Ana Sayfa > Ölkə > "DƏMİR-CƏNAB": Cavid Qurbanov... - Hardan haraya...
"DƏMİR-CƏNAB": Cavid Qurbanov... - Hardan haraya...30-05-2020, 10:09. Yazar: admin |
Azərbaycanın dəmir yollarında uzun vəzifə yolu keçərək böyük biznes imperiyasına yiyələnən - nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə, mərc oyunları kimi müxtəlif sahələrdə şirkətlərin sahibi - CAVİD QURBANOV. Cavid Qurbanov kimdir? Eks-prezident Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda çox az sayda məmur vəzifədən qovulub. Onlardan biri hazırda Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədrlik edən 62 yaşlı Cavid Qurbanovdur. Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli fərmanında deyilir: "Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası "Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin”. Lakin Qurbanov ata Əliyevin həmin fərmanından cəmi 1 il sonra yenidən vəzifəyə qaytarılır, dəmiryolu sektorunda müxtəlif yüksək postlar tutur. Sonra isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilir. Oğul Əliyevin hakimiyyəti dönəmində isə Qurbanovun biznesi çiçəklənməyə başlayıb. Baxmayaraq ki, o, "Azərbaycan Dəmir Yolları”-na rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb və indi təxminən 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə qurumun bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb. Azərbaycan mətbuatı əsasən Qurbanovun villaları haqqında məlumatlar yayır. Bildirilir ki, Yasamalda, Milli Arxiv İdarəsinin yaxınlığında yerləşən gölün düz yanında baş dəmiryolçunun villası, "Vişnovka” massivində dəyəri milyonlarla ölçülən bağ evi, oğlu Şəmşir Şəmşirlinin maşın kolleksiyası var. Redaksiyamız isə araşdırıb ki, əslində Qurbanovun nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb. Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri "Azercon” Açıq Səhmdar Cəmiyyətidir. Qrupa "Süsən Aqro” MMC, "Lor Hospital” MMC, "Retro Park” Mənzil Tikinti Kooperativi və "American Hospital Tbilisi” daxildir. Bundan başqa, "Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki "Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin sahibidir. LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb. "Süsən Aqro” MMC 2011-ci ildə yaradılıb. Bu şirkət Ağsu rayonunda və Türkiyədə əkinçilik və toxumçuluqla məşğuldur. Şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var. "Retro Park” MTK Bakıda çoxmərtəbəli yaşayış kompleksi inşa edir. Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan "Sayalı” MMC-nin orada inşa etdiyi "American Hospital Tbilisi”-yə yatırılır. Bu layihəyə toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmak nəzərdə tutulur. Qrupun ana şirkəti -"Azercon” ASC isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur. "Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış "Panama sənədlərinə” görə "Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qəmbər Şəmşir oğlu Qurbanovdur. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qənbər Qurbanov 2009-cu ildə "Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb. Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin də biznesi var. O, hətta vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla və iş adamı Hafiz Məmmədovla şərik olub. Uzun müddət Milli Məclisin deputatı olmuş Cavid Qurbanov son parlament seçkilərində namizədliyini irəli sürməsə də qohumu Aqil Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsindən millətvəkili seçilib. Kəlbəcərin icra başçısı olan Məmmədov Qurbanovun karyera yüksəlişində də xüsusi rolu olub. Azərbaycan mətbuatı həm də yazır ki, hakimiyyət baş dəmiryolçuya qumar və mərc sahəsini tapşırıb. Qurbanovun təsir dairəsində olan "Baltech İnvestment” şirkəti Azərbaycanda totalizator oyunlarında mərcin elektron qaydada kəsilməsi məqsədilə 2011-ci ildə yaradıb. Vəsilə Abdulova Qurbanovun "TOPAZ” qumarına nəzarət edən şəxsdir. Abdulova həmçinin "Azərbaycan Dəmir Yolları”nın Maliyyə İdarəsinin müdir müavinidir. Cavid Qurbanova bağlılığı olam "Baltech” qrupu Türkiyədə də geniş fəaliyyətdədir. İnşaat, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji istehsalı və digər sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətləri birləşdirir. Cavid Qurbanov 2015-ci ilin fevralında "Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri təyin olunandan sonra qurum beynəlxalq və yerli təşkilatlardan yüz milyonlanlarla ABŞ dolları dəyərində kreditlər alıb. Dəmiryolçular mətbuata maaşların azlığından, ixtisarlardan gileyləndikcə, aclıq aksiyaları keçirdikcə, baş dəmiryolçunun xaricdəki ünvanları artır. Cavid Qurbanov dünyanın müxtəlif şəhərlərində mənzillərə və şirkətlərə yiyələnir. //arqument.az// Geri dön |