Ana Sayfa > Ölkə / Manşet > Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəlisinə qarşı ittiham

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəlisinə qarşı ittiham


9-04-2015, 13:08. Yazar: admin
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəlisinə qarşı ittiham
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yerli qurumlarında sular durulmaq bilmir. Xidmətin Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarınını əhatə edən 11 saylı regionunda mövcud olan hüquq pozuntuları ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Həmin məlumatlara keçməzdən öncə isə bildirmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, eləcə də işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarətilə əlaqədar ödənişlərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Sözügedən qurum həmçinin əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir. Lakin nədənsə 11 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Mahir Şükürov üzərinə düşən işi lazımınca yerinə yetirə bilmir. Bu barədə əldə etdiyi bilgiləri bizimlə bölüşən məlumatlı şəxsin dediyinə görə, Mahir Şükürov 11 saylı regiona daxil olan rayonlarda bir sıra qanundankənar əməllərə rəvac verməklə yanaşı, müxtəlif obyekt və müəssisə rəhbərlərini təngə gətirib. Əmək müfəttişliyinin yoxlama keçirəcəyi barədə xəbərin əksər hallarda firma, müəssisə və təşkilatlar üçün gözlənilməz olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, onlar bütün firmalara nəzarət etmək hüququna malikdirlər: "Əmək müfəttişliyinin əməkdaşları yoxlama prosesində qeyri-leqal işçiləri, əməyin təhlükəsizliyi qaydalarının pozulması hallarını və bir çox başqa çatışmazlıqları axtara bilərlər. Ölkəmiz Beynəlxalq Əmək Təşkilatının "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 saylı Konvensiyasına qoşulub. Məhz həmin Konvensiyanın tələblərinə uyğun olaraq əmək müfəttişinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə istənilən müəssisəyə daxil olmaq ixtiyarı var. Amma bu, bütün hallarda mümkün deyil. Müəssisədəki istənilən çatışmazlıq tənbeh üçün əsas ola bilər. Bu zaman cərimələrin ölçüləri İnzibati Xətalar və Cinayət məcəllələrilə müəyyən olunur. Əsas odur ki, sahibkar müfəttişdən Ədliyyə Nazirliyinin elektron yoxlama reyestrindən çıxarışın olmasını tələb etsin. Bu sənəd olmadan yoxlama qanunsuzdur və bu halda sahibkar müfəttişi obyektə buraxmaya bilər. Mahir Şükürovun tabeliyində çalışan şəxslər isə buna əhəmiyyət vermirlər. Yəni onlar ürəyi istədikləri vaxt istədikləri müəssisə, təşkilat və qurumda yoxlama aparır, bununla da rəhbər şəxsləri müfəttişliyin müdiri tərəfindən irəli sürülən "şərt"lərə əməl etməyə vadar edirlər". Bizə verilən məlumatda həmçinin Mahir Şükürovun Salyan, Neftçala, Hacıqabul və Şirvanda fəaliyyət göstərən sahibkarlardan aylıq və illik "ödəniş" aldığı da bildirilir: "Onun əsas hədəfi isə bir qayda olaraq şadlıq evləri, restoranlar, tikinti sektoru, çayxanalar, avtoyuma məntəqələri, gözəllik salonları və s. iaşə obyektləridir. Belə ki, əksər obyektlərdə insanların bir çoxu qeyri-rəsmi olaraq çalışdığı üçün Mahir Şükürovun işçiləri obyekt sahiblərinin hər birindən aylıq almaqla minlərlə işçinin hüquqlarının pozulmasına göz yumurlar. Müfəttişliyin işçiləri Neftçala, Salyan, Şirvan və Hacıqabul rayonlarında fəaliyyət göstərən restoranlardan, çayxanalardan aylıq nəysə almaqla yanaşı, tikinti sahələrində insanları günəmuzd işlədən sahibkarlardan da yığımlar edirlər. Bununla həm işçilərin hüquqları pozulur, həm də dövlətə külli miqdarda ziyan dəyir. Çünki günəmuzd işçi çalışdıran təşkilatlar bir qayda olaraq vergidən yayınmaqla məşğul olurlar. Qanunla Əmək Müfəttişliyi Xidməti müqaviləsi olmayan işçilərin hüquqlarını təmin etməli və sahibkarın onlarla əmək müqaviləsi bağlamasına yardımçı olmalıdır. Ancaq Mahir Şükürov vətəndaşlar əvəzinə sahibkarlara "xidmət" etməyi daha münasib bilir. Regional xidmət rəhbərinin balıqçılıq vətəgələrindən hər ilin əvvəlində şirinlik aldığı bildirilir". Əlimizdə dəqiq faktlar olmadığına görə Mahir müəllimin sahibkarlıq obyektlərindən haqq alması barədə bir şey deyə bilmərik. Hər halda, 11 saylı region üzrə DƏM-in rəhbəri bu kimi qanunsuz işləri görməkdə ittiham olunursa, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə onun fəaliyyətini araşdırmalıdır. Əks təqdirdə, Mahir Şükürov özbaşına hərəkətlərini davamlı olaraq həyata keçirəcək.

Geri dön