Ana Sayfa > Ölkə > Prezidentdən xalqa üçlü düstur: maska, məsafə, dezinfeksiya - Bu qədərmi çətindir?
Prezidentdən xalqa üçlü düstur: maska, məsafə, dezinfeksiya - Bu qədərmi çətindir?26-06-2020, 11:58. Yazar: admin |
Azərbaycanda koronavirusa yoluxma pik dövrünü yaşayır. İyunun 24-də 590 nəfərin yoluxması, 7 nəfərin ölümü dramatik vəziyyətdən xəbər verir. Artıq hər kəsin tanışında, qohumunda, qonşusunda infeksiyaya yoluxan var. Əvvəllər bu mikrobun olduğuna inanmayanlar indi görürlər ki, virus ətrafımızı sarıyıb, ev-ev, qapı-qapı dolaşır. Lakin laqeyd və məsuliyyətsiz adamlar hələ də ağız əyərək COVİD-19 pandemiyasının hamımızın qapısını döyə biləcəyini düşünmədən maska taxmır, sosial izolyasiyanı gözləmir, küçədə lüzumsuz yerə gəzir. Prezident İlham Əliyev də iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı olduqca narahat, kifayət qədər tələbkar leksikonda danışaraq bütövlükdə xalqı tövsiyələrə əməl etməyə çağırdı. Ölkə başçısı üç istiqamət göstərdi: maska taxmaq, dezinfeksiya və sosial təcrid... “Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”, - dövlət başçısı bildirib. İ.Əliyev deyib ki, özü maska ilə gəzir: “Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirəmsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik”. Yeri gəlmişkən, bu yoluxmaların daha çox yas məclislərində yayıldığı qeyd edilir. TƏBİB sədri də bildirmişdi ki, yas yerlərində qaydalara əməl olunmur. Xüsusən xanımlar hüzr mərasimində sosial məsafəni gözləmir, öpüşüb-görüşürlər. Deputat Aqil Abbas Prezidentin Gəncədəki çıxışını şərh edərkən “Yeni Müsavat”a bildirdi ki, dövlət başçısı məsələni dəqiq qoydu: “Dedi ki, maska taxmasalar, karantin qaydalarına əməl etməsələr, cəzalar sərtləşdirilə bilər. Çünki cənab İlham Əliyev özü və xanımı maska taxır, onlardan artıqsınız? Mən hesab edirəm ki, bu prosesə ziyalılar, hörmətli Şeyxülislam qoşulmalıdır, xalqa çağırışlar olunmalıdır. Yəni cəmiyyətin inandığı, qəbul etdiyi simalar milləti maska taxmağa, sosial təcridə əməl etməyə çağırmalıdır. İnsanlar hansısa şou adamına niyə inansınlar? Çin, Amerika, Rusiya kimi nəhəng dövlətlər bu bəlanın əlindən xilas ola bilmirsə, görün, bizim vəziyyətimiz nə ola bilər? Ona görə hər kəs öz məsuliyyətini anlamalıdır və Prezidentin çağırışına qoşulmalıdır, maska taxmalı, dezinfeksiya etməlidir. Bizim insanlar gözləyirlər ki, hər evdən biri ölə, onda inansınlar. Əsasən də yas məclislərində qadınlar öpüşüb-görüşürlər. Olmaz axı! Gözümüzün qabağında Türkiyə, Rusiya, İran, Avropa, Amerika koronavirusun əlində giriftar qalıb, bizim camaat hələ də fikirləşir ki, görəsən, bu epidemiya var, ya yoxdur". Deputat bununla belə, Operativ Qərargahın da yanlışlıqlara yol verdiyini düşünür: “Mən statistikaya baxdım, səhv etmirəmsə, 578 min adama işləmək icazəsi verilib. Bundan əlavə, 54 min dövlət qulluqçusu var. Üstəlik, 1 milyon 700 mindən çox vətəndaş icaze-gov.az-da qeydiyyatdan keçib və hərəkət icazəsi