Ana Sayfa > Müsahibə > “Prezidenti yəhudi olan dövləti faşizmdə ittiham edirlər, gülməlidir…” –Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ

“Prezidenti yəhudi olan dövləti faşizmdə ittiham edirlər, gülməlidir…” –Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ


14-03-2022, 12:39. Yazar: admin
“Prezidenti yəhudi olan dövləti faşizmdə ittiham edirlər, gülməlidir…” –Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ
Vertikal.az Gündem.az-a istinadən politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Zərdüşt bəy, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan bölgəsi arasında yeni kommunikasiya xətlərinin çəkilməsinə dair İranla anlaşma memorandumu imzalandı. Memorandumun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu, ilk növbədə Azərbaycan-İran əlaqələrinin genişlənməsinin göstəricisidir. Bir vaxtlar Naxçıvana yol Ermənistanın Mehri rayonundan keçirdi. İndi isə Araz çayının sol tərəfindən Naxçıvana yol çəkilir. Bu o demək deyil ki, Mehridən yol çəkilməyəcək. Ermənistanda bir qrup xəstə təfəkkürlü insan var ki, Zəngəzur yolunun açılmasını özləri üçün təhlükə sayırlar. Əslində Zəngəzur yolunun açılması Ermənistan üçün yeni iqtisadi imkanlar yaradır. Bu yol düşmənçilik yox, əməkdaşlığın başlanması üçün bir imkandır.

- Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, Azərbaycan tərəfi buna adekvat olaraq hansı tədbirlər görə bilər?

- Biz Rusiya rəhbərliyinə deyirik ki, Ermənistan hakimiyyətini başa salsınlar. Mehri yolunun açılması həm də Rusiyaya xeyirdir. İndi Ermənistan rəhbərliyi yolun açılmasına razılıq verməsə, Azərbaycan tərəfi də onların bəzi istəklərini ürəklərində qoyacaq.

- Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iddia qaldırırlar. Guya biz onların Qarabağdakı mədəni irslərini dağıdırıq…

- Müharibə artıq bitib. Nifrət, aşağılayıcı çıxışlardan, hərəkətlərdən imtina olunmalıdır. Ermənistanla müharibə nədən başlandı? Bir qrup savadsız, məsuliyyətsiz adam Ermənistanda, Qarabağda azərbaycanlıları incitdi, Azərbaycanda da erməniləri incitdilər. Onlar cəzasız qaldılar. Cinayətkarlar cəzasız qaldıqları üçün qudurdular. Başladılar, adamları öldürməyə. Beləliklə müharibə başladı, ərazilərimiz işğal olundu və s. İndi də Ermənistanda və Azərbaycanda qarşılıqlı ittihamllar, nifrət dolu çıxışlar səsləndirilir. Belə hərəkətlər ən çox Rusiyanın işinə yarayır. Rusiya istəyir ki, Azərbaycanla Ermənistanın münasibətləri düzəlməsin, həmişə düşmən olsunlar. Buna getmək lazım deyil. Ermənistanda belə təbliğat aparılır ki, guya türklər, azərbaycanlılar ermənilərlə düşməndir. Yalandır. Yüz illərdir ki, türklər, azərbaycanlılar ermənilərlə birgə yaşayıb. Nə düşmənçilik?

- Amma bu gün də Ermənistan mətbuatında Azərbaycana qarşı nifrət dolu yazılar dərc edilir. Onların siyasi ekspertləri çıxışlarında Türkiyə və Azərbaycanı aşağılayırlar, cinayətlərdə ittiham edirlər. Belə olduqda birgəyaşayış imkanları nə dərəcədə mümkündür?

- Ermənistan dəlidir, qanmazdır, axmaqdır, onun bizə nə dəxli var? Biz uzaqgörən, tədbirli, təmkinli olaq. Bizə xeyirdir ki, Ermənistanla barışaq. Ermənistanın da Azərbaycan və Türkiyə ilə barışması maraqlarına uyğundur. Əks təqdirdə, Rusiyanın əbədi nökəri kimi qalacaq. Bunu dərk edib dillərinin altına şəkər qoyub bizimlə, Türkiyə ilə barışsalar yaxşı olacaq. Bunu qanmırlarsa, özləri bilər. Nökər, qul olaraq qalsınlar.

