Ana Sayfa > Müsahibə > “Onların bu günə qədər nə öldüsü, nə qaldısı bilinir, sanki yoxa çıxıblar” - VİDEO
“Onların bu günə qədər nə öldüsü, nə qaldısı bilinir, sanki yoxa çıxıblar” - VİDEO15-12-2021, 15:07. Yazar: admin |
Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin Qarabağa dair bəyanatı müxtəlif kontekstlərdə müzakirə edilməkdədir. Ş.Mişelin bəyanatında diqqətçəkən məqamlardan biri də Aİ-nin gündəliyinə ilk dəfə olaraq itkin düşmüş şəxslərlə bağlı məsələnin salınmasıdır. Yenisabah.az xatırladır ki, Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfdən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Avropa İttifaqının bu bəyanatından sonra həmin şəxslərlə bağlı yenidən araşdırmalara başlanıla bilərmi? İtkin düşmüş şəxslərin taleyinin Aİ tərəfindən gündəmə gətirilməsi hansı üstünlükləri vəd edir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu bildirib ki, itkin düşən vətəndaşların taleyi ilə bağlı bəyanat Azərbaycan üçün bir sıra üstünlüklər vəd edir: “Şarl Mişelin səsləndirdiyi bəyanat ikitərəfli görüşə dair yekun bəyanat idi. Həm də bu bəyanat görüşün hansı mövzular ətrafında keçirildiyi və hansı mövzular barədə razılığa gəlindiyi haqqında məlumat verir. Bəyanatın ən önəmli tərəflərindən biri odur ki, orada Azərbaycanda bəzi ekspertlərin gözlədiyinin əksinə, ATƏT-in Minsk qrupu ilə bağlı heç bir cümlə olmadı. Minsk qrupunu oyuna qaytarmaq təşəbbüsləri heç olmadı. Bu mövzu Azərbaycanın böyük üstünlüyüdür. Bəyanatda çoxsaylı fraqmentlər var, onlardan biri də itkin düşmüş şəxslərlə bağlı olan hissədir. Bu, olduqca mühüm fraqmentdir, çünki bu həm də Ermənistanın böyük bir cinayətinin ortaya çıxmasının və etiraf olunmasının səbəbidir. Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4 min Azərbaycan vətəndaşı haqqında heç bir məlumat yoxdur. Onların bu günə qədər nə öldüsü, nə qaldısı haqqında heç bir bilgi yoxdur, sanki yoxa çıxıblar”. Rauf Arifoğlunun sözlərinə görə, Ş.Mişelin sözügedən bəyanatı Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq məhkəməyə cəlb edilməsinə əsas yarada bilər: “Azərbaycan itkin düşmüş vətəndaşları üçün komitə belə yaradıb, illərdir həmin komitə onların taleləri ilə bağlı axtarışdadır. Bu həm də cinayətlərin araşdırılması imkanı yaradır. Bunu indi revanşist qismində çıxış edən Ermənistanın keçmiş rəhbərliyinin –Köçəryanın, Sarkisyanın BMT-nin HAAQA Beynəlxalq Məhkəməsinə cəlb olunmasına əsas yarada biləcək təsdiq kimi qiymətləndirmək lazımdır. Eyni zamanda, bu, sırf humanitar planda bizim vətəndaşlarımızın taleyini leqal olaraq axtarmağa və bu axtarış prosesinə Ermənistanın indiki rəhbərliyinin də qatılmasına şərait yaradır. Bu baxımdan sözügedən hissə bəyənatın ən dəyərli fraqmentlərindən biri hesab edilə bilər”. Geri dön |