Ana Sayfa > Müsahibə > COVID-19-a yoluxan şəxs: “Özümə sistem qoşurdum, tibb bacıları evə gəlməkdən qorxurdu”

COVID-19-a yoluxan şəxs: “Özümə sistem qoşurdum, tibb bacıları evə gəlməkdən qorxurdu”


4-07-2020, 12:08. Yazar: admin
COVID-19-a yoluxan şəxs: “Özümə sistem qoşurdum, tibb bacıları evə gəlməkdən qorxurdu”

Bir neçə ay əvvəl bir çoxları, o cümlədən sosial şəbəkə istifadəçiləri COVID-19 koronavirusunun olmasına şübhə ilə yanaşsalar da, bu gün skeptiklərin sayı azalır. Xəstəlik tibbi marketoloq Cəmilə Baydəmir də daxil olmaqla, bir çox həmvətənimizə təsir edib. Virus onun ailə üzvlərinə, o cümlədən yaşyarımlıq körpəsinə də rəhm etməyib.

C.Baydəmir koronavirusun reallığını və təhlükəsini mümkün olduğu qədər çox insanın bilməsi üçün öz hekayəsini Media.Az-a nəql etməyə razılaşıb.

- Hər şeyin necə başlamasından danışın.

- İyun ayının əvvəllərində həyat yoldaşımın temperaturu 37,5 dərəcəyə qalxdı. Ehtiyac olacağı halda özümüzü təcrid etmək üçün bunun koronavirus olub-olmadığını anlamağımız vacib idi. Dərhal təcili yardım çağırdıq və koronavirus üçün testlərdən keçdik. Üç gündən sonra nəticələrin mənfi olduğu barədə məlumat verdilər. Həyat yoldaşım özünü yaxşı hiss edirdi, bir neçə gündən sonra temperatur normala qayıtdı. Lakin ötən bazar ertəsi, iyunun 22-də onun temperaturu yenidən 37,7 dərəcəyə yüksəldi. İlk düşüncəmiz bunun hansısa iltihabi proses olması idi. Ancaq üçüncü gün yüksək temperatur hələ də qalırdı. Bu yaxınlarda bizdə qalan və onda da temperaturun qalxdığını söyləyən anam zəng vuranda, biz təcili şəkildə tanışımız olan infeksionistə müraciət etdik.

Müayinədən sonra həkim ərimin sağ ağciyərinin eşidilmədiyini bildirdi, anamın vəziyyəti isə daha yaxşı idi. Həkim onları ağciyərlərdə dəyişikliklərin olduğunu göstərən kompüter tomoqrafiyasına yönəltdi. Yüksək temperatur, döş qəfəsi və əzələlərdə ağrı, həmçinin KT-nin nəticələrini nəzərə alaraq, infeksionist anamda və ərimdə COVID-19 olduğunu söylədi. Maraqlıdır ki, onlarda burun axması, boğaz ağrısı, yəni adi soyuqdəymə və ya mövsümi qripə xas olan simptomlar yox idi.

Həkim müalicə təyin etdi - ərim, anam və uşağımla bağda özümüzü tamamilə təcrid etdik. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq, anamdan çox narahat idim. Beləliklə, anam və ərim antibiotik və vitaminlərlə müalicəyə başladılar. Müalicənin başlaması ilə temperaturu parasetamolla tənzimləmək mümkün oldu, bundan əvvəl kömək etməmişdi.



- Virus sizdən və körpənizdən də yan keçmədi?

- Bəli, bir neçə gündən sonra uşağın temperaturu 39 dərəcəyə qalxdı. Biz tanış pediatra zəng etdik. O, vəziyyətə çox diqqətlə yanaşdı, daim zəng edirdi və uşağın vəziyyəti ilə maraqlanırdı. Həkim bizi uşaqlarda heç bir fəsadların olmayacağına əmin edərək sakitləşdirdi, ancaq xəbərdarlıq etdi ki, digər simptomlar peyda olacağı halda mütləq həkimə getmək lazım olacaq. Körpənin temperaturu iki gün ərzində yüksək oldu, üçüncü gün isə artıq özünü yaxşı hiss edirdi. Daha sonra temperatur qalxmadı.

