Ana Sayfa > Ölkə > Koronavirus pandemiyası aqrar sektora necə ziyan vurub? - Nazir fermerlərə dəstək verməlidir
Koronavirus pandemiyası aqrar sektora necə ziyan vurub? - Nazir fermerlərə dəstək verməlidir18-05-2020, 09:49. Yazar: admin |
Koronavirus pandemiyası bir çox sahələrə ziyan vurdu. Problemlər kənd təsərrüfatından da yan keçmədi. İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Demək olar ki, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, pandemiyadan ziyan görməsin. Aqrar sahədə isə ən böyük problem sərhədlərin bağlanması və malların dövriyyəsinin aşağı düşməsidir. Ən böyük bazarımız olan Rusiya martın ortalarından sərhədləri bağlayıb və fiziki şəxslər Rusiyaya mal çıxarılmasında maneələrlə qarşılaşırlar. Rusiyada da karantin rejimi davam etdiyindən biz orada da tələbatın azalmasının şahidi oluruq. Bu amil də aqrar sektorumuzun ixracat potensialına mənfi təsir göstərib. "Fermerlərin əksəriyyəti hər zaman fevral-mart ayını gözləyir ki, mallarını Rusiyada bazara çıxara bilsinlər. Bildiyimiz kimi, Azərbaycan məhsulları Rusiya bazarlarında daha baha satılırdı. Bu səbəbdən ixracatın zəifləməsi fermerlərimizin gəlirlərinə, qazanclarına ciddi mənfi təsir göstərdi. Bu həm də ölkə daxilində əlaqələri zəiflətdi, yəni rayonlararası gediş-gəlişin azalması aqrar sahədə olan məhsulların dövriyyəsinə mənfi təsir etdi", - deyə iqtisadçı əlavə edib. N.Cəfərli deyir ki, vəziyyətdən çıxış yolu kimi aqrar sektorda məhsuldarlığın artırılması, çoxçeşidli və çoxistiqamətli bazarların tapılması prioritet olmalıdır: "Lokal olaraq dövlət yardımlarının artırılmasından başqa, aqrar sektora ciddi kömək etmək imkanları məhduddur. Dövlətin aqrar sektora uzunmüddətli və faizsiz kreditləri, güzəştləri verməsinə ehtiyac yaranıb. Çünki aqrar sektor ölkənin əsas prioritet sahələrindəndir. Azərbaycan ən azı özünün ərzaq təhlükəsizliyi baxımından aqrar sektorun inkişafında maraqlı olmalıdır. İndiki dövrdə də ziyan dəyən sahələrdən biri kimi aqrar sektora dövlət dəstəyi genişləndirilməlidir". Xüsusən də tərəvəz ixracatının xeyli dərəcədə azaldığını deyən iqtisadçı bu sahədə fəaliyyət göstərən fermerlərə daha böyük ziyanın dəydiyini vurğulayıb. O deyir ki, bundan başqa, restoran və turizm sahəsinin fəaliyyətinin dayanması da aqrar sahəyə mənfi təsir edib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə Sputnik Azərbaycan-a açıqlamasında görülən işlərin tempinin azalmadığını vurğulayıb: "Kənd təsərrüfatı sahəsində çalışanlar növbəli şəkildə, ara məsafəni gözləmək və lazım olan qoruyucu vasitələrdən isitfadə etməklə sahələrdə qoyulmuş plana uyğun olaraq işlərini davam etdiriblər. Bu işlər davam etdirilməsə, ilin sonuna məhsul olmaz. Bu baxımdan deyə bilərəm ki, hələlik elə bir çətinlik yoxdur". Həmsöhbətimiz hava şəraitinin təsirləri haqda da danışıb: "Ötən ilin sonunda hava şəraitinin yağmursuz keçməsi və bu ilin fevral-mart aylarında isə əksinə, yağmurlu keçməsi ilə sanki balanslı bir vəziyyət yarandı. Bu baxımdan taxıl zəmilərində, tərəvəzçilik sahələrində də vəziyyət normaldır. Hava şəraitinin kartofçuluq sahəsinə də mənfi təsiri olmadı". "Hazırda iqlim şəraiti əkin sahələrinə müsbət təsir edir. Lakin qarşıdakı aylarda quraqlığın olub-olmayacağını demək mümkün deyil", - deyə E.Allahverdiyev əlavə edib. Geri dön |