İcra hakimiyyətləri ləğv edilə bilərmi?
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli icra hakimiyyətlərində keçirdiyi əməliyyatlardan sonra bu strukturun ümumiyyətlə ləğvi olunması gündəmə gəlib.
Yenisabah.az xatırladır ki, DTX indiyə qədər 4 rayonun icra hakimiyyətində əməliyyat keçirib. Bunlar Ağstafa, Neftçala, Biləsuvar və İmişli rayon icra hakimiyyətləridir. Əməliyyatlar nəticəsində adıçəkilən rayonların icra başçıları həbs edilib.
Həbslərin davam etməsi rüşvət və korrupsiyaya qarşı bu sayaq mübarizənin effektiv olmadığı qənaətini yaradıb. Çünki həbslərdən nəticə çıxarılmır. Hələ Ağstafanın icra başçısı Nizaməddin Quliyev həbs ediləndə gözlənilirdi ki, digər rayonların rəhbərləri fəaliyyətlərinə çəki-düzən verəcəklər. Lakin Neftçala, ardınca Biləsuvar və İmişlinin icra başçılarının həbsi göstərdi ki, rüşvət və korrupsiyaya bulaşmış məmurlar yeni tələblərə uyğunlaşa bilmirlər və ya bunu istəmirlər. Bu fakt icra hakimiyyəti strukturunun ləğvini təklif edənlərin arqumentlərini gücləndirib.
Artıq deputatlar da bu barədə danışmağa başlayıb. Məsələn, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədov bildirib ki, icra başçılarının sayı çoxdur.
“Bu qədər icra başçısı çoxdur. Azərbaycanda 11 iqtisadi rayon var, hər iqtisadi rayona bir vali təyin etməklə çevik və şəffaf işləyən idarəetmə sistemi qurmaq olar. Məsələn, Şimal zonasına bir, Cənub zonasına bir müavin təyin etməklə rayon icra hakimiyyəti başçılarının sayını azaltmaq lazımdır. Çünki bu qədər başçıya doğrudan ehtiyac yoxdur. Daha bir istiqamət odur ki, bələdiyyələrin səlahiyyəti yavaş-yavaş artırılmalıdır. Türkiyədə faktiki olaraq, dövlətin idarə edilməsində ən öncül mərkəzlərdən biri bələdiyyələrdir. Azərbaycanda da bələdiyyə seçkiləri şəffaf həyata keçirilməli və bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir ki, oraya seçilən insanlar regionu idarə etsinlər və camaatla sıx təmasda fəaliyyətlərini qura bilsinlər”, - deyə deputat bildirib.
Müşhaidələr göstərir ki, hakimiyyətin zirvəsində də yerli icra hakimiyyətlərinə inam əvvəlki kimi deyil. Bunu Prezident İlham Əliyevin çıxışlarından da sezmək mümkündür. Hər halda inam olan yerdə dəfələrlə xəbərdarlıq olmaz. Bununla belə, iqtidar ideoloqlarının icra hakimiyyətlərin ləğvinə isti yanaşmadığı da ortadadır.
Ekspertlər hesab edir ki, icra hakimiyyətlərin ləğvi iqtidarın qurduğu siyası sistemə sarsıdıcı zərbə vura bilər. Düzdür, sistemin dəyişilməsi prosesi başlayıb. Amma bu dəyişikliklər kadrlar əvəzlənməsi şəklində baş verir. Struktur dəyişiklikləri də kadrlara uyğun aparılır. Ekspertlər hesab edir ki, hakimiyyətin atdığı addımların gözlənilən effekti verməməsinin səbəbi dəyişikliklərin fundamental xarakter daşımamasıdır. Onların fikrincə, struktur dəyişiklikləri kadrlara görə yox, idarəetmə sistemində çevikliyi və şəffaflığı artırmaq baxımından həyata keçirilməlidir. Bu halda isə iqtidarın düzəni əhəmiyyətli dərəcədə dəyişə bilər ki, indiki həssas dönəmdə hakimiyyət bunu məqəsəduyğun saymır.