Ana Sayfa > Ölkə / Manşet > "Azərsu"dakı maxinasiyaların pərdəarxası məqamları...

"Azərsu"dakı maxinasiyaların pərdəarxası məqamları...


21-04-2015, 11:58. Yazar: admin
"Azərsu"dakı maxinasiyaların pərdəarxası məqamları...
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynovun başı üzərində qara buludlar dolaşmaqdadır. Qeyd edək ki, cəmiyyət rəhbərinin adı son günlər xoşagəlməz hadisələrdə, o cümlədən dövlət büdcəsindən ayrılan vəsaitlərin, investisiyaların düzgün xərclənməməsində və ən əsası qurumun hüquq departamentinin sabiq rəhbəri Babək Həsənovun həbsində hallandırılır.

Diqqətinizə çatdırmaq istəyirik ki, bir müddət əvvəl korrupsiyada ittiham edilərək həbs olunan hüquq departamentinin rəhbəri "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarovun qardaşının kürəkənidir. İddialara əsasən, qurumun sabiq əməkdaşı "texniki şərt"lərin verilməsi zamanı ciddi qanun pozuntusuna şərait yaradıb və nəticədə külli miqdarda gəlir əldə edib. Amma onun həmin pulları tək mənimsəmədiyi bildirilir. Məhz onun həbsindən sonra Qorxmaz Hüseynov, eləcə də ətrafında olan şəxslərin bir çoxu təşvişə düşüb. Belə ki, həbs edilən Babək Həsənov istintaq orqanlarına "texniki şərt"lərin verilməsi prosesində kimlərin göstərişi ilə qanunsuzluğa yol verdiyini açıqlasa, o zaman ASC sədri də daxil olmaqla bəzi rəhbər işçilərin başı dərdə düşə bilər. Odur ki, qurumun rəhbərliyi həbsdə olan keçmiş əməkdaşın danışmamasına çalışır.

Yerli idarələrə rəis təyinatı necə aparılır?

Biz isə apardığımız araşdırmalar nəticəsində yeni və olduqca maraqlı məlumatlar əldə etmişik. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqallı cinayət işi ilə bağlı ilginc faktlar ortaya çıxıb. Daha dəqiqi Həsən Əliyevə vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini bildirən iş adamı Ramazan Səlimovun istintaqa ifadəsi yayılıb. Xatırladaq ki, Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunaraq həbs edilib. Ramazan Səlimov mətbuata açıqlamasında Həsən Əliyevin onu işə düzəltmək üçün xeyli məmurla görüşdürdüyünü açıqlayıb. Onların arasında "Azərsu" ASC-nin vəzifəli şəxsləri də olub: "O mənə dedi ki, səni Bakı şəhərinin rayonlarından birinə idarə rəisi qoyacaq. Mən pul, hədiyyə məsələsini üstüörtülü soruşanda Həsən dedi ki, o məsələ açılan kimi deyərsən ki, həmin məsələləri müəllim özü həll edəcək, o işlərə qarışmırsan. Həsən mənə Habilin yaxşı nərd oynayan olduğunu dediyi üçün yenə də onun tapşırığına əsasən internet vasitəsilə 1100 manata sədəfli nərdtaxta aldım. Onu da götürüb Bakı Sukanal Baş İdarəsinə gəldim və soyadını bilmədiyim şəxslə görüşdüm. Həsən mənə demişdi ki, bu adam əvvəllər Dövlət Neft Şirkətində həmkarlarda işləyib. Hədiyyəmi ona təqdim etdim və məni yaxşı qarşıladı. Söhbətlərimiz bir-birimizin xoşuna gəldi, çox razı qaldığını dedi. Söhbət zamanı onu da bildirdi ki, Həsən Əliyevi tanımır, məni qəbul etməyi və iş məsələmi həll etməyi ondan Nazirlər Kabinetində hansısa şöbənin rəisi vəzifəsində işləyən şəxs xahiş edib. Onunla aramızda pul söhbəti olmadı. Dedi ki, özü birbaşa müdir vəzifəsinə işçi götürə bilmir. Bunu mütləq "Azərsu" ASC-nin sədri ilə razılaşdırmalıdır. O, söhbət əsnasında mənə Nəsimi və Xətai rayonlarının sukanal idarəsinin rəisi vəzifəsini təklif etdi, mən də Xətai rayonunu seçdim. Onun yanından çıxıb, söhbətin nəticəsini Həsənə zəng vurub dedim. Bir müddət gözləsəm də, hər hansı xəbər çıxmadı. Qeyd edim ki, aldığım hədiyyələr barədə Həsənə məlumat vermişdim və onun bunlardan xəbəri var idi. Təxminən 3 gündən sonra, mənə zəng gəldi və bildirildi ki, sənin təqdimatını yazıb göndərmişik, get "Azərsu"ya, səni sədrin müavini Teyyub müəllim qəbul edəcək. Mərkəzi Univermağın yanındakı türk dəftərxana mağazasına girib 320 manata əl çantası və 80 manatlıq müxtəlif qələmlər alıb qablaşdırdım və "Azərsu" ASC-yə gəldim. ASC-nin sədr müavini işləyən şəxsin ikinci mərtəbədəki otağına girdim, hədiyyəmi ona təqdim etdim. Onun mənim gəlişimdən məlumatı var idi. Çox yaxşı qəbul etdi, Sukanal İdarəsindən birinə rəis vəzifəsinə təyin olunmağım barədə təqdimatın verildiyini dedi. İşimin əsas sahələrini, strukturunu təmkinlə, savadlı surətdə izah edərək bir azdan ASC-nin sədri Qorxmaz Hüseynovun qəbuluna gedəcəyimizi dedi. Ancaq gözləsək də, Qorxmaz Hüseynov işə gəlmədi. Məlum oldu ki, o təcili surətdə Qobustan rayonuna getməli olub. Bir müddət sonra mən yenə "Azərsu" ASC-yə gəldim, ancaq bəlli oldu ki, Teyyub müəllim Cənubi Koreyaya ezamiyyətə gedib və iki həftədən sonra olacaq. Mənə deyildi ki, səni ancaq Teyyub müəllim Qorxmaz Hüseynova təqdim edə bilər. Bütün baş verənlər barədə Həsən Əliyevə zəng vurub dərhal məlumat verirdim. Həsən hər dəfə danışanda mənə deyirdi ki, o məsələ həll olunub, narahat olma. 2012-ci ilin yanvar ayında Teyyub müəllimlə telefonla danışdım və sonuncu mənə 20 yanvardan sonra gəlməyi tapşırdı. 24.01.2012-ci ildə bazar ertəsi onun qəbuluna getdim, dedi ki, Qorxmaz Hüseynov sənin təyinatına razıdır, ancaq idarə rəislərindən birinin işdən çıxarılması 1-2 ay çəkəcək. Ona görə də məsləhətdir ki, bir az gözləyəsən. Mənə Quba, Qusar rayonlarını təklif etdi, ancaq imtina etdim". Göründüyü kimi, "Azərsu" ASC-də yerli idarələrə rəis təyinatı zamanı savad, bu sahədən anlayışı olmaq kimi prinsiplər yox, məhz maddi məsələlər ön plana çəkilir. Ancaq çox maraqlıdır ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları Həsən Əliyevin dələduzluq əməlini araşdırarkən bəzi məqamları nəzərdən qaçırıblar. Belə ki, aparılan istintaqa ASC-nin adı çəkilən şəxsləri də cəlb olunmalı idi. Təəssüf ki, onlar hansısa üsullara baş vurmaqla məsuliyyətdən yayınmağı bacarıblar.

