Ana Sayfa > Ölkə > Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı

Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı


23-05-2020, 20:35. Yazar: admin
Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı

Baş nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

Geri dön