Ana Sayfa > Müsahibə > “General Polad Həşimovun vurulmasına dair şübhələr gəlib bir ölkənin üzərində durur”
“General Polad Həşimovun vurulmasına dair şübhələr gəlib bir ölkənin üzərində durur”20-07-2020, 09:49. Yazar: admin |
Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlılarının hücumunun qarşısı alınsa da, ermənilərin hərbi cinayətlərinin ictimai müzakirəsi davam edir. Xüsusilə, hücum nəticəsində Azərbaycan Ordusunun perspektivli zabitlərinin düşmən hədəfinə tuş gəlməsi ətrafında müxtəlif iddialar irəli sürülür. Reyting.az-ın bu mövzu ətrafında suallarına Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli cavab verib. - Qabil bəy, Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təcavüzə cəhdinin qarşısı Azərbaycan Ordusunun qətiyyəti nəticəsində alınsa da, həmin döyüşlərdə şəhid olmuş general Polad Həşimovun necə vurulması ətrafında ictimai müzakirələr başlayıb. Sizcə, Ermənistan silahlıları tərəfindən generalın belə asanlıqla vurulması mümkün idimi? - Rəhmətlik generalımız, polkovnik və mayorumuz şərq korpusunun artilleriya üzrə rəhbər kadrları olublar. Onlar ordunun artilleriya qərargahı sayıla biləcək avtomobillə hərəkət edirlərmiş. Bu avtomobili raketlə vurublar. Hərbçilərimizin komanda qərargahı müəyyən hərbi sirlərin satılması və ya bu sirlərin əldə edilməsi hesabına vurulub. Eyni adamların eyni vaxtda həlak olmaları, üstəlik, həmin ərazilərdə raket qırıntılarının tapılması da göstərir ki, ermənilər artilleriya bölmələrimizə rəhbərlik edən general və komandasının hərəkət marşurutunun koordinatlarını biliblər. Mən hərbçi kimi deyil, sadəcə, oxuduqlarımı ümumiləşdirərək deyirəm. Ötən gün general Aydərmirov da bu mövzu ətrafında danışıb. Başqa mütəxəssislər isə deyib ki, generalımızın ölümü Çeçenistanın öldürülən lideri Dudayevin ölümünə bənzəyir. Dudayev də o zaman telefon danışıqları, rabitə əlaqələri və ya havadan peyk vasitəsilə əldə edilən iformasiyalar hesabına vurulmuşdur. Dəqiq bilməsəm də, ehtimal var ki, general Həşimovun qərargahı sayılacaq avtomobil zirehli olub. Avtomobilin yerləşdiyi nöqtə və ərazi dəqiqliklə müəyyənləşdirilib və nöqtə atışı ilə vurulub. - Əgər bu ehtimalı müzakirə ediriksə ortaya daha bir sual çıxır: erməni ordusu bu məlumatı necə əldə edə bilərdi? - Ermənilər bu koordinatları hansı yolla əldə edə bilərdilər? Diqqət etmək lazımdır ki, generalın qərargahı olan avtomobil hansı ölkədə istehsal edilib. Əgər Türkiyə istehsalıdırsa, burada hər hansı bir şübhəyə əsas yeri qalmaz. Yox, əgər Rusiya istehsalı olan avtomobildirsə, burada “jıçok” və ya dinləmə aparatı quraşdırıla, həmçinin hər hansı bir cihaz ola bilər ki, avtomobilin yerləşməsi, sürəti haqqında məlumat ötürür. Mən bu avtomobilin harada istehsal edildiyini deyə bilmərəm. Amma bu avtomobildən rabitə vasitəsilə danışıqları izləmək üçün ən ideal variant peyk rabitəsidir. Yəni peyk vasitəsilə izləyib hədəfi müəyyən etmək. Burada şübhənin haraya gedəcəyini də müəyyən etmək mümkündür. Yenə də şübhələrimiz gəlib bir ölkənin üzərində dayanır. Amma hərəkət edən artilleriya qərargahının koordinatlarını içəridən də müəyyən təxribatçı qüvvələr qıra bilər. Lakin bu, ən az ehtimal olunandır. Daha çox ehtimal olunan odur ki, hədəf qurudan və havadan cihazla müəyyənləşdirilib. Yəni hərəkət edən avtomobildə xüsusi cihaz ola bilər ki, onunla rabitə danışıqları dinlənilə, eləcə də avtomobilin hərəkət sürəti, yerləşdiyi nöqtə və bir dəqiqədən sonra harada olacağını dəqiq müəyyən etmək mümkün olar. Amma bunun da mütəxəssisi və operatoru olmalıdır. Əldə edilən informasiya bəlli mərkəzə ötürməlidir. Bu məlumat işlənməli və emal edildikdən sonra icraya verilməlidir. - Ermənilər bunu bacara bilərdimi? - Məntiqlə generalın avtomobili çox hündür dalğa sistemi ilə qorunurmuş. Radiodalğaların izlənməsi və tutulması bir qayda olaraq düz xətt prinsipi ilə həyata keçirilir. Bu düz xəttin qarşısında dağlar varsa, avtomobilin radiodalğalarını tutmaq çətinləşir, bəlkə də mümkünsüz olur. Əgər Ermənistan bunu edə bilsəydi, başqa yerlərdə də edərdi. Ermənistan təcrübəsində birinci dəfədir ki, belə bir şeyə rast gəlinir. Bu mənada Ermənistanın belə imkan və resurslara malik olması haqda dəqiq fikir söyləmək çətindir. Mənim şəxsi qənaətimcə, belə radiodalğaları tutaraq hərəkət edən hədəfin sürətini və yerləşmə yerini müəyyənləşdirərək, koordinatları təyin etməklə hədəfə zərbə endirmək çox böyük ustalıq tələb edir. Qənaətimcə, Ermənistanın belə imkanlara malik olması az ehtimal ediləndir. Hətta mən deyərdim ki, bu gücə malik deyillər. - Deməli, Ermənistana kimlərsə dəstək verib və ya belə operativ informasiya ilə təmin ediliblər... - Əslində Ermənistanla Rusiya arasında saziş var. Saziş müharibə zamanı əməliyyatların iki ölkənin komanda heyəti tərəfindən idarə edilməsini nəzərdə tutur. Səhv etmirəmsə müqavilə iki il əvvəl imzalanıb. Mümkündür ki, Tovuzdakı hərbi əməliyyatları da rus və erməni hərbi komanda heyəti idarə etsin. - Bunu mümkün sayırsınızmı? - Mən imzalanan müqaviləni diqqətinizə çatdırıram. Əgər qeyd etdiyim müqavilə varsa və işləkdirsə, bu halda müqavilədə olduğu kimi edilməlidir. Dəqiqdir ki, belə bir müqavilə imzalanıb. Müqavilə işləyirsə, belə olmalıdır. Həmin müqaviləyə görə, əməliyyatları erməni və rus komandanlıqları birgə idarə etməlidir. Geri dön |