- Yaxın müddətdə Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması mümkündürmü?

- Ermənistanda sülh prosesinə ciddi mane olan qüvvələr var. O qüvvələr Rusiyaya bağlı adamlardır. Siz Nikol Paşinyanın çıxışlarına qulaq asırsınız? Açıq mətnlə dedi ki, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan yaxınlaşmasına qarşı çıxış edənlər millətin düşmənləridir. Onu ittiham edirlər ki, Qarabağı Azərbaycana verib. Paşinyan da heyvanları, daşnakları başa salır ki, 7 rayonun qaytarılması məsələsini ondan qabaqkı dövlət başçıları müzakirə ediblər. Əgər Qarabağ Ermənistanın əbədi və əzəli torpaqlarıydısa, nəyin müzakirəsini aparırdılar? Paşinyan bundan artıq nə deməlidir?

- Hesab edirsiniz ki, Ermənistanın siyasi elitasında Paşinyana qarşı ciddi təzyiqlər var?

- Əlbəttə. Məsələnin kökündə hakimiyyət davası durur. Hakimiyyətə gəlmək üçün milli məsələlərdən istifadə edirlər. 91-92-ci illərdə bizdə də elə idi. Xalq Cəbhəsi 91-ci ildə general-leytenant Valeh Bərşadlını müdafiə naziri vəzifəsindən çıxaranda Qarabağı düşünürdü? General-mayor Tacəddin Mehdyev kimi peşəkarı vəzifəsindən çıxaranda İsgəndər Həmidov Qarabağı düşünürdü? Onun yerinə Tahir Əliyev, Rəhim Qazıyev kimi adamları gətirəndə Qarabağı düşünürdülər? Əsas məsələ hakimiyyətə gəlmək idi. Pənah Hüseyn Baş nazir, Elçibəy isə prezident olmaq istəyirdi. Onlar Qarabağı düşünmürdülər axı. İndi Ermənistanda Paşinyanı Azərbaycan və Türkiyəyə yaxınlaşmaqda ittiham edənlər milli maraqları düşünürlər? Xeyr. Məqsəd Paşinyanı gözdən və vəzifədən salıb, yerinə keçməkdir.

- Eyni zamanda Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilərdə ermənilərin təxribat törətdiklərinə dair məlumatlar yayılır. Bununla ermənilər nəyə nail olmaq istəyirlər?

- Qarabağdakı erməniləri idarə edən qüvvələr var. Bu, Rusiyadır. Dünyaya göstərmək istəyirlər ki, ermənilərlə-azərbaycanlılar barbardırlar, yola getmirlər. Guya ruslar olmasa, biz bir-birimizi qırarıq, vurarıq və s. Açıq deyək, Rusiya bölgədə sülhün olmasını istəmir. Bu gün Ukraynada müharibənin olması bunun sübutudur.

- Zərdüşt bəy, Avropada rusiyalı tələbələr ali məktəblərdən xaric edilir, hətta Dostoyevskinin kitablarına qadağa qoyulub. Ziyalı, sadə ruslara qarşı Avropada sərgilənən bu münasibət rusofob yanaşma deyilmi?

- Mən elə düşünmürəm. Düz edirlər. Biri gəlib sənin evinə girsə, ona qarşı necə davranarsan? Müstəqil ölkəyə hücum edir, doğum evini, uşaq baxçasını bombalayır və sonra da deyir ki, mən müharibə yox, xüsusi əməliyyat aparıram. Niyə aparırsan? Prezidenti və müdafiə naziri yəhudi olan dövlət faşizmdə ittiham edirlər. Buna inanmaq olar? Belə bir ölkə ilə əməkdaşlıq etmək olar? Ona görə də tələbələrini, artistlərini, parolimpiaçılarını ölkədən çıxarırlar. Deyir, istəmirik də, faşist dövlətsiz. Faşist Almaniyasına qarşı bütün dünya tədbir görəndə haqlı idi, ya haqsız? Haqlıydılar. İndi də Putin Rusiyası və Putini dəstəkləyənlərə qarşı cəza tədbiri görən ölkələr özlərini qorumağa çalışırlar. İndiki Rusiya, faşist Rusiyasıdır. Özünü bu cür aparan Rusiya və rus xalqının aqibəti heç də yaxşı olmayacaq.
Geri dön