alıb. İnsanlar isə ehtiyac oldu-olmadı küçəyə çıxırlar. Hamının evinin yanında market var, bəs lazımsız yerə çöldə nə gəzirsən? Amma sərt karantin dövründə 2 saatlıq icazə verilməsi də azdır. Çünki bir adam Yasamaldan Əhmədliyə gedirsə, 2 saata işini çatdıra bilməz. Ümumiyyətlə, Operativ Qərargah qadağaları düzgün tətbiq edə bilmədi. Məsələn, “Mall” deyilən iri ticarət mərkəzlərini açmaq kimə lazım idi? Toylar yoxdursa, geyim-keçim almırsansa, “Mall”ların açılmasına ehtiyac yox idi. Bundan başqa, həftəsonu karantini səhv idi, ondansa bu sərt karantin düzgündür. Həmçinin ictimai nəqliyyatda intervalı artırmaq, avtobusları çoxaltmaq lazımdır". A.Abbas qeyd etdi ki, ona “Xalqın 99 faizi Allaha inanmır, koronavirusa necə inansın” sözünə görə irad tutublar: “Mənə dedilər ki, millətin 99 faizi Allaha inanır. Amma Allah buyurur ki, spirtli içki haramdır, rüşvət alma, yalan danışma, kiməsə quyu qazma, aldatma, xəyanət etmə və s. Əgər biz buna əməl etmiriksə, Allaha inamsızlıqdır. Mən bu kontekstdə fikrimi söyləmişdim ki, insanlar virusa necə inansınlar”. Araşdırmaçı-jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, İslam dini insan həyatını qorumağı ən başda gələn dəyərlər sırasına daxil edir. Onun sözlərinə görə, dinimizin hikməti ilə həyatı qorumaq Allahın əmanətinə sahib çıxmağın mahiyyətini özündə əks etdirir. Can Allahın insana verdiyi əmanətdir: “Əmanətə sahib çıxmaq isə insanın üzərində əsas vəzifədir. Əks halda, insan özünün və başqalarının həyatını təhlükəyə atmaqla intihar və başqasına qəsd etmək qədər bəyənilməyən əməllərə yol açmış olur. Dinimizə görə də intihar və başqasının canına qəsd etmək ən böyük günahlardan sayılır. Allah Qurani-Kərimdə buyurur: ”Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!" (“Bəqərə” surəsi, ayə 195). Başqa bir ayədə isə “Özünüzü öldürməyin!” (“Nisa” surəsi, ayə 29) buyuruluraq, insanları bu əməldən çəkinmək əmr edilir". R.Mirhəşimli qeyd etdi ki, pandemiya dövründə necə ki, Qafqaz Müsəlmanları İdarəsi, o cümlədən dünyanın müsəlman ölkələri camaatla namaz qılmağı qadağan edib, insanlar da toplu halda ibadətlərə yasaqlar qoyulduğu karantin rejimində yas yerlərinə kütləvi şəkildə axışmaqla özlərinin və başqalarının həyatını təhlükəyə atmaqdan çəkinməlidirlər: “Dünyada yaranmış vəziyyəti görən, təhlükənin nə qədər ciddi olduğunu dərk edən hər bir insan onun yaxınlarının yas mərasimində iştirak edə bilməyən insanlardan inciməz. Əksinə, yas mərasimlərini kütləvi şəkildə keçirməklə cəmiyyətə, insanların sağlamlığına daha ciddi şəkildə zərər vurulmuş olar. İnsanın həyatına önəm verən İslam dininin və Allah Rəsulu Hz.Məhəmmədin (s) tövsiyələri hər sahədə olduğu kimi, infeksion xəstəliklərdən qorunmaq baxımından da əhəmiyyətlidir. Peyğəmbərimiz buyurur: “Bir yerdə yoluxucu xəstəliklər yayıldığını eşitsəniz, oraya girməyin. Olduğunuz yerdə belə xəstəliklər ortaya çıxarsa, o bölgədən ayrılmayın”. “Yeni Müsavat” Geri dön |