Ana Sayfa > Ölkə / Manşet > Sabirabadda bir ayrı aləm var...

Sabirabadda bir ayrı aləm var...


18-10-2016, 08:05. Yazar: admin
Sabirabadda bir ayrı aləm var...
Sabirabad rayonu Cavad kənd sakini Sarıyev Qurban Qudrətəli oğlu və onun oğlu 6-cı sinif şagirdi Sarıyev Qudrətəli Qurban baş prokuror Zakir Qaralova, təhsil naziri Mikayıl Cabbarova, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət ünvanlayıb. Gundelik-Baku.com-un elektron ünvanına daxil olan müraciətdə deyilir: «Mən, Sarıyev Qurban Qudrətəli oğlu, 1970 ci ilin 20 yanvarında Sabirabad rayonunun Cavad kəndində anadan olmuşam. 1991-ci ildən Sabirabad Rayon Təhsil Şöbəsində kiçik mühasib kimi əmək fəaliyyətimə başlamışam. İşlədiyim 25 il müddətində rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və digər formada cəza tədbiri almamışam. Məlumat üçün qeyd edirəm ki, 2016-cı ilin yanvar ayında mərkəz Sabirabad rayonu olmaqla, 12 saylı Ərazi Regional Maliyyə-hesablama Mərkəzi yaradıldı. Həmin mərkəzə 65 yaşlı texnikum təhsilli, 2002-ci ildə Rusiyanın Cənub Ali Humanitar İnstitutunun BHC691766 nömrəli saxta diplomunu əldə etmiş Elxan Əsədov təyin edilib. E.Əsədovun 2002-ci ildə işlədiyi rayon mədəniyyət şöbəsinin baş mühasibliyi vəzifəsi dövlət qulluğu təsnifatına daxil olduğu üçün o, həmin saxta diplomu əldə edərək 2002-ci ildən 2016-cı ilədək dövlətə xəyanət edərək maliyyə fırıldaqlarına getmiş, dövlət qulluğu ilə külli miqdarda vəsaiti mənimsəmişdi. E.Əsədov pensiyaya çıxarkən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsini aldadaraq dövlət qulluğuna aid edilən pensiya almağa da müvəffəq olmuşdu. Onun tutduğu hazırki vəzifəsi dövlət qulluğu təsnifatına daxil olmadığı halda, Elxan Əsədov 2016-cı ilin yanvar ayında ona saxta diplomla əlaqədər hesablanmalı olmayan əmək haqqını birdəfəlik 6 misli miqdarında müavinəti dövləti aldadaraq alıb. O, regional idarəyə rəis təyin edildikdən sonra idarənin aparıcı məsləhətçiləri Qasım Məmmədov və Nüsrət Abuşovla əlbir olaraq mənə və bir sıra məktəblərin texniki işçilərinə qarşı yolverilməz formada təzyiq və təhqirlərə keçib». Sabirabad sakini yazır ki, mühasibatlıqda 17 nəfər təcrübəli mühasibin işləməsinə baxmayaraq, Elxan Əsədov Qasım Məmmədovun oğlunu bir gün də olsun mühasibatlıqda işləmədiyi halda regional mühasibatlığa böyük mühasib vəzifəsinə təyin edib: «Onu da qeyd edim ki, əmək fəaliyyətimə başladığım vaxtdan Yeni Azərbaycan Partiyasının üzvüyəm. Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində hakim partiyanın müşahidəçisi olmuşam. Böyük qardaşım Sarıyev Hüseynağa 65 saylı Seçki Dairəsinin Cavad kəndi üzrə 1 saylı seçki məntəqəsinin üzvüdür. O biri qardaşım Sarıyev Fikrət Cavad kənd 2 saylı seçki məntəqəsinin üzvüdür. Biz ailə üzvülərimizlə birgə dövlətə etibarla və sədaqətlə xidmət edən əməkçi insanlarıq. E.Əsədov isə əvvəllər müxalifətdə olub, vəzifəyə keçmək və öz müxalifətçiliyini gizlətmək üçün 2016-cı ilin may ayında YAP sıralarına keçib. E.