Ana Sayfa > Ölkə > Yasamalın icra başçısı nə işlə məşğuldur? - GİLEY

Yasamalın icra başçısı nə işlə məşğuldur? - GİLEY


1-06-2020, 09:47. Yazar: admin

Yasamalın icra başçısı nə işlə məşğuldur? - GİLEY
"Elşad müəllim gələndən bir dəfə məhəlləmizə ayaq basmayıb. Gəlib maraqlanmayıb ki, camaat nə istəyir, hansı problemi var.

Prezident neçə dəfə çağırış edib ki, icra başçıları millətin ayağına getməlidir, qapı-qapı gəzməlidir, insanlarla görüşməlidir, dərd-sərini öyrənməlidir. Sağ olsun, Elşad müəllim, deputatımız olanda necəydi, indi də başçı kimi eynidir”.

Bu sözləri Hit.Az-ın əməkdaşına paytaxtın Yasamal rayonundakı II Alatava massivinin sakinləri bildiriblər. Onlar rayona yeni təyin edilmiş icra başçısı Elşad Həsənovdan giley-güzar ediblər.

Sakinlərin sözlərinə görə, E.Həsənov Yasamalın deputatı olub və həmin müddətdə bir dəfə seçicilərinin problemləri ilə maraqlanmayıb.

Ona etimad götərilib Yasamalın icra başçısı təyin olunmasından sonra heç nə dəyişməyib. Sakinlər şikayətlənirlər ki, E.Həsənov Yasamalın sabiq başçıları kimi Alatavada yaşayanların problemi ilə tanış olmur.

II Alatavada yüzlərlə ev var. Kiminin işsizlik, kiminin sosial yardım almaq, kiminin əlillik problemi var. İcra başçısı hər bir sakini dinləməlidir, onların problemlərin aidiyyatı qurumlara çatdırmalıdır.

Ən əsası Alatava camaatı yolsuzluqdan əziyyət çəkir. Yaşayış massivinin bir hissəsi sakinlərin öz vəsaiti hesabına asfaltlanıb.
Amma keçmiş icra başçısı İbrahim Mehdiyev və yerli bələdiyyə görülən bu işi öz adına çıxarmışdı, İH-nin həyata keçirdiyi abadlıq kimi rəsmiləşdirmişdi.

Məhəllənin qalan küçələrinin yolları isə bərbad, çala-çuxurdur. Yay-qış gölməçəyə çevrilən, keçilməsi çətin olan yolları insanlar zir-zibillə doldurub yamaq etməkdən yorulublar. İnsanlar əssən yolların asfaltlanmasını xahiş edirlər.

Sakinlər deyirlər ki, icra başçısı Elşad Həsənov bir dəfə məhəlləyə gəlsin, xidməti avtomobili ilə bu dəlmə-deşik, darısqal, kələ-kötür yollara daxil olsun, ayağı bu küçələrə dəysin, insanların şikayətini öyrənsin, onun üzünə görsünlər, prezidentə də özünü işləyən bir məmur kimi göstərmək fürsəti qazansın.


Geri dön