Ana Sayfa > Müsahibə > “Ramiz Mehdiyev münasibətləri o qədər düyünə salıb ki...” - MÜSAHİBƏ

“Ramiz Mehdiyev münasibətləri o qədər düyünə salıb ki...” - MÜSAHİBƏ


18-06-2020, 16:48. Yazar: admin
“Ramiz Mehdiyev münasibətləri o qədər düyünə salıb ki...” - MÜSAHİBƏ

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev barəsində tənqidi məqalə ilə çıxış edıb. Deputat AMEA prezidenti barədə kifayət sərt ittihamlar səsləndirib. Onu ölkədə gərginlik yaratmaqdan tutmuş, ən müxtəlif siyasi qüvvələri idarə etməyə qədər ən müxtəlif məsələlərdə ittiham edib.

Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq bu barədə siyasi şərhçi Azər Rəşidoğlu ilə söhbətləşib.

- Deputat Fəzail Ağamalı Ramiz Mehdiyevin tənqidinə həsr olunmuş məqalə yazıb. Onu islahatları sabotaj etməkdə, ölkədə süni gərginlik yaratmaqda ittiham edib. Sizcə, deputatın birdən-birə belə bir məqalə ilə çıxış etməsinin səbəbi nədir?

- Fəzail Ağamalı təcrübəli və kifayət qədər məlumatlı bir siyasətçidir. O, o qədər ehtiyatlı bir insandır ki, heç vaxt özfəaliyyətlə məşğul olmaz. Fəzail Ağamalı heç vaxt öz oyununu oynamayıb, ona həvalə edilən işi icra edib. Bu baxımdan, hörmətli Ağamalının sözlərini akademik Mehdiyevlə qarşıdurmada olan komandanın mesajı kimi qəbul etmək olar. Ramiz Mehdiyev Azərbaycan siyasətinin “xaç atası”dır. Uzun illər ölkədə siyasi münasibətlər sistemini məhz Ramiz Ənvəroğlu formalaşdırıb. Ağıllı, siyasəti dərinliklərinə qədər bilən bir simadır.

Bu baxımdan ölkədəki siyasi institutlara birbaşa nəzarət edib. Odur ki, bəzi müxalifət partiyaları və liderlərinin bəziləri onun təsirində olub. Bu, hər kəsə bəllidir.

Ramiz Mehdiyev barəsində o qədər əfsanələr dolaşıb ki, onu az qala əfsanəvi Rişelye və ya Taleyranla müqayisə edirlər. Taleyran öləndə “bu onun nəyinə lazım idi” sualı verirdilər. Ramiz Mehdiyev heç bir şübhəsiz güc sahibidir. Lakin özü o qədər siyasi münasibətləri düyünə salıb ki, onun gücü barədə məlumatlar mifləşdirilib. Bu baxımdan, Mehdiyevin islahatları sabotaj etdiyini demək, uğursuzluqlara bəhanə axtarmaq jestidir. Ramiz Ənvəroğlunun proseslərə təsiri var, amma Ağamalı dediyi miqyasda deyil.

- Bu məqaləni hakimiyyətdaxili ziddiyyətlərin təzahürü kimi qiymətləndirənlər də var. Siz bu barədə nə düşünürsüz?

- Heç şübhəsiz. Cənab Ağamalı ya rəqib komandanın sözlərini çatdırır, ya da həmin komandaya şirinlik edir. İstənilən halda, Ağamalı və Mehdiyev, Əli İnsanov – bunlar Azərbaycan siyasətinin keçmişidir.

- Amma Fəzail Ağamalı bildirir ki, bu "keçmiş" yeni gələcək qurmağa çalışır. Hətta ölkədəki prosesləri belə onun idarə etdiyini deyir...

- Cənab Ağamalıya yeni gələcək qurmaq yolunda uğurlar arzulayıram. Amma köhnələrin yeni gələcək qurmasına daha ehtiyac yoxdur. Qoy, yeni gələcəyi yenilər qursun. Bu sözlər elə sabiq nazir Cənab İnsanova da aiddir. O da yeni gələcək vəd edir.

Əli İnsanov bu yaxınlarda öz müsahibəsində Mehdiyevə jest etmişdi. O, “köhnə qvardiya”nı “ikinci hakim ailə”yə qarşı birləşməyə çağırdı. Bütün bu proseslər insanları siyasətdən iyrəndirir. Onların hər birinə dərin hörmətimi bildirməklə yanaşı, xahiş edirəm, bu cəmiyyətlə uğraşmayın. İndi eyni nəsil siyasətçilər yetişib, onları bu intriqalar boğaza yığıb. Bu sözlər elə müxalifətə də aiddir. Klan maraqlarına xidmət edən bütün köhnələrin “zoom ifşası” göstərdi ki, bizləri kiçik intriqantlar idarə etməyə çalışır. Bezdiricidir. Primitivdir.

- Yeri gəlmişkən, Fəzail Ağamalının iddiasına görə, müxalifəti də Ramiz Mehdiyev koordinasiya edir...

- Ola bilər müxalifətin bir hissəsini Mehdiyev koordinasiya etsin, digərlərini başqası idarə etsin. Bütün bunların artıq limiti bitib. Heç bir mənası qalmayıb. Yeni nəsil siyasətçilər üçün nə Mehdiyevin, nə Ağamalının dediyinin önəmi yoxdur. Ölkədə yeni paradiqma dəyişikliyi baş verir, bu dəyişiklik cənab Ağamalının siyasət anlayışını qəbul etməyəcək. Tam yeni siyasi münasibətlər formalaşır və bu müstəvidə köhnələrə yer olmayacaq.

- O zaman belə düşünmək olarmı ki, deputat hakimiyyətin uğursuzluqlarını sadəcə Mehdiyevin aktivinə yazmağa çalışır?

- Bəli, bu belədir. Ağamalı islahatları apara bilməyən bəzi yenilərin uğursuzluqlarını ört-basdır etmək istəyir. Hər halda bu məqaləni bir deputata yaraşdırmadım. Ümumiyyətlə, parlamentin tərkibi barədə heç nə demək istəmirəm. Bu qədər qeyri-peşəkar qanunverici orqan hələ formalaşmamışdı. Belə parlamentlə hansısa uğura imza atmaq imkansızdır.
Geri dön