki, ya bu mövqe düşünmədən bəyan edilir, ya da qəsdlə Azərbaycanın xeyrinə olmayan şəkildə ifadə olunur. Buna aid misallar gətirmək olar. Amma indi bunların sadalanmasına ehtiyac görmürəm. Onu da vurğulamaq lazımdır ki, buna oxşar hadisələr digər bir çox ölkələrdə də baş verir. Bizim vətəndaşlarımıza da bəllidir ki, buradakı xarici səfirliklərdə işləyən insanlar hansısa vasitəçi şirkətləri cəlb edərək, onları himayə edirlər və onların vasitəsilə külli miqdarda pul qazanırlar. Məncə bu, heç kəsə sirr deyil. Hətta Avropa İttifaqına daxil olan ölkələrdə də belə “fəaliyyətlərin” mümkün olduğunu görə bilirik. Demək istəyirəm ki, bu, çox geniş yayılan korrupsiya praktikasıdır və digər ölkələrdə də var. Odur ki, bu sistemi təmizləmək üçün bizdə keçirilən əməliyyatın nəticələri Azərbaycanın xeyrinə olacaq. Yəni xarici siyasətə və onun imicinə müsbət təsir edəcək. Nəhayətdə, orada saxlanılan şəxs ifadəsində deyir ki, əldə edilən maliyyənin 20 faizini özlərinə götürüblər, qalan 80 faizini isə guya harasa xərcləyiblər. Buradan açıq-aşkar hiss edilir ki, nazirliyin ən yüksək rəhbərliyi belə maliyyə əməliyyatlarında iştirak edib. Mən naziri nəzərdə tuturam. Onun xəbəri olmadan əldə edilən qanunsuz pulların 80 faizi xərclənə bilməz. - Siz iddia edirsiniz ki, bu korrupsiya əməlləri nazir Elmar Məmmədyarovun nəzarəti altında həyata keçirilib? - Saxlanılan vəzifəli şəxsin verdiyi ifadəni siz də, mən də görmüşük. Həmin şəxs açıq deyib ki, əldə edilən maliyyənin 10 faizini özü götürüb, digər 10 faizini başqa şəxsə verib. Yerdə qalan 80 faizi isə guya nazirliyin hansısa işlərinə xərclənib. Hesab edirəm ki, bunun davamı olacaq. Yəni aparılan araşdırma o pulların çatdığı sonuncu adama aparıb çıxarmalıdır. Həmin ifadədə 2-3 halda əldə edilən pulların həcmi 10 min manatlarla göstərilib. Fikrimcə, bu pullar nəzarətsiz ola bilməzdi. Yəni kiməsə çatmalı idi. XİN-də korrupsiya faktları təkcə bu istiqamətdə mövcud olmayıb, digər məsələlər də var. Məsələn, deyirlər ki, pandemiya ilə bağlı yığılan pulların da hansısa hissəsi mənimsənilib. Başqa bir məqam isə odur ki, xaricdə işləyən diplomatlar bu və ya digər malları alanda, ödədikləri vergi onlara geri qaytarılır. Bu istiqamətdə də pozuntulara imkan var. Bununla da bağlı mənə müəyyən məlumatlar çatır. Hesab edirəm ki, bütün bu məsələlər araşdırılacaq. - Bəyəm dövlət büdcəsindən XİN-ə kifayət qədər maliyyə ayrılmırmı ki, bu şəxslər belə işlərlə məşğul olurlar və yaxalananda da deyirlər ki, bu pullar nazirliyin məsrəfləri üçün xərclənirdi... - Əvvəla deyim ki, XİN səfirliklərin büdcəsini formalaşdırmır və onlara nəzarət etmir. Bu işlərdə səfirliklər birbaşa Maliyyə Nazirliyinə tabedirlər. Amma mərkəzi aparatın maliyyələşməsi sözsüz ki, nazirin nəzarəti altındadır. Bu baxımdan söhbət böyük miqdarda puldan gedir və ola bilməz ki, bu pullar nəzarətsiz qalsın. Saxlanılan şəxsin ilkin ifadəsində 2-3 halda 40-50 min manatdan söhbət gedir. Bu pulun 20 faizinin kimə getdiyi bəllidir. Yaxşı bəs 80 faizi kimə gedirmiş? Düşünürəm ki, bu məsələlərin hamısı üzə çıxacaq. İndiki halda baş verənləri ciddi başlanğıc saymaq olar. - Bundan əvvəl biz oxşar prosesi Mədəniyyət Nazirliyində müşahidə etdik və nəticədə nazir Əbülfəs Qarayev postunu itirdi. Sizcə, eyni aqibət Elmar Məmmədyarovu da gözləyirmi? - Mənim vaxtımda təcrübə belə idi ki, hansısa maliyyə məsələləri həll ediləndə Maliyyə İdarəsinin və ya İşlər İdarəsinin rəhbəri gəlirdi və nazirin imzası ilə məsələ təsdiqlənirdi. Bu, bütün dövlət idarələrində baş verən prosedurdur. İndidən heç nə deyə bilmərik. Amma bilirəm ki, maliyyə məsələlərini birbaşa təsdiq edən şəxs nazirdir. İnanmıram ki, mənim dövrümdən sonra bu istiqamətdə dəyişiklik olub. İkincisi, düşünürəm ki, ciddi şəkildə