Tezliklə növbə mənə də çatdı. Temperaturum qalxanda anladım ki, prinsipcə başqa cür ola da bilməzdi – biz hamımız bir evin içində yaşayırıq. Qabları ayırmağa, ayrı otaqlarda qalmağa çalışsaq da, eyni hava ilə nəfəs alırıq. Anama və ərimə sistem, venadaxili iynələr vururdum. Çünki indi tibb bacıları evə gəlməyə razılaşmırlar, hamısı qorxur. Çətin vəziyyətdə tibbi biliklərim mənə çox kömək oldu.

Antibiotiklər istisna olmaqla, infeksionist ərimə və anama verdiyi eyni dərmanları qəbul etməyə başladım. İkinci gün boğulmağa başladım, güclü aritmiya var idi. Bunu gözləmirdim, xəstəliyi ailə üzvlərimdən daha yüngül keçirəcəyimə əmin idim. Çünki ərim çox siqaret çəkir, anam isə yaşlıdır və xroniki xəstəlikləri var. Lakin onlarda bu baş vermədi. Bəli, döş qəfəsində və kürəkdə ağrılar, qabırğalarda sıxılma hissi var idi, ancaq ağciyər çatışmazlığı ilə bağlı problemlər yox idi.

Biz dərhal ağciyərlərin kompüter tomoqrafiyasına getdik. Mən heç vaxt təşvişə qapılmayan, hər şeyə sakit və ayıq başla yanaşan biriyəm. Üstəlik, tibb sahəsində marketoloq olaraq çalışıram və çox vaxt həkimlərin əhatəsində oluram. Buna baxmayaraq, qorxdum. Boğulduğunu, sanki ürəyinin sıxıldığını hiss etməyə başlayanda bütün həyatın gözlərinin qarşısından keçir.

Ağciyərlərin müayinəsi “buzlu şüşə” sindromunun olduğunu göstərdi. Dərhal antibiotik qəbul etməyə başladım. Hələ də gəlib çıxmayan təcili yardımı çağırdıq... Düzdür, sonradan vəziyyətlə maraqlanmaq üçün zəng etdilər. Mənə sistem qoşulmalı idi. Tanış tibb bacılarına zəng etməyə başladıq. Təbii ki, heç kim gəlmədi. Mən gücümü topladım və özümə sistem qoşdum. Getdikcə vəziyyətim yaxşılaşdı...

Xəstəxanaya yerləşdirilmə düşüncələri məni bürüdü. Ancaq başa düşdüm ki, bu, ilk növbədə ağır xəstələr üçün lazımdır. Bu gün evdə müalicə almaqda davam edirəm. Temperatur vaxtaşırı yüksəlir, bəzən nəfəs almaq çətinləşir, boğazda ağrı, burunaxma var. Ancaq ən əsası təşviş keçib.

- Lazımı dərmanların apteklərdən tapılmasında problem olmadı ki?

- Problemlər vardı. Bizim hamımıza həkim virus əleyhinə vasitə olan “Tamiflu” yazdı, ancaq apteklərdə tapa bilmədik. Mən əczaçılıq firmasındakı tanışlarla əlaqə saxladım, onlar dərmanı əldə edə biləcəyimi söylədilər. Əgər əvvəllər dərmanın qiyməti 20 dollara yaxın idisə, hazırda 100 dollara çatır. Arbidolla da eyni vəziyyətdir. Adi hallarda onun qiyməti altı manatdır, indi isə onu 60 manata almaq olar. Sadəcə, sözüm yoxdur!

- Xəstələnməzdən əvvəl ailənizdə pandemiyaya necə yanaşırdınız?

- Tibb sahəsinə yaxın insan kimi anlayırdım ki, koronavirus nağıl deyil. İlk gündən bütün profilaktik tədbirləri görməyə çalışırdım. Yadımdadır, İtaliyadan xəbərləri necə izləyirdim, bütün bunların çox uzaqda olduğunu, bizim başımıza gəlməyəcəyini düşünürdüm. Özün bu vəziyyətə düşənə qədər problemə ciddi yanaşmırsan.
Geri dön