Prezident Administrasiyanın sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ətrafında baş verən hadisələr səngimək bilmir. Cəmiyyət birmənalı olaraq mərasimdə iştirak edən məmurların və deputatların istefasını tələb edir.
Avqustun 24-də R.Mehdiyevin AMEA-nın rəsmi saytında yayımlanan açıqlaması isə əlavə suallara səbəb olub. Proseslər davam edir. Və AYNA-nın mövzuya dair suallarını politoloq Nəzakət Məmmədova cavablandırıb.
- Azərbaycanda gedən proseslərin çox dərin daxili və xarici səbəbləri var. Türkiyənin yüksək ordu heyətinin Azərbaycana səfəri, Rusiyanın adamı sayılan Baş Qərargah rəisinin protokolda yer almaması Prezident İlham Əliyevin Rusiyaya demarşı sayıla bilərdi. Putinə zəng edən İlham Əliyevin Rusiyanın Ermənistana silah ötürülməsi məsələsinə görə narazılığına Putinin cavabı Azərbaycan mətbuatında yer almadı. Görünür, söhbət gərgin atmosferdə keçdiyi üçün, hətta COVID-19 peyvəndinin Rusiyada icad olunması münasibətilə Əliyevin Putini təbriki də gərginliyi yumşalda bilməyib. Rusiyaya yaxın olduğu ehtimal olunan keçmiş Administrasiya, indiki Akademiya rəhbərinin karantində toy mərasimi keçirməsi və ardından başlanılan təlatüm Azərbaycanda 17 illik sabit siyasi konfiqurasiyanın sürətlə dəyişikliyə doğru getdiyini göstərir. Rusiyaya yaxın olduğu deyilən Eldar Həsənovun həbsi siyasi palitradakı rəngləri bir az da qarışdırdı. Türkiyə ilə Azərbaycan ordusunun birgə təlimi və Türkiyə Silahlı Qüvvələrin elitasının səfərinin ardınca rus hərbi gəmilərinin Xəzərdə fitinin eşidilməsi ilə Rusiya Türkiyəyə hərbi demarş etdi: “Sən hər nə qədər qurudan və havadan dəstək versən də, Xəzərin hökmdarı mənəm, buradakı “məğlubedilməz Armada” mənə məxsusdur”. Çünki Xəzərin statusu haqda konvensiyaya görə beş hövzə ölkəsindən başqa heç bir kənar güc, ələlxüsus, NATO üzvü olan ölkənin gəmiləri Xəzərdə lövbər sala bilməz. Bu, İvan Qroznı dövrü deyil ki, Osmanlı Volqa Don kanalına gedən yolu bağlayıb Rusiyanı Xəzərə buraxmasın. Rusiya ekologiya məsələsini əsas gətirib Türkmənistan mavi qazını TAP-TANAP layihəsinə vurmağa imkan verməyəcək, Azərbaycan, Türkiyə, ABŞ, Avropa buna cəhd etsə, Rusiya hərbi gəmiləri bu dəfə Xəzərə hərbi oyunlar adıyla girməyəcək.
- Yəni, daxildə baş verən hadisələr, bir növ xariclə də bağlıdır?
- Toy mərasimi, əlbəttə, Prezidentlə onun “5-ci kolon” adlandırdığı iqtidardan qopmuş və Rusiyaya bağlı qüvvələr arasında “cazus belli” üçün imkan yaratdı. Azərbaycanda 1993-cü ildən bəri hökm sürən iqtidardaxili birlik son illərdə nəinki pozulub, açıq savaş halına çatıb. Rusiya Azərbaycan iqtidarındakı təsir vasitələrindən məhrum olmaq təhlükəsi ilə üzləşib. İlham Əliyev artıq bir güc mərkəzinə tabe olmaq istəmir, 200 ildən artıq davam edən düzəni dəyişməyə səy göstərir. Rusiyanın isə regionda Azərbaycan xətti üzrə ikinci dərəcəli gücə çevrilmə təhlükəsi mövcuddur.
