Ana Sayfa > Ölkə / Manşet > Hacıbala Abutalıbov bu adamın qarşısında aciz qalıb?
Hacıbala Abutalıbov bu adamın qarşısında aciz qalıb?16-02-2016, 09:59. Yazar: admin |
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan büdcə vəsaitlərinin şəffaf və təyinatı üzrə xərclənməsində ciddi problemlər var. Bu barədə Vertikal.az-a adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib. Mənbə xatırladıb ki, 1999-cu ildə yaradılmış adıçəkilən qurum əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir: “Departamentin strukturuna idarə aparatı, rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir" İstəhsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və digər xidmət sahələri daxildir. Bu məqsədlə də hər il dövlət büdcəsindən ümumilikdə milyonlarla manat ayrılır. Amma həmin vəsaitlər üzərində şəffaflıq təmin edilmədiyindən onların təyinatı üzrə xərclənməsi şübhə altındadır”. Mənbə Vertikal.az-a deyib ki, bu Departamentin rəisi Rəfail Mehrəliyev əvvəllər qurumun maliyyə şöbəsinə rəhbərlik edib: “Onu bu vəzifəyə təyin edilməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan sabiq apparat rəhbəri Vidadi Zeynalov həlledici rol oynayıb. Onlar yaxın qohum, daha doğrusu, dayı - bacıoğludurlar. R. Mehrəliyevin adı indiyədək çoxsaylı korrupsiya ittihamlarında keçib. Buna baxmayaraq, paytaxt meri Hacıbala Abutalıbov nəyə görəsə Departament rəisi ilə bağlı hər hansı ölçü götürmək istəməyib. R. Mehrəliyev maliyyə şöbəsinin rəhbəri olarkən də onun qeyri-şəffaf fəaliyyəti ilə bağlı iddialar səsləndirilirdi. Amma buna baxmayaraq, paytaxt başçısı Mehrəliyevin daha yüksək vəzifəyə təyinatına razılıq verib”. Mənbənin sözlərinə görə, son vaxtlar Hesablama Palatasının Departamentə daxil olan qurumlarda, o cümlədən, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərindəki yoxlamalarında çoxsaylı yeyintilər aşkarlanmaqdadır. “Palatanın auditləri zamanı məlum olur ki, Departamentə daxil olan strukturlar mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərini təxmin hesablamalar əsasında aparır, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorları nəzərə almırlar. Bundan başqa, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilmir, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmir, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılır və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilir, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilmir, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilmir, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilmir. Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmur, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibi müvafiq təlimatlara uyğun aparılmır, kreditor və debitor borclar mütəmadi artır. Bütün bunlar isə Mənzil-Kommunal Təsərrüfatı Departamentində korrupsiyanın nə qədər geniş miqyas aldığını göstərir”. Mənbə bildirir ki, sadalanan nöqsanlar artıq xeyli adiləşib, bununla bağlı aidiyyatı orqanlar lazımi addımlar atmayacağı təqdirdə isə Rəfail Mehrəliyevin rəhbərlik etdiyi qurum büdcə vəsaitlərini faktiki olaraq havaya sovurmağa davam edəcək. Geri dön |