Əsədovun məni 25 iyun 2016-cı il tarixdən heç bir səbəb olmadan işdən uzaqlaşdırılmağımın səbəbi aparıcı məsləhətçilər Qasım Məmmədov və Nüsrət Abuşovun birlikdə həyata keçirdikləri maliyyə maxinasiyalarından mənim duyuq düşməyim olub. Onlar heç bir tender keçirilmədən və qaimə-faktura olmadan bazar məzənnəlirindən baha qiymətə hər məktəbə 2-3 paçka olmaqla A-4 format kağızı, bir paçkası 13 man.50 qəpik, diyircəkli qələm, 6-7 ədəd, olmaqla qiyməti 1 man 20 qəpik, elektirik lampası 3-4 ədəd qiyməti 2 man 20 qəpik, həyət süpürgəsi 2-3 ədəd qiyməti 6 man 40 qəpik, qovluq 3-4 ədəd qiyməti 2 man 20 qəpik və s veriblər. Bununla da həmin bu dəstə dövlətin 100 min manatlarla pulunu mənimsəyib. Məktəb direktorları və müəllimləri könüllü olaraq müxtəlif qəzet və jurnallara abunə yazıldığı halda, Elxan Əsədov bundan istifadə edərək «Azərmətbuatyayım»a, «Suqovşan» qəzeti redaksiyasına və Bakı şəhəri «Təhsil jurnalı» redaksiyasına yığılan nəğd pullara şərik çıxaraq, ümumilikdə 17 min 400 manat pulu köçürmə yolu ilə qanunsuz olaraq həmin müəssisələrin hesabına köçürüb». «Bunu da qeyd etməliyəm ki, E.Əsədov öz qızını Təhsil Nazirliyinin heç bir razılığı və göstərişi olmadan rayonun ən böyük məktəbi olan N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinə direktor təyin etdirib. Onun qızı Könül Əsədova həmin məktəbdə cəmi altı ay 0,5 ştat həcmində direktor müavini vəzifəsində işləyib. O, Təhsil Nazirliyinin keçirdiyi direktorlar üçün imtahanda ən zəif nəticə göstərib. E. Əsədov öz qızına doqquz ay ərzində qeyri-qanuni olaraq, direktora aid olan əməkhaqqı ödəyib» - vətəndaş yazır. Sabirbad sakini qeyd edir ki, baş verənlərlə bağlı dəfələrlə ölkə başçısına və dövlət qurumlarına müraciət ünvanlayıb: «Mən bütün bunlar haqda 11 iyun 2016-cı il tarixdə öz pozulmuş hüquqlarımın müdafiəsi üçün Azərbaycan Respublikası Prezidentinə, Maliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Baş Prokurora, Korrupsiya Qarşı Mübarizə İdarəsinə, Təhsil Nazirliyinə, Milli Məclisə, Hesablama Palatasına, İnsan Hüquqları üzrə müvəkkilə müraciət etmişəm. Bundan sonra mənə həmin şəxslər tərəfindən böyük təzyiqlər edilməyə başlandı. Məcbur olub yazdıqlarımı təkzib etdim və yaxın vaxtlarda məni işlə təmin edəcəklərinə öz yaxınlarım qarşısında söz verdilər. Həyəcanlı vəziyyətdə olduğumdan istifadə edib mənə bir sənədə qol çəkdirdilər. Sonradan başa düşdüm ki, həmin sənədin başlıqında boş yerə işdən çıxmaq barədə ərizə formasına salıblar. Artıq dörd aydır ki, işsizəm. Bu vaxt ərzində mənim son hesab və müavinətim ödənilməyib. Ailədə yeddi nəfərik. Təkcə mən evin təminatı ilə məşğulam. Oğlum Sarıyev Qüdrətəli 1 sentyabr 2016-cı il tarixdən aidiyyatı orqanlardan atasının hüquqları təmin edilmədiyi halda, yuxarıda qeyd etdiyimiz şəxslər ifşa olunmadığı halda, maddi vəziyyəti nəzərə alaraq, bizim Rusiya və Gürcüstana getməyimiz üçün köməklik göstərilməsini xahiş edib. Ona görə də bir daha Prezidentə və aidiyyəti qurumlara müraciət edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpasında köməklik göstərsinlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri dön