ASC-də çalışan işçilər iki aya yaxındır ki, maaş ala bilmir

Əldə etdiyimiz digər məlumata görə, Qorxmaz Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən qurumda iki aya yaxındır ki, maaş böhranı yaşanır. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, işçilər iki aydır ki, əməkhaqqı alı bilmir: "ASC rəhbərliyi bunu büdcədə pulun olmaması ilə əlaqələndirir. Maaşların gecikməsi sosial vəziyyəti normal olmayan insanlara daha da pis təsir göstərir. Sıravi işçilərdən fərqli olaraq cəmiyyətin rəhbərliyində təmsil olunan şəxslər maddi sıxıntının nə olduğunu bilmirlər. Onlar rahat kabinetdə oturub, bahalı maşınlarda hərəkət edirlər. Ümumiyyətlə, "Azərsu"da və ona tabe olan idarələrdə maaş problemi hər zaman üçün aktual olub. Lakin cəmiyyət sədrinin dəyişməsindən sonra bu məsələ daha qabarıq şəkildə hiss edilməyə başlayıb. Yeni il ərəfəsində də maaş böhranı yaşanmışdı. Həmin vaxt ASC sədri xarici ölkələrdən birində istirahət edirdi. Necə olur ki, o xaricdə dincəlməyə pul tapır, amma işçilərə büdcədə pulun olmadığı deyilir?".

"Azərsu"da "nurçu" müəmması...

