Ana Sayfa > Ölkə > XİN: İşğalçı ölkənin sülhdən bəhs etməsi riyakarlığın son həddidir
XİN: İşğalçı ölkənin sülhdən bəhs etməsi riyakarlığın son həddidir21-05-2020, 18:32. Yazar: admin |
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib. APA-nın xəbərinə görə, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir. “Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox. Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə isə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə, Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir. İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz”, - deyə XİN rəsmisi vurğulayıb. Geri dön |