araşdırma aparılacaq. Ortada siyasi iradə var və bunun nəticəsində hər bir məsələ aydınlığa çıxmalıdır. “Bu pulları kim mənimsəyib” məsələsinə aydınlıq gətirilməlidir. Sözsüz ki, bu prosesin indiki mərhələdə dayanması mümkün deyil. Qənaətimcə, bunun siyasi, bəlkə də hüquqi nəticələri olmalıdır. - Bu hadisə nəticəsində imici ciddi şəkildə zədələnən Xarici İşlər Nazirliyilə bağlı təklif və tövsiyələriniz varmı? - Sözsüz ki, ilk növbədə islahatlar aparılmalıdır. Təcrübə göstərir ki, kadrlar maliyyə pozuntularına yol verirlər. Həm də siyasi səhvlər buraxılır. Öz işini lazımi səviyyədə görməyən, eləcə də dövlətimizin imicinə ləkə gətirən diplomatlar da var. Ciddi təmizlik aparılmalıdır. XİN nümunəvi qurum olmalıdır. Təmiz və Azərbaycanı xaricdə təmsil edən şəfaf qurum olmalıdır ki, hamımız onunla fəxr edək. İndi hamımız baş düşürük ki, bu istiqamətdə işlər lazımi səviyyədə təşkil olunmayıb. - Tofiq müəllim, Sizin vaxtınızda nazir müavini Araz Əzimov təcrübəli diplomat hesab olunurdu və onun fəalıiyyəti cəmiyyət tərəfindən də maraqla izlənilirdi. Hazırda da bu şəxs nazir müavinidir, lakin o, son illər demək olar ki, medianın qarşısına çıxmır, açıqlamalarını görmürük. Sizcə, bunun səbəbi nədir? - Əslində, XİN-də yaxşı diplomatların sayı çoxdur. Səviyyəli, intellektual, təcrübəli şəxslər var. Məsələn, hüquqşünas Xələf Xələfovun adını çəkmək olar. O, səviyyəli hüquqşünasdır və işini yüksək səviyyədə görür. Hər halda, mən işlədiyim zaman onun işini və biliklərini yüksək səviyyədə qiymətləndirirdim. Bu cür onlarla səviyyəli diplomatın adını çəkmək olar. Sadəcə, orada elə bir şərait yaradılıb ki, bu insanlar arxa plandadırlar, amma yaltaq, ola bilsin rüşvətlə hansısa mövqe qazanan insanlar daha çox üzdədir. Çox təəssüflər olsun. Deyim ki, bu da ciddi problemdir. Əslində, lazımi yerlərə lazımsız insanları təyin etsəniz, nəticə bu cür olacaq. Başqa cür ola da bilməz. Bu problemlər bir-iki günün ərzində yaranmayıb. Uzun müddətdir ki, həmin problemlər göz qabağındadır. Nazirlikdəki əsas çatışmazlıq həm də odur ki, Qarabağ və digər aktual məsələlərə aid məsləhətləşmələr, kollegiyanın iclasları, vahid mövqenin formalaşmasında müxtəlif istiqamətləri təmsil edən mütəxəssislərin cəlb edilməsi kimi işlər aparılmır. Əslində, bu işlər görülməli, sonra isə verilən qərarlar peşəkarlar tərəfindən həyata keçirilməlidir. Ancaq təəssüflər olsun ki, kimsə yaltaqlıq və digər yollarla nazirin diqqətini cəlb edərək, özünə uyğun qərarların verilməsinə nail olur. Mən bu halları dəfələrlə tənqid etmişəm. Xüsusilə də XİN-in mətbuat xidmətinin sənəd və bəyanatlarını. Bu işdə elə siyasi səhvlər buraxılırdı ki, adam bəzən təəccüb edirdi. Hələ bu, işin görünən hissəsidir. Görünməyən hissəsi bundan da bərbad vəziyyətdədir. - Sizcə, bu problmlər təkcə XİN-in mərkəzi aparatındadır, yoxsa xarici səfirliklərdə də belə hallara rast gəlmək mümkündür? - Ola bilməz ki, mərkəzi aparatda çalışan diplomat hansısa xarici ölkəyə ezam ediləndə birdən-birə köklü şəkildə dəyişsin və ya sərhədi keçərkən xarakterində dəyişiklik olsun. Mən bu problemləri nazirlik və səfirliklər arasında bölməzdim. Problem var. Ən əsası da kadr problemidir. Onların bilikli və vətənpərvər olmaları çox vacibdir. Bu vəzifələrə biznes kimi baxılmamalı, pul qazanmaq məqsədi güdülməməlidir. Bilirsinizmi, bizim xidmətimiz xüsusi xidmətdir. Bizim həm vəzifəmiz, həm də dilomatik rütbəmiz var. Bu, ordu və hərbiyə bənzər sistemdir. Xüsusi tələb odur ki, orada vətənə, dövlətə sadiqlik meyarları ilə seçilən insanlar işləməlidirlər. Yox, ora pul qazanmaq məqsədilə gələn insan nə qədər peşəkar olsa da, onun dövlətə heç bir xeyri ola bilməz. Bu, kompleks həll olunmalı bir məsələdir. Bu olmayanda isə ortaya indiki mənzərə çıxır. Geri dön |