- Dövlət başçısı buna nədən qərar verib?
- Bir çox səbəblər var. Rusiya Azərbaycan hakimiyyətini istədiyi şəkildə idarə etmək istəyir. Məsələn, neftin qiymətinin düşməsi Azərbaycan iqtidarının gəlirlərini xeyli azaldıb, pandemiya ölkəni çətin vəziyyətə salıb, əhali son dərəcə yoxsullaşıb. Belə bir vəziyyətdə Putin öz ənənəvi bac-xərac tələbindən geri çəkilmir, köhnə texnikanın satışı və başqa adlar altında Azərbaycandan milyardlarla dollar pul tələb edir, İlham Əliyev isə bunu qəbul etmir və alternativ ölkələrə, xüsusilə Türkiyəyə “yaşıl işıq” yandırır. Bundan başqa, Azərbaycanın əsas gəlir mənbəyi olan və milyardlarla dollar gətirən enerji xətləri Rusiyanı qane etmir, ABŞ “Şimal axını-2” layihəsinə sanksiya tətbiq edib, Rusiya da ABŞ-ın dəstəklədiyi “Cənub Qaz Dəhlizi”ni təhdid edir.
Hazırkı şəraitdə Moskva Bakıya iki yolla siqnal göndərir: Xəzərin sahilindəki toydakı atəşfəşanlıq və Xəzərdəki hərbi oyunlar adı altında üzüb gəlmiş gəmilərdən verilən fit səsi. İlham Əliyev bu demarşlara karantin qaydalarını pozan şəxslərin qoluna qandal vurmaqla cavab verdi və qarşı tərəfin cavabı da gecikmədi. Hazırkı savaşda “boz kardinal”ın özünün də məsləhətləşdiyi bir qüvvə var - Jozef Ata. Rusiya dərin dövlətinin ən vacib nümayəndələrindən biri, Müdafiə naziri Sergey Şoyqu Azərbaycana gəlir. Ermənistanı regionda özünün silah cəbbəxanasına çevirən Rusiya Müdafiə Nazirliyi ola bilər ki, arxayındır. Rusiya Türkiyəyə göstərir ki, o, Misuratada hərbi-dəniz bazası yarada bilər, amma Xəzər Rusiyanındır və Türkiyə burada bir qayıq da üzdürə bilməz.
- Belə çıxır ki, Azərbaycanda baş verənlərə Rusiya-Türkiyə çəkişməsinin də təsiri var?
- Azərbaycanda baş verənlər Rusiya və Türkiyənin Afrikada hazırkı mübarizəsinin əsintiləridir. Türkiyə Sarrac hökuməti ilə razılaşmaqla Aralıq dənizinin şərqində təbii qaz istismar edəcək. Eyni zamanda, Afrikaya açılımını davam etdirməkdə israrlıdır. Bunun üçün Rusiyanın onu dəstəkləməsi, ən azından mane olmaması vacibdir. Rusiya buna razılıq verərsə, Azərbaycanda yenidən hərəkət azadlığı əldə edəcək, hakimiyyətə təzyiqlərini artıracaq, “cənnətdən qovulmuş” “5-ci kolon” güc və mövqe savaşını əzmlə davam etdirəcək.
- Nəticədə Rusiya Azərbaycanda məğlub ola bilər?
- “5-ci kolon” adlandırılan qüvvələrin belə tezliklə məğlub olacağını, ümumiyyətlə, məğlub olacağını düşünmək sadəlövhlük olardı. Qruplaşmanın aparıcı şəxsləri həbs oluna, sıradan çıxarıla, diskreditasiya edilə bilər. Lakin bu, Rusiyanın Azərbaycandakı məğlubiyyəti demək deyil. Önümüzdə Putinin 2036-cı ilədək uzun, məşəqqətli bir hakimiyyət dövrü var. Onun şəxsi ambisiyalarından və Rusiya dərin dövlətinin mahiyyətindən irəli gələn yanaşma SSRİ-nin bərpasına etibarlı zəmin hazırlamağı tələb edir. İlham Əliyevin bu aviasiyanın qarşısına alternativ kimi çıxarmaq istədiyi plan nədir? Daxili siyasətdə gənc kadrlar, xarici siyasətdə Türkiyənin Azərbaycandakı dayaqlarının möhkəmləndirilməsi.
