Ana Sayfa > Ölkə / Manşet > Ziya Məmmədov Arif Əsgərovu sona qədər qoruya biləcəkmi?
Ziya Məmmədov Arif Əsgərovu sona qədər qoruya biləcəkmi?16-04-2015, 11:17. Yazar: admin |
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərov vəzifədən kənarlaşdırılsa da, onun ölkəmizin dəmir yolu təsərrüfatında yaratdığı problemlər müzakirə mövzusu olaraq qalır. Bəzi mənbələrin iddiasına görə, bu yaxınlara kimi keçmiş sədrin həbs olunmaq təhlükəsi var imiş. Elə bu səbəbdən, o Nəqliyyat Nazirliyinə müavin vəzifəsinə gətirilib. Buna baxmayaraq, keçmiş cəmiyyət sədrinin adı ətrafında yaranan qalmaqallar səngimək bilmir. Amma bir məsələ dəqiqdir ki, Arif Əsgərov QSC sədri işləyərkən adı müxtəlif maliyyə əməliyyatlarında hallandırılıb, hətta 48 milyonluq yeyintiyə suçlu bilinib. Bir neçə gün əvvəl isə "Yeni Müsavat" qəzeti nazir müavininin həbs olunacağı ilə bağlı yazı dərc edib. "Xarici kredit təşkilatlarından QSC-yə ayrılan vəsait 2 milyard dollara yaxın olub. Son 3 ildə dəmir yoluna büdcədən milyonlarla manat vəsait yatırılıb. Xarici sərmayəni də bunun üstünə gəldikdə, olduqca ciddi vəsait alınır. Bütün bunlara rəğmən, bu gün dəmir yolunda vaqon parkını ötən əsrin 60-70, ən yaxşı halda 80-ci illərində istehsalı olunmuş vaqonlar təşkil edir. Elektrovoz parkında vəziyyət daha acınacaqlıdır. "Azərbaycan Dəmir Yolları" QSC-nin parkındakı elektrovozların mütləq əksəriyyəti 1950-ci illərdə istehsal olunub və istismar müddətini artıq çoxdan başa vurub. Amma hələ də yüzlərlə sərnişinin əyləşdiyi qatarları 60-65 ilin elektrovozları çəkib aparır. Dəmir yolu xətlərinin də vəziyyəti ürəkaçan deyil. Hər il dəmir yolunda xeyli qəzalar olur. Mediada vaxtaşırı yük qatarlarının qəzaya düşməsi haqda xəbərlər oxuyuruq. Günün birində sərnişin qatarlarının da dəhşətli qəza keçirəcəyinə kim zəmanət verə bilər? Sıradan çıxmış dəmiryolu xətləri ilə yarım əsrdən çox yaşı olan elektrovozlara qoşulmuş köhnə, istismar müddəti bitmiş vaqonların sağ-salamat mənzil başına gedib çıxması əslində möcüzə sayılmalıdır", deyə məqalədə vurğulanıb. Yayılan digər məlumatlara görə, quruma yenicə sədr təyin edilən Cavid Qurbanova dəmiryolu təsərrüfatında ciddi dönüş yaratmaq haqda qəti tapşırıq verilib. O isə cəmiyyətə sədr təyin olunduqdan sonra yoxlamalar aparıb, inversiyalaşdırma işlərinə başlayıb. Aparılan yoxlamalardan sonra məlum olub ki, müstəqillik qazanandan üzü bəri Azərbaycan nə yeni elektrovoz alıb, nə vaqon parkı yenilənib. Bu azmış kimi, əsaslı təmiri üçün hər il büdcədən milyonlarla manat ayrılan dəmiryolu xətləri də bərbad gündədir. Adıçəkilən məmurun sahibi olduğu mülklər haqqında da maraqlı məlumatlar yayılıb. Bəzi saytların yazdığına inansaq, Arif Əsgərovun Novxanıda hərəsinin dəyəri milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski"də 4 villası, şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları var. Özəl qaynaqlardan aldığımız ən son informasiyaya görə, Arif Əsgərovun başı üzərində qara buludlar dolaşmaqdadır: "Nazir müavininin dəmiryolu təsərrüfatında yol verdiyi neqativ hallar və büdcəyə dəyən ziyanla bağlı yuxarılar məlumatlandırılıb. Onun vaxtilə imza atdığı qanundankənar işlərin tam dosyesi rəsmi instansiyalardadır. "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş rəhbərliyinin fəaliyyətinin ən xırda detallarına qədər araşdırılacağı, barəsində cəza tədbirlərinin görüləcəyi gözlənilir. Başqa sözlə desək, sabiq sədrin həbsinə hazırlıq gedir. Yayılan məlumatlara görə, QSC-də araşdırmalar başa çatana qədər Əsgərovun ölkədən kənara çıxmasına qeyri-rəsmi qadağa qoyulub". Məlumatı dəqiqləşdirmək üçün nazir müavini ilə əlaqə saxlamaq istəsək də, bütün cəhdlərimiz uğursuz alındı. Amma buna baxmayaraq, qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaratmağa hazırıq. Geri dön |