Keçən saylarımızda ASC sədrinin özünə yaxın olan şirkətlər vasitəsilə müxtəlif maliyyə əməliyyatlarını həyata keçirdiyini yazmışdıq. Bildirmişdik ki, Qorxmaz Hüseynov "Azərsu"nun əksər layihələrini qardaşı Məhəmməd Hüseynovun və qayını Namiq Cəbrayılovun nəzarəti altında olan şirkətlərə həvalə edir. Bu isə birbaşa korrupsiya faktıdır. Çünki mövcud qanunvericilik layihələrin qohumların nəzarəti altında olan şirkətlərə verilməsini qadağan edir. Onu da vurğulayaq ki, cəmiyyət sədrinin adı bir müddət əvvəl "nurçu"larla əlaqədə çəkilib. Belə ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya sonuncu səfərindən bir gün öncə "Azərsu"nun podratçısı "Camaat"a bağlı olduğu bilinən "Hidro Lotus" şirkətinin Azərbaycandakı fəaliyyəti dayandırılıb: "Azərsu"-nun dəyəri yüz milyonlarla ölçülən layihələrini həyata keçirən "Hidro-Lotus" 2012-ci ildə qurulub. Şirkətin himayədarının "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov olduğu bildirilir. Şirkətin qeyri-rəsmi icra müdiri isə onun qardaşı Məhəmməd Hüseynovdur. Ancaq şirkətin əsas himayəçisi ARDNŞ-in söz sahiblərindən biridir. Yarandığı gündən indiyə qədər ASC-nin həm Azərbaycan hökuməti, həm də Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirdiyi əksər layihələrin podratçısı "Hidro-Lotus"dur. Şirkətin işi ilə bağlı daha bir maraqlı detal var - "Azərsu" ASC-nin bir sıra layihələrində "Hidro-Lotus" subpodratçıdır. Yəni digər podratçının gördüyü hər hansı işi məhz "Hidro-Lotus" yoxlayaraq qəbul edir. "Hidro-Lotos"un rəhbərliyindəki şəxslər, eləcə də layihələr üzrə iş icraçıları, onların müavinləri, mühasibatlığı idarə edən şəxslər ölkə reallıqları üçün fantastik məbləğdə, yəni 20-30 min manat arası əməkhaqqı alırmışlar. Bu şəxslərin çoxu Türkiyə vətəndaşlarıdırlar. Şirkətin mərkəzi aparatında, eyni zamanda demək olar bir sıra idarələrinin rəhbərliyində təmsil olunan "nurçular" özlərini narahat hiss edir".

Samir Şərifov Qorxmaz Hüseynova qarşı

Həmçinin bir neçə ay əvvəl "Azərsu" ASC-nin sədri ilə bağlı yuxarılara dosye göndərildiyi haqda məlumat yayılıb. Məlumatda deyilirdi ki, dosyedə sədrin qanunsuz olaraq həyata keçirdiyi işlər əks olunub. Həmin faktların yuxarı instansiyalara ötürülməsi isə ASC rəhbərliyində ciddi narahatlıq yaradıb. Çünki bu faktların araşdırılması son nəticədə "Azərsu" rəhbəri üçün ciddi problemlər yarada bilər. İddialara əsasən, adı çəkilən şəxslə bağlı iki məmur da əlaqədar qurumlara dosye göndərib. Deyilənə görə, həmin məmurlar maliyyə naziri Samir Şərifovla, baş nazirin müavini Abid Şərifovdur. Bildirilir ki, "Azərsu"da maliyyə pozuntularının olması maliyyə nazirini narahat edib. O, dərhal baş verənləri yuxarıların diqqətinə çatdırmağı lazım bilib. Nazirin ASC sədrinə qarşı çıxmasının başqa səbəblərinin də olduğu bildirilir. Lakin bu haqda hələlik heç bir açıqlama verilmir.

"Azərsu" "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə birləşdirilə bilər

Yayılan söz-söhbətlərə görə, "Azərsu" ASC "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə birləşdirilə bilər. Məlum olduğu kimi, Azərbaycanda eyni funksiyanı icra edən bir çox strukturlar var ki, onların vahid mərkəzdən idarə olunması daha məqsədəuyğun hesab edilir. Bizə çatan məlumatlara görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə "Azərsu" ASC-nin birləşdiriləcəyi gözlənilir. Bu iki qurumun yaxın vaxtlarda birləşərək vahid mərkəzdən idarə ediləcəyinin qaçılmaz olduğu vurğulanır: "Əslində hər iki qurum eyni funksiyanı yerinə yetirir. Yəni biri kanalizasiya və içməli su təminatını, digəri isə suvarma işlərinin icrasını reallaşdırır. İlərin mərkəzləşmiş qaydada aparılması daha məqsədəuyğun olar. Çünki bu strukturların ayrı-ayrılıqda fəaliyyəti bir-birini təkrarlaması anlamına gəlir". Məlumatlı mənbənin bildirdiyinə görə, əgər struktur dəyişikliyi baş versə, o zaman Qorxmaz Hüseynov vəzifəsi ilə vidalaşa bilər: "Onun indiyə kimi gördüyü qeyri-qanuni işlər barədə yuxarılarda xeyli məlumat var. Bu məmurla bağlı tədbirlər görülməsi müzakirə mövzusudur. Hətta səs-küylü həbslər də qaçılmazdır". Növbəti saylarımızda ASC sədrinə məxsus villalar və ticarət obyektləri haqda araşdırma yazısı dərc edəcəyik.

Geri dön