- Bəs, Rusiya kimi nəhəng, əzici, böyük imperialist iddialarını uğurla həyata keçirmə təcrübəsi olan dövlətin qarşısına bu cür resurslarla çıxmaq nə qədər uğur vəd edir?
- Rusiyanın Azərbaycan rezidenturasının üzvləri təcrübəli, iri maliyyə resurslarına sahib oliqarxokratiya qruplarıdır. Post-sovet məkanında “qanuni oğru”lardan tutmuş, oliqarxlara qədər bütün təbəqələrə nəzarət edən Rusiyanı sıxışdırmaq asan olmayacaq. “5-ci kolon”la Prezidentin mübarizəsini müşahidə edib, tərəflərdən hansı daha güclü olarsa, onun yanında yer almağa hazır olan media, vətəndaş cəmiyyəti və özünü müxalifət adlandıran qüvvələr var. Əsas söz sahibi olmalı olan xalq isə müşahidəçi rolunda çıxış edir. Nəticədə, hər zaman olduğu kimi bu məsələlərin də aqibətini xalqın iradəsi deyil, xarici qüvvələrin həll edəcəyi gözləniləndir.
- Bir az əvvəl Sergey Şoyqunun Bakı səfərinə toxunduz. Şoyqunun səfərinin əvvəlkilərdən xeyli fərqli dövrə və şəraitə təsadüf etməsi nəyin göstəricisidir?
- Azərbaycan ilə Rusiya arasında münasibətlər çox gərginləşib. Hakimiyyətdən qopmuş və artıq ona müxalifətə çevrilməkdə olan siyasi güc qrupu ətrafında baş vermiş “Toygeyt”dən tutmuş, “Yay müharibəsi”, Rusiyanın Ermənistana silah ötürməsi, Türkiyənin Azərbaycanda hərbi iştirakı bir sıra hadisələr fonunda bu səfər həlledicidir. Digər tərəfdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Belarusda hadisələrin gərgin olaraq qaldığı bir dövrdə hazırda Rusiyanı post-sovet məkanında narahat edən iki ölkənin - Azərbaycan və Belarusun onun nəzarətindən çıxmasıdır. İndiyədək Rusiya üçün ən loyal ölkələrin birdən-birə problemə çevrilməsi Moskva üçün əlavə qayğı deməkdir. Moskva bu məsələləri çətinlik çəkmədən həll etməyə çalışacaq. Onun Azərbaycana və Belarusa təsir resursları kifayət qədər böyük, çoxşaxəli və əsaslıdır. Azərbaycandakı rusiyapərəst qüvvələrin taleyi, Qarabağda və Azərbaycan-Ermənistan dövlət sərhədində bundan sonrakı vəziyyətin eskalasiyası, hətta Rusiya ilə Türkiyə arasında Yaxın Şərq və Liviyada vəziyyət Şoyqunun səfərindən müəyyən qədər asılı olacaq. Ehtimal ki, koronavirus, sanksiyalarla zəifləmiş Rusiya siyasi elitası öz təsiri altında olan ölkələrdən, o cümlədən Azərbaycandan müxtəlif bəhanələrlə pul toplamağa çalışır və Azərbaycana yenə də köhnə silahlar satmaqla milyardlarla dollar aparmaq istəyir. Rusiyanın Ermənistana və Azərbaycandakı “5-ci kolon”a dəstəyinin müvəqqəti olaraq zəifləməsi bu səfər zamanı baş tutan razılaşmalardan